Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Q.İbadoğlu: 'Sərt qaydalar xarici donorları qorxudur'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Azərbaycanda qrant verən xarici donorlarla bağlı vəziyyət acınacaqlıdır».

İqtisadi Araşdırmalar Mərkəzinin (İAM) rəhbəri Qubad İbadoğlu belə hesab edir.

Q.İbadoğlu «Turan» İnformasiya Agentliyinə deyib ki, sərt qaydalar xarici donorları qorxudur.

«İlk növbədə xarici donor Azərbaycanda qeydiyyatdan keçməlidir. Qaydalar sərtləşdikdən sonra Azərbaycan QHT-ləri ilə işləyən xarici donorların heç biri bizdə dövlət qeydiyyatından keçmək istəyində deyil», - Q.İbadoğlu vurğulayıb.

O qeyd edib ki, xarici qrantların olmaması fonunda QHT-lər üçün yeganə mənbə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır.

Buna da bax-Bəzi QHT-lərə qarşı cinayət işi ləğv edilib?

Dövlət Şurası ildə iki dəfə qrant verir. Hər dəfə 300-400 QHT öz layihələrinə görə qrant alır. Lakin çox sayda QHT var ki, müxtəlif səbəblərdən bunda iştirak etmir. Bəzi QHT-lərin dövlət qeydiyyatı yoxdur, bəziləri isə Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarışı almayıb, digərlərinin bank hesabları həbsdədir.

«Qeydiyyat baxımından problemi olmayan QHT-lərdən bəziləri prinsipial olaraq Dövlət Şurasına müraciət etmirlər, dövlətdən qrant almaqdan imtina edirlər. Çünki bu, qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə ziddir», - Q.İbadoğlu bildirib.

Son iki ildə QHT-lərə təzyiqlərə də toxunan İAM rəhbəri deyib ki, vəziyyət dəyişməyib. Onun bildirməsinə görə, mühakimə olunmuş QHT rəhbərlərinin bəziləri azad edilsə də, hesablarına həbslər, əsasən, götürülsə də, problemlər qalmaqdadır.

XS
SM
MD
LG