Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini


"Ümidlər". Şerif. Karikatura.
"Ümidlər". Şerif. Karikatura.

“Çox təəssüf ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə hələ də beşinci kolon kimi baxır. Bu fikirlər də dövlət başçısı səviyyəsində səsləndirilir. Bu yanaşma qaldıqca, biz hansı vətəndaş cəmiyyətinin yaxşılaşmasından, fəaliyyətinə yaradılan imkanlardan danışa bilərik?”

9 qeyri-hökumət təşkilatının (QHT) hesabından həbs götürülüb, 8 QHT-yə açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq əməliyyat işlərinə son qoyulub. “APA” informasiya agentliyinin xəbərinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev belə deyib.

Buna da bax:​ AŞPA-dan korrupsiya qətnaməsi

Azay Quliyev
Azay Quliyev

O, bir QHT haqqında başlanmış cinayət işinin dayandırıldığını da bildirib: “Eyni zamanda, onlarla QHT nümayəndəsinə sərhəd keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi həllini tapıb”.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Oqtay Güləliyev isə siyasi hakimiyyətin “ona yaxın, nəzarətində saxladığı” QHT-lərin problemlərini həll etdiyini deyir. Onun sözlərinə görə, hakimiyyətin bu günlərdə “yaxşılaşma” haqda səsləndirilən bəyanatları da təsadüfi deyil. Gələn həftə ölkəyə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətinin sədri Bakıya gəlir.

Oqtay Güləliyevin sözlərinə görə, təmsil etdiyi sektorun problemləri “dəyişməz olaraq” qalır:

Buna da bax: TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

Oqtay Güləliyev
Oqtay Güləliyev

– Azərbaycanda QHT-lərin durumu 2014-cü ildən pisləşməyə doğru gedir. Qanunvericiliyə edilən məhdudlaşdırmalar aradan qaldırılmayana qədər də hər hansı hüquqi və praktiki yaxşılaşmadan danışa bilmərik. QHT-lərin qeydiyyat məsələsi hələ də qalmaqdadır. Bəzi təşkilatlar qrant layihələri həyata keçirməsi ilə bağlı Ədliyyə Nazirliyindən bildiriş ala bilmirlər. Nazirlik konkret olaraq bizim Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasındakı 30-dan yuxarı QHT-ni qeydiyyata almaqdan imtina edib. Bəzi qeyri-hökumət təşkilatlarının ölkədən çıxışı ilə bağlı problem yenə də qalır. Məsələn, mənim ölkədən çıxışım qadağandır. Eyni zamanda, bir sıra QHT üzvləri həbsdədirlər.

– Azay Quliyevsə onlarla QHT təmsilçisinin ölkədən çıxışına məhdudiyyətin aradan qaldırıldığını bildirir.

– Hökumət o qeyri-hökumət təşkilatlarına yaşıl işıq yandırır ki, onlar hansısa formada hakimiyyətə yaxındır, hakimiyyətin nəzarəti altındadır. Müstəqil QHT-lərin problemləri isə qalmaqdadır. Ən böyük problem QHT-lərin donorlara çıxış probleminin həll edilməməsidir. Bu gün müstəqil QHT-lərin beynəlxalq təşkilatlardan maliyyə alaraq layihə gerçəkləşdirməsi mümkün deyil.

Buna da bax:​ Siyasi mühacirlər AŞPA qarşısında aksiya keçirib

– Ötən ilin sonunda prezident xarici donorların qrant vermə prosedurunun sadələşdirilməsi, vahid pəncərə sisteminin tətbiqi ilə bağlı sərəncam vermişdi. Azay Quliyev də deyib ki, bu sistemin tətbiqi sayəsində xarici donorlar Azərbaycanda fəaliyyətlərini “çox rahat şəkildə” quracaqlar.

– Prezident ötən il bununla bağlı sərəncam verdi, bunun nəticəsi olaraq da Nazirlər Kabineti bir neçə gün öncə qaydalar qəbul etdi. Amma bu qaydalar həyata keçməyəcək. Birincisi, qanunvericiliyə edilmiş məhdudiyyətlər aradan qaldırılmayıb. Digər tərəfdən, bir pəncərə sisteminin tətbiqi üçün xarici donor təşkilatların fəaliyyətinin tənzimlənməsinə dair qaydalar yalnız kosmetik xarakter daşıyır. Orda hər hansı ciddi dəyişiklikdən söhbət getmir. Bu dəyişikliklər baş vermədən yaxşılaşmadan, müstəqil QHT-lərin xarici donorlara çıxış əldə etməsindən, onların ölkədə layihələr reallaşdırılmasından danışmaq olmaz. Yəni problemlər olduğu kimi qalmaqdadır. Bir məlumatı da deyim. Gələn həftə, fevralın 1-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsün beynəlxalq idarə heyətinin sədri Bakıya gəlir. Hökumət səfər öncəsi bəzi qeyri-hökumət təşkilatlarının problemlərinin həllinə dair görüntü yaratmağa, imitasiyaya çalışır. Biz – Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq, bununla bağlı idarə heyətinin sədrinə müraciət də hazırlamışıq. Fevralın 1-də onun Bakıda görüşləri nəzərdə tutulub. O, həm dövlət başçısı, həm də qeyri-hökumət təşkilatlarıyla, o cümlədən bizim koalisiyanın şura üzvləriylə də görüşməlidir. Demək istədiyim odur ki, hökumətin indiki halda verdiyi açıqlamalar, anonslar bəzi məqsədlər güdür. Onlardan biri də Azərbaycanın üzvlük problemi olan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü rəsmisinin Azərbaycana səfəri ilə bağlıdır.

Buna da bax: QHT-lərdən AŞPA prezidentinə məktub

– QHT sektorunun canlanması üçün ilk növbədə hansı problemlərinizin həllini istəyirsiz?

– Ən ciddi problem qanunvericiliyə edilən məhdudlaşdırmaların aradan qaldırılmasıdır. İkincisi, hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti, baxışı dəyişməlidir. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə hələ də beşinci kolon kimi baxır. Bu fikirlər də dövlət başçısı səviyyəsində səsləndirilir. Bu yanaşma qaldıqca biz hansı vətəndaş cəmiyyətinin yaxşılaşmasından, fəaliyyətinə yaradılan imkanlardan danışa bilərik? Bu gün QHT-lərin maliyyə problemi var, ofis problemi var, biz normal tədbir keçirə bilmirik. QHT-lər layihə reallaşdıra bilmirsə, tədbir keçirə bilmirsə, biz hansı inkişafdan danışa bilərik?..

Buna da bax:​ ‘Qrant qanunvericiliyi sadələşdirilməlidir’

AzadlıqRadiosu səslənən fikirlərə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevdən münasibət almağa çalışsa da, bu mümkün olmayıb.

XS
SM
MD
LG