Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Qərb Rusiya nefti üçün yuxarı qiymət həddi qoymaq istəyir. Effekti olarmı


Arxiv fotosu
Arxiv fotosu

Kennedinin təklifinə görə, qərb ölkələri Rusiya neftini xüsusi qurum vasitəsilə, alıcıdan bazar qiymətini alsınlar, ancaq Rusiya şirkətinə yalnız istehsalının xərcini ödəsinlər, yəni barelə görə 20-25 dollar, pulun qalanı isə Ukraynanın bərpası fonduna yönəldilsin

Birləşmiş Ştatlar və Avropa Kremlin Ukraynadakı müharibəsinin maliyyəsini azaltmaq məqsədilə Rusiya nefti üçün qiymət həddi qoymağı müzakirə edirlər. AzadlıqRadiosunun müxbiri Tod Prinsin müsahibə aldığı ekspertlər isə bu addımın effektli olmayacağını deyirlər.

Qərbin sanksiyalarından dolayı indi Rusiya nefti qlobal bazarda 30 faiz endirimlə satılır. Neftin barelinin qiyməti isə 100-120 dollardır. Ancaq Putin hökuməti yenə də neftdən indi işğaldan öncəylə müqayisədə daha çox qazanır.

G7 sammitində müzakirə oluna bilər

ABŞ-ın Maliyyə naziri Canet Yellen iyunun 20-də deyib ki, Qərb ölkələri Rusiyanın neft gəlirlərini azaltmaqdan ötrü yeni strategiya üzərində işləyir.

Neft Rusiya federal büdcəsinin gəlirlərinin təxminən 30 faizini təşkil edir və maksimum qiymətin qoulması hökumətin Ukrayna müharibəsini maliyyələşdirmək gücünə ciddi təsir göstərə bilər.

ABŞ Prezident Co Bayden iyunun 26-28-də Almaniyada Böyük Yeddiliyin (G7) sammitində bu məsələni müzakirə edə bilər.

Bəzi təhlilçilər isə qiymətin yuxarı həddinə nəzarətin çətin olacağını deyirlər.

Sığorta

“Məncə, onlar saman çöpündən yapışırlar”, – Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji təhlilçisi Ed Çou deyir. Onun fikrincə, bu ideya kağız üzərində “yaxşı səslənir”, amma “praktikada effekti olmayacaq”.

Yellen deyib ki, Qərbin maksimum qiymət qoymasının bir yolu müəyyən qiymətdən yuxarı Rusiya nefti daşıyan gəmilər üçün sığortanı qadağan etməkdir.

Bu ayın əvvəlində Rusiya enerjisinin ən böyük istehlakçısı olan Avropa İttifaqı (Aİ) dekabradək Rusiya neftinin dənizlə idxalını azaltmaq planını təsdiqləyib. 2023-cü ilin fevralınadək Rusiyadan neft məhsullarının bu yolla idxalı azaldılmalıdır.

Ancaq Çinlə Hindistan Aİ-nin almadığı neftin böyük hissəsini qamarlayıblar.

Aİ və Britaniya öz şirkətlərinin Rusiya neftini daşıyan tankerləri sığortalamasını qadağan edib.

Alternativ siyasət

Harvard Universitetində Davis Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Kreyq Kennedi ilin əvvəlində Kremlin enerji gəlirlərini azaltmaq, eyni zamanda Ukraynanın bərpası üçün pul yığmaq üçün alternativ siyasət təklif edirdi.

Kennedinin təklifinə görə, qərb ölkələri Rusiya neftini xüsusi qurum vasitəsilə, alıcıdan bazar qiymətini alsınlar, ancaq Rusiya şirkətinə yalnız istehsalının xərcini ödəsinlər, yəni barelə görə 20-25 dollar, pulun qalanı isə Ukraynanın bərpası fonduna yönəldilsin.

Ekspert Kremlin Brüssellə sövdələşmədə zəif mövqedə olduğunu deyib, çünki Rusiyanın enerji infrastrukturu, dəmiryolları, kəmərləri və limanları əsasən Avropaya neft ixracına hesablanıb.

Rusiya fevralda Ukraynanı işğal edənədək Avropaya günə 4.5 milyon barelədək neft, yaxud neft məhsulu ixrac edirdi.

Kennedinin sözlərinə görə, bu zaman Kreml neftini əsasən Çinlə Hindistana satmalı olacaq, bu iki ölkənin neft idxalında 40 faizdən artıq paya sahiblənəcək.

Dilemma

Rusiya dilemma qarşısında qala bilər: ya Avropaya nefti təyin edilmiş qiymətə satmaq, ya da istehsalı azaldaraq qiymət yüksəlişinin Brüsselin müqavimətini qırmasını gözləmək.

Kennedi və Çou deyirlər ki, hasilatı uzun müddətə azaltmaq neft yataqlarına bərpaolunmaz ziyan vurar.

ABŞ Xəzinədarlığının keçmiş aparıcı müşaviri Brayan O’Tul deyir ki, maksimum qiymət həddi siyasəti əlavə qiymət artımına səbəb olar. Onun sözlərinə görə, bazarlara müdaxilə “hadisələri gözlənilməyən istiqamətdə apara, mənfi yanaşı fəsadlar yarada bilər”.

Çou isə Qərbin Rusiya nefti üçün tarif müəyyənləşdirməsini təklif edir. Məsələn, 50 dollarlıq tarif Kremlin hazırda barel üçün əldə etdiyi qiyməti 50-70 dollara salar. Neftin indiki bazar qiyməti isə 100-120 dollardır.

“Tarifləri necə qüvvədə saxlamağı bilirik, çünki bunu minlərlə məhsula tətbiq edirik”, – o söyləyib.

XS
SM
MD
LG