Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:31

«Dağlıq Qarabağda bütün oyunçular yol axtarır»


Siyasi analitik Fikrət Sadiqov
Siyasi analitik Fikrət Sadiqov

-

Dağlıq Qarabağ ətrafında baş verənlər, tərəflərin bir-birini ittiham edən bəyanatları və aprel döyüşləri cəmiyyətdə müharibənin qızışacağı narahatlığını artırsa da, politoloq Fikrət Sadıqov belə düşünmür. O, AzadlıqRadiosu-na müsahibəsində hazırda baş verənləri «bütün oyunçuların yol axtarışı» kimi dəyərləndirir:

– Əslində, neçə ildir təmas xəttində atışmalar baş verirdi. Elə danışıqlar prosesi gedəndə də atəşkəs pozulurdu. Ona görə indi təmas xəttindəki proseslərdə təəccüblü bir şey yoxdur. Ancaq, görünür, Ermənistan tərəfi aprelin əvvəlindəki məğlubiyyətdən sonra kiməsə nəyisə sübut etməyə çalışır. Ola bilsin, Ermənistan cəmiyyətindəki narazı dairələrə nəyəsə qadir olduqlarını göstərmək istəyirlər. Bəlkə də hərbi güclərini, hələ torpaqları işğal altında saxlamaq imkanlarının olduğunu göstərmək istəyirlər.

– Bir neçə gün əvvəl Ermənistan prezidenti S. Sarkisian ölkəsinin danışıqlardan çıxdığını bildirmişdi. Daha sonra isə Azərbaycanın Xarici işlər naziri qarşı tərəfə «müharibə istəyirsiniz?» sualını verdi.

– İndi Yerevanda ziddiyyətli bəyanatlar eşidilir. O cümlədən, danışıqlardan çıxmaq təklif olunur. Ancaq Sarkisian-ın bəyanatından sonra Ermənistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi dedi ki, «yox, bu, heç də o demək deyil». Ermənistanın danışıqlar prosesindən çıxacağını düşünmürəm. Çünki bu prosesə məhkumdurlar. Arxalarında dayanan qüvvələr – iri dövlətlər onların danışıqlar prosesi formatından çıxmalarına heç vaxt imkan verməzlər. Çünki bu, aparıcı dövlətlərin maraqlarına cavab verən bir prosesdir. Uzunmüddətli danışıqlar, bəlkə də reallığa uyğun olmayan müxtəlif təkliflər, bundan sonrakı müxtəlif səviyyəli görüşlər aparıcı oyunçuları qane edən bir prosesdir. Düşünürəm ki, bütün bunların arxasında dayananlar Yerevana danışıqlar prosesindən çıxmağa imkan verməyəcəklər. Çox istəyərdim ki, onlar tək bu istiqamətdə işləməsinlər. Heç olmasa, Ermənistana azacıq təzyiq də etsinlər, onlara aid olmayan torpaqlardan çıxmaq prosesini başlatsınlar. Amma, təəssüf ki, bu baş vermir.

– İndi Rusiyanın fəallığından çox danışılır, əraziyə öz sülhməramlılarını yerləşdirəcəyi proqnozları verilir.

– Rusiya bu regionun, demək olar ki, aparıcı oyunçusudur. Bunu hətta digər Qərb ölkələri də etiraf edir. Digər tərəfdən də, Rusiya heç bunu gizlətmir də. Rusiya Ermənistanın yaxın hərbi və siyasi müttəfiqidir. Aydın məsələdir ki, belə bir vəziyyətdə Moskva özünü qabağa verərək bu məsələnin həlli yolunda addımlar atmağa başlayıb. Baş nazir Dmitriy Medvedev, Xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Lavrov Yerevana getdi, müxtəlif danışıqlar oldu. Bir məsələyə təəccüb edirəm. Dağlıq Qarabağ, bəlkə də, dünyada yeganə bir münaqişədir ki, aparıcı dövlətlərin bir sıra məsələlərdə ciddi ziddiyyətlərinə baxmayaraq, bu problemdə mövqeləri üst-üstə düşür. ABŞ, Fransa, Rusiya, demək olar ki, eyni mövqedən çıxış edirlər. Əgər Ukrayna ilə müqayisə etsək, burada vəziyyət tamamilə başqadır. Əgər orda deyirlərsə ki, «gedin, ərazi bütövlüyünüzü bərpa edin», burda deyirlər ki, «gedin, danışıqlar aparın». Danışıqlar da artıq 20 ildir gedir. Pərdəarxasında Azərbaycanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasını istəyirlər. Azərbaycan da heç vaxt bunu etməyəcək. Aprel hadisələri də bunun sübutudur.

AzadlıqRadiosu - A-Live Programında izləyin:

– İndi daha çox haqqında danışılan sülhməramlıların tərkibi necə olmalıdır?

– 90-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda və danışıqlar prosesi başlananda belə bir nəticəyə gəlinmişdi ki, aparıcı dövlətlərin – yəni, Rusiya, ABŞ, Fransanın qoşunları bu regionda olmamalıdır. Əgər söhbət sülhməramlılardan gedirsə, üçüncü dövlətin sülhməramlıları BMT, ya da ATƏT-in bayrağı altında yerləşdirilməlidir. Məncə, Azərbaycan burada Rusiya qoşunlarının yerləşdirilməsinə razılıq verməyəcək. Buna hər iki tərəfin razılığı olmalıdır. Bir tərəfin razılığı olmadan heç bir sülhməramlı burada yerləşdirilə bilməz. Ona görə buna inanmıram. Əlbəttə, Moskva bunu çox istəyərdi.

– 5 rayonun qaytarılması qarşılığında Azərbaycanın Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasından ötrü təzyiqin də göstərildiyi söylənir.

– Düşünmürəm ki, 5 rayon əvəzinə hansısa təşkilata daxil olmalıyıq. Üzv olmamağımız Dağlıq Qarabağla bağlı deyil. Masa üzərində müxtəlif təkliflər ola bilər. Müəyyən şərtlər də ola bilər, tələblər də. Amma bu, heç də o demək deyil ki, buna əməl etməliyik. «Sən hansısa təşkilata üzv ol, mən rayonları boşaldım» şərtini qoymaq diplomatiya anlayışından çox uzaq məsələdir. Düzdür, geosiyasət anlayışı da var. Əgər söhbət Rusiyanın təzyiqindən gedirsə, onsuz da Azərbaycanın Moskva ilə münasibətləri yetərincə normaldır. Azərbaycanın Avrasiya İttifaqına, Rusiyanın başçılıq etdiyi digər təşkilata üzvlüyünə ehtiyac yoxdur. Onlar da hesab etmirlər ki, bunun müqabilində hansısa bir təşkilata üzv olmalıyıq. Söhbət başqa şərtlərdən gedir. Ermənistanın blokadadan çıxması, sərhədlərin açılmasından gedir. Hazırda əsas bu məsələ aktualdır.

– Bundan sonra nə gözlənilir – danışıqlar, yoxsa döyüşlər?

– Hazırkı vəziyyət yetərincə mürəkkəbdir. Bu, bir sıra oyunçuların maraqları olan geosiyasi bir qovşaqdır. Əvvəla, bu aprel hadisələri ilə Azərbaycan Ermənistana nümayiş etdirdi ki, əbədi olaraq torpaqların işğalı ilə barışmayacaq. Azərbaycanda kifayət qədər güc də, hərbi potensial da, siyasi iradə də var. İkincisi, artıq Ermənistanın özündə hakimiyyət əleyhinə çıxışlar baş verir. Nəhayət, düşünürəm ki, Minsk qrupunun bundan sonra müəyyən fəallığı görünə bilər. Amma problemin yaxın perspektivdə həll olunacağını düşünmürəm. Çünki gündəmdə çox ziddiyyətli və mürəkkəb məsələlər var. Bu yaxınlarda genişmiqyaslı müharibə baş verəcəyini sanmıram. Toqquşmalar olacaq. Hansısa rayonlarda daha ciddi toqquşmalar da ola bilər. Amma hələlik genişmiqyaslı müharibə gözlənilmir. Çünki Ermənistanın havadarları çox narahatdırlar. İndi bütün oyunçular, o cümlədən, Yerevan da hansısa yol axtarışındadırlar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG