Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:39

'İstər 700, istər 250 balla tələbənin bu keyfiyyətsiz təhsildə yetişəcəyini düşünmürəm'


Qarabağ Universiteti
Qarabağ Universiteti

2024-cü ilin sentyabrında Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Artıq bu universitetin qəbul planı təsdiqlənib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, orada min 200 tələbə təhsil alacaq.

Fevralda prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

2024/2025-ci tədris ilində Qarabağ Universitetində altı fakültə (Pedaqoji, İqtisadiyyat, Humanitar və sosial elmlər, Mühəndislik, İncəsənət, Turizm) üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.

"Təhsil ödənişsiz olacaq, yataqxana..."

Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, Qarabağ Universitetində təhsil alan tələbələr üçün infrastruktur qurulur, yaxın aylarda yataqxana, tədris binası və onun ətrafı ilə bağlı bütün işlər bitəcək.

Vurğulanıb ki, universitetdə təhsil ödənişsiz olacaq. Azərbaycan ali məktəblərindəki yerlərin hazırda 50 faizindən çoxu ödənişlidir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, Qarabağ universitetində, əsasən, prestijli ixtisasların tədrisinə üstünlük veriləcək və ixtisasların sayı ildən-ilə artırılacaq: "Yataqxanalar həm tələbələr, həm də müəllimlər üçün tamamilə pulsuz olacaq".

"Birinci keyfiyyət məsələsidir"

Təhsil məsələləri üzrə ekspert Fərid İmanov da AzadlıqRadiosuna deyib ki, yeni açılacaq Qarabağ Universitetində tələbələr müasir və daha perspektivli ixtisaslar üzrə təhsil almalıdır: "Məsələn, süni intellekt, kompüter elmləri kimi ixtisaslar mütləq olmalıdır. Bu ixtisaslar üzrə iş tapmaq daha asandır".

Ekspertin fikrincə, ixtisaslarla yanaşı, təhsilin keyfiyyəti çox vacibdir: "Universitetin birinci növbədə üzərində işləməli olduğu keyfiyyət məsələsidir. Tələbatı çox olan ixtisaslar Bakı və regional universitetlərində də var, amma universitetdə keyfiyyət yoxdursa, həmin o ixtisasların da önəmi yoxdur. Keyfiyyətli təhsil ala bilməyən tələbələrin də iş tapacaqlarını düşünmürəm".

F.İmanov hesab edir ki, Qarabağ Universitetinin fəaliyyətə başlaması ümumi keçid ballarına da təsir göstərə bilər: "Amma çox ciddi bir təsir göstərəcəyini düşünmürəm. Heç bu təsirin önəminin olacağını düşünmürəm, çünki burada da əsas məsələ keyfiyyət məsələsidir. İstər 700, istər 250 bal toplayan tələbənin bu keyfiyyətsiz təhsildə yetişə biləcəyini düşünmürəm".

Tələbələr üçün hansı iş yerləri var? - Ofisiant işləyən tələbə danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Üstəlik, Qarabağda məskunlaşma ilə bağlı problemlər tam həllini tapmayıb. Ona görə də bəzi ekspertlər düşünür ki, hökumətin Qarabağ Universitetinin fəaliyyətinə hazır olub-olmaması, hələlik, suallar doğurur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Ötənilki birgünlük hərbi əməliyyatı Bakı "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Azərbaycan hökuməti son illər işğaldan azad edilən ərazilərdə tədricən məskunlaşma ilə bağlı tədbirlər görür.

Azərbaycanda Qarabağ Universiteti yaradılması ilə bağlı sərəncamı prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də imzalayıb. Dünən, mayın 20-də isə prezident Şahin Bayramovu universitetin rektoru təyin edib. Bundan əvvəl o, Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

XS
SM
MD
LG