Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Pulu olanlar işğaldan azad edilən ərazilərdə torpaq icarəyə götürəcək


Qarabağda əkin. (Foto arxiv)
Qarabağda əkin. (Foto arxiv)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə verilə bilər. Bu, "Torpaq icarəsi haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Aqrar siyasəti komitəsinin oktyabrın 14-də keçirilən iclasında müzakirə edilib.

Bundan başqa, layihəyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin məskunlaşdığı kənd və qəsəbələrə yaxın aqrar təyinatlı torpaqlar da sakinlərə güzəştli şərtlərlə icarəyə veriləcək.

Azərbaycanda 1996-cı ildə torpaq islahatı aparılıb. Torpaqlar sakinlər arasında bölüşdürülüb. Amma Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu bu prosesdən kənara qalıb. (Azərbaycan Ermənistanla müharibəyə görə həmin ərazilərə nəzarətini itirmişdi. 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyatlar nəticəsində həmin ərazilərə nəzarət bərpa edilib).

Qanundan əvvəl fərman...

Hələ 2021-ci ilin aprelində prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmanla Kənd Təsərrüfatı Nazirliyi torpaqları icarəyə vermək səlahiyyəti də əldə edirdi.

İlham Əliyev
İlham Əliyev

2023-cü ilin sonunda işğaldan azad olunan ərazilərdə 128 min hektar kənd təsərrüfatına yararlı torpaqların müəyyən edildiyi açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin məlumatına görə, 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 470.4 hektar torpağın icarəyə götürülməsi ilə bağlı altı müraciətə müsbət cavab verilib. Ümumilikdə isə 2 min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib. Lakin həmin ərazilərdə hələ də torpaq islahatı aparılmayıb.

Torpaq islahatı 2026-dan sonraya qalıb

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ötən il mətbuata bildirmişdi ki, torpaq islahatı ilə bağlı xüsusi işçi qrup yaradılıb: ""Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əsas tapşırıqlardan biri də 2026-cı ilin sonuna qədər işçi qrup tərəfindən torpaq islahatı ilə bağlı təklif hazırlanıb təqdim olunmasıdır. Bundan sonra isə torpaq islahatından danışmaq olar. Hazırda isə ən vacib məsələlərdən biri azad olunan torpaqların minalardan təmizlənməsidir".

Tahir Rzayev
Tahir Rzayev

"İnvestisiya yatırmaq imkanları olan adamlar..."

Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev "Turan"a bildirib ki, məskunlaşma tam başa çatmadan torpaq bölgüsünü aparmaq qeyri-mümkündür: "Əhali orada məskunlaşmalıdır, torpaqların kateqoriyaları müəyyən edilməlidir. Ondan sonra əhalinin sayına, torpaqların həcminə görə bu islahatlara getmək lazımdır".

T.Rzayevin sözlərinə görə, baxmayaraq ki, torpaq islahatı, hələlik, aparılmayıb, yay aylarında fermerlər yaylaqlara çıxır, digər təsərrüfat işləri görülür.

Deputatın vurğulamasına görə, son iki ildə orada 100 min hektara yaxın ərazi əkin dövriyyəsi olan torpaqlara daxil edilib: "Orada taxıl, arpa əkilir, bostan məhsulları yetişdirilir. Gələcəkdə həmin torpaqlarda islahatlar aparılacaq".

Komitə sədri düşünür ki, işğaldan azad edilmiş ərazilərdə aqrar təyinatlı torpaqların icarəyə verilməsi ilə bağlı qanun dəyişikliyi çox əhəmiyyətlidir: "Dövlət mülkiyyətində olan torpaqların istifadəsi, bölüşdürülməsi və digər tədbirlərin görülməsi nəzərdə tutulur. İnvestisiya yatırmaq imkanları olan adamlar müsabiqə yolu ilə həmin torpaqları icarəyə götürmək hüququna malik olacaqlar".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Artıq torpaqlara sahib çıxıblar"

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun isə AzadlıqRadiosuna söyləməsinə görə, o bölgədə torpaqlar artıq, demək olar, məmurların əlindədir: "Yəni, artıq torpaqlara sahib çıxıblar. İndi harada ki, əkib-becərə bilmirlər, kənd təsərrüfatına yararlı olsa da, bir o qədər də məhsuldar olmayan torpaqlar icarəyə veriləcək".

Ekspertin sözlərinə görə, məmurlar orada dövlət büdcəsi hesabına vəsaitlər əldə edirlər: "Amma istehsalda o qədər də artım yoxdur. İşğaldan azad olunmuş ərazilərdə əkin-səpin aparılsa da, ölkə üzrə heç bir sahədə irəliləyiş yoxdur. Əksinə, biz geriləmə görürük".

V.Məhərrəmov deyir ki, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 600 min hektar civarındadır: "İsrail 400 min hektar kənd təsərrüfata yararlı sahə ilə ölkənin 95 faizini ərzaqla təmin edir. Amma biz irəliləyiş görmürük".

Onun fikrincə, sözügedən torpaqlardan o zaman səmərəli istifadə etmək mümkün olacaq ki, ora kəndlilər köçürülsün.

XS
SM
MD
LG