Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

'Putin getmə məcburiyyətində qalanda Əliyev siyasətini dəyişəcək'


Soçidə İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüş. 31 oktyabr 2022
Soçidə İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüş. 31 oktyabr 2022

Bugünlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağda Rusiya sülhməramlılarının mandatının uzadılmasının vacibliyindən danışıb. Amma spiker alternativ formatlar barədə də düşünməyi nəzərdən keçirdiklərini bildirib.

"Ancaq ola bilsin ki, biz Artsaxda (Qarabağda) nəzarətin təkcə Rusiya sülhməramlıları tərəfindən deyil, digər beynəlxalq formatlar vasitəsilə həyata keçirilməsi variantını nəzərdən keçirməliyik", –Simonyan vurğulayıb.

A.Nağıyev
A.Nağıyev

Deputat: "Alternativ variantdan söhbət gedə bilməz"

Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev A.Simonyanın söylədiklərini AzadlıqRadiosuna şərh edərkən vurğulayıb ki, hansısa alternativ variantdan söhbət gedə bilməz: "10 noyabr 2020-ci il bəyanatı var və buna uyğun olaraq, Rusiya sülhməramlıları bölgədədir. Həm də sülhməramlı qüvvələr Qarabağ ermənilərini qorumaq üçün ora gəlməyib, onlar münaqişə edən tərəflərin arasında dayanmaq üçün gəlib".

Deputatın sözlərinə görə, Yerevan Avropa Birliyinin missiyasının sərhəddə monitorinqinin davam edəcəyini düşünürdü, amma əksinə oldu: "İkincisi, separatçı Araik Arutunyanın (Qarabağda tanınmayan qurumun lideri) da Paris səfəri ciddi nəticələrlə bitmədi. Bütün bunları götürdükdə Ermənistanın məqsədi Rusiyadan uzaqlaşmaqdır. Çünki son hadisələr zamanı sülhməramlıların azərbaycanlılara qarşı ciddi addımlar atacaqlarını hesab edirdilər. Lakin sülhməramlıların rəhbərliyi Azərbaycan ərazisində olduqlarını başa düşür".

"Fransa ciddi şəkildə çalışır ki…"

A.Nağıyev deyir ki, ermənilər həmişə alternativ variantlardan istifadə etməyə çalışıblar və bunu gizlətməyiblər: "Simonyanın bəyanatının məğzinin haradan istiqamət götürdüyü bəllidir. Fransa ciddi şəkildə çalışır ki, hansısa qüvvələrdən istifadə edib regiona yenidən qayıtsın".

"…Rus sülhməramlılarının regiona gəlməsi müharibədən əvvəl razılaşdırılmışdı"

Politoloq Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, Prezident İlham Əliyev 44 günlük müharibə başa çatmamış məhz Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşməsinə razılıq verib: "İndi bir çoxları deyir ki, İlham Əliyev ölkəni bir çox problemlərlə qarşılaşdırmamaq üçün buna razı oldu, elə deyil. Böyük ehtimalla rus sülhməramlılarının regiona gəlməsi müharibədən əvvəl razılaşdırılmışdı. Belə olanda Əliyev başqa ölkənin sülhməramlı kontingentinin əraziyə gəlməsinə razı olarmı, xeyr".

A.Qasımlı
A.Qasımlı

Politoloqun fikrincə, Ermənistan bir neçə gün öncə Laçın dəhlizini Bakının bağlamadığnı yaxşı bilir: "Sadəcə Putin son hadisələrlə Paşinyan hökumətinə təzyiq göstərir, necə ki, əvvəllər də oxşar təzyiqlər olub".

A.Qasımlı hesab edir ki, Putin hakimiyyətdən getmə məcburiyyətində qalanda Əliyev siyasətini dəyişəcək: "Yəni, Qərblə daha da yaxınlaşma olacaq və o zaman yeni variantlar yarana bilər".

O deyir ki, əgər gələcəkdə hansısa sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi gündəmə gələrsə, Skandinaviya ölkələrinə üstünlük verilməlidir: "Çünki onların bölgədə heç bir maraqları yoxdur, neytraldırlar. İkincisi, gələcək sülhməramlı missiyada rusların gətirdiyi ağır silahlardan olmamalıdır. Üçüncüsü, bu missiya müvəqqəti xarakter daşımalıdır, konkret dönəm olmalıdır. Dördüncüsü, "yol xəritəsi" hazırlanmalıdır ki, kontingent gəlib gedənə qədər bölgənin Azərbaycana inteqrasiyası hansı mərhələlərdən keçəcək. Yeri gəlmişkən, ABŞ-nın sabiq prezidenti Tramp demişdi ki, Qarabağda Skandinav ölkələrinin sülhməramlı kontingenti yerləşdirilsə, məqsədəuyğun olar".

Yolun bağlanması

Dekabrın 12-i səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yoluna toplaşıblar. Qarabağda Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini söyləyən şəxslər aksiyalarını hələ də növbəliklə davam etdirməkdədirlər. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş də tələb edirlər. Rusiya sülhməramlılarının komandanlığı, hələlik, onlarla görüşməyib.

Qarabağ separatçılarının "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyan isə dekabrın 14-də AzadlıqRadiosunun erməni xidməti – Azatutyun-a söyləyib ki, "bu, ekoloji yox, siyasi məsələdir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG