Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Brüssel danışıqları nəticə verdimi. 'Bu rəqabəti başa düşmək olar'


Aİ Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə görüşür. 15 iyul 2023
Aİ Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə görüşür. 15 iyul 2023

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutdu.

Görüşün nəticəsini şərh edən Mişel gündəlikdəki bütün məsələlərin müzakirə olunduğunu bildirib, görüşü "səmimi, dürüst və məzmunlu" adlandırıb.

Görüş ərəfəsində isə Rusiya Xarici İşlər Nazirliyi bəyanatında Azərbaycanı təkidlə Laçın dəhlizini açmağa çağırıb və Azərbaycanın ərazi bütövlüyünə şübhə salan ifadələrdən də istifadə edib. Digər tərəfdən, rəsmi Moskva Azərbaycanı və Ermənistanı sülh müqaviləsini imzalamaq üçün Rusiyaya dəvət etdi.

Bəyanatda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb: "Rusiya hökuməti bu qərara hörmət etsə də, bu tanınma 2020-ci il 9 noyabr atəşkəs bəyanatının şərtlərini və bölgədə yerləşən Rusiya sülhməramlı kontingentinin statusunu əsaslı şəkildə dəyişdirir".

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. 9 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Öz növbəsində Azərbaycan XİN Rusiya həmkarlarının bəyanatının anlaşılmazlıq və məyusluq doğurduğunu qeyd etdi.

H.Babaoğlu
H.Babaoğlu

Deputat danışıqlarda detalların müzakirə olunduğunu deyir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ilə bağlı sonuncu Brüssel görüşlərindən sonra yeni mərhələyə qədəm qoyuldu. Deputat danışıqlarda artıq detalların müzakirə olunduğunu, bunun verdiyi nəticənin isə əsrlər boyu regionda maraqları olan Rusiyanı qıcıqlandığını qeyd edir. Babaoğlunun fikrincə, danışıqların bu qədər uzanması və sülhün əldə olunmamasının bir səbəbkarı da üçtərəfli bəyanatına imza atan Rusiya Federasiyasıdır. Belə ki, sülhə ən böyük maneə kimi bəyanatın 9-cu – kommunikasiyaların açılması, 4-cü – Azərbaycan ərazisindən erməni qanunsuz silahlı birləşmələrin çıxarılması və 7-ci – məcburi köçkünlərin Xocalıya, Xankəndiyə qayıtması maddələri yerinə yetirilmir. Belə olan halda, deputatın sözlərinə görə, hazırkı danışıqlarda irəliləyiş Moskvanı da sevindirməlidir, çünki o, üçtərəfli bəyanata imza atıb: "Sevindirmirsə, belə çıxır ki, o sülhün əldə olunmasını yalnız öz şərtləri altında istəyirdi. Onun indiki aqressiyası başadüşülən deyil. Əgər Moskva tərəfindən Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanımasına qarşı mövqe qoyulursa, belə çıxır ki, keçən ilin fevralın 22-də biz müttəfiqlik haqqında Moskvada imzaladığımız sazişə də Rusiya etinasız yanaşır".

Babaoğlu qeyd edib ki, məsələyə Rusiya-Azərbaycan-Ermənistan üçbucağı prizmasından baxılsa, müsbət nəticə əldə oluna bilməz: "Ermənistan Azərbaycan arasında sülhün hansı şərtlərlə əldə olunması məsələsi geostrateji marağa çevrilib. Bu da 21-ci əsrdə yeni dünya nizamında öz mövqelərini dəqiqləşdirən güc mərkəzlərinin, o cümlədən Rusiya, ABŞ və Avropa Birliyinin arasında regionda bir növ rəqabətini yaradır".

Deputatın sözlərinə görə, iki il yarımlıq danışıqlar prosesində məlum olub ki, Azərbaycanın mövqelərini ABŞ və Avropa Birliyi daha çox dəstəkləyir. Ona görə bu rəqabəti başa düşmək olar, amma bunu qarşıdurmaya çevirmək olmaz.

"Faktiki status məsələsi müzakirə olunur"

Siyasi şərhçi Vaqif Hacıbəyli isə AzadlıqRadiosuna bildirib ki, Prezident İlham Əliyev və ətrafı, o cümlədən rəsmi media Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu iddia edir. Həqiqətdə isə Qarabağın üçdə ikisi hələ də işğal altındadır: "İlham Əliyev deyirdi ki, Qarabağın statusu məsələsi "gorbagor" olub. Olubmu? Xeyr, olmayıb. Bu gün məzmunu hələlik xalqdan gizli saxlanan danışıqlarda Qarabağ ermənilərinin təhlükəsizliyi adı ilə faktiki status məsələsi müzakirə olunur. Biz toplum olaraq bu vəziyyətlə barışırıqsa, deməli, onda iqtidarla birlikdə cəmiyyət də bütövlükdə başını quma soxan dəvəquşu durumundadır".

V.Hacıbəyli
V.Hacıbəyli

Politoloqun fikrincə, ilk öncə Xocavənd və Ağdərədə silahlı erməni birləşmələri tərksilah edilməlidir. Hərbi tədbirlərlə paralel siyasi - diplomatik addımlar atılmalıdır. Status məsələsində Azərbaycan birtərəfli qaydada üzərinə heç bir öhdəlik götürməməlidir: "Azərbaycan erməni millətindən olan şəxslərə istənilən statusu verməyə hazır olmalıdır və bunu da daim açıq şəkildə bəyan etməlidir. Bir şərtlə: Qərbi azərbaycanlılara Ermənistanda hansı status veriləcəksə, biz də ermənilərə Azərbaycanda simmetrik qaydada eyni statusu verə bilərik".

Azərbaycan hakimiyyəti müasir Ermənistanın ərazisini "Qərbi Azərbaycan" adlandırır, azərbaycanlıların bu ərazidən sonuncusu 1988-ci il olmaqla, üç dəfə deportasiya edildiyini bildirir. Rəsmilər azərbaycanlıların həmin ərazilərə qayıtmasını onların təbii haqqı sayır. Ermənistan isə Azərbaycanı əsassız ərazi və tarixi iddialar irəli sürməkdə ittiham edir.

XS
SM
MD
LG