Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:40

Pənah Hüseyndən cavab: '...Tamamilə böhtandır'


P.Hüseyn
P.Hüseyn

«Tamamilə həqiqətəuyğun olmayan, ağ yalan və böhtandır».

Bunu 1992-93-cü illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinin əvvəlcə dövlət katibi, daha sonra baş naziri olmuş Pənah Hüseyn dövlət başçısı İlham Əliyevin dünən, noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı çıxışında Ləl-Cavahirat Fondunun onların dönəmində talan edilməsi ilə bağlı iddialarına cavab olaraq deyib.

P.Hüseyn xatırladıb ki, Milli Ləl-Cavahirat Fondu 1992-ci ilin iyulunda Prezident Əbülfəz Elçibəyin fərmanı ilə yaradılıb.

«1993-cü ilin iyununda Ə.Elçibəy hakimiyyətdən gedəndə Ləl-Cavahirat Fondunda tonlarla qızıl, qiymətli daş-qaş və qızıl məmulatları qalıb. Biz hakimiyyətdən gedəndən sonra bu Fondda aparılan təhvil-təslim əməliyyatlarında hər hansı çatışmazlıq aşkar edilməyib»,-keçmiş baş nazir iddia edib.

P.Hüseyn əlavə edib ki, 1998-ci ilin avqustunda Ləl-Cavahirat Fondu xüsusi bir izahat verilmədən ləğv olunub: «Oradakı tonlarla qızılın və digər qiymətli daş-qaş və əntiq əhəmiyyətli məmulatların taleyi məlum olmayıb».

Keçmiş baş nazirin deməsinə görə, hətta 2010-cu ildə Müsavat deputat qrupu bu barədə rəsmən Milli Məclisə sorğu verib: «Bu sorğu onunla bağlı idi ki, o zaman məlum oldu ki, yeni yaradılan Qızıl Fonduna guya 200 kiloqram qızıl gətirilib. Bu tonlarla qızıl və digər məmulatların harada olması barədə rəsmi sorğu verdim. Rəsmi sorğuya cavab vermək əvəzinə mənə hücumlar oldu, həbslə hədələndim. Bu barədə mətbuatda yazılar dərc edilib. Milli Məclisin iclas stenoqramlarında da bu qeydə alınıb».

P.Hüseynin sözlərinə görə, həmin tonlarla qızılın, qiymətli metal və daş-qaşın taleyinin araşdırılması indi də maraqlıdır: «Bunun Xalq Cəbhəsi hakimiyyəti dövründə prezident, baş nazir və dövlət katibi tərəfindən talan olunması barədə deyilənlər isə tamamilə böhtandır».

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim

Xatırlatma

Dünən, noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.

Həmin mərasimdə çıxışında Prezident İlham Əliyev 1992-1993-cü il AXC-Müsavat hakimiyyətini sərt şəkildə ittiham edib. «Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi...», -prezident söyləyib.

Prezident mövcud vəziyyəti isə belə dəyərləndirib: «Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq».

XS
SM
MD
LG