Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Putin deyir ki, Rusiya adi silahlara da nüvə silahı ilə cavab verə bilər


V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkə Təhlükəsizlik Şurasının sentyabrın 25-də keçirilən iclasında dövlət nüvə çəkindirməsi doktrinasına dəyişikliklər təklif edib.

Putin hesab edir ki, Moskvaya nüvə silahından istifadədə haqq qazandıracaq hərbi təhdidlərin siyahısı genişləndirilməlidir.

Nüvə silahından istifadə doktrinasının yeni versiyasına görə Rusiya onun üzərinə adi silahlarla edilən kütləvi hücuma cavab olaraq təkcə adi silahlardan deyil, nüvə silahından istifadə edəcək.

Putin bu xüsusda strateji və taktiki aviasiyadan, qanadlı raketlərdən, dronlardan, səsdən iti uçan raket və başqa silahlardan danışıb.

Putin bildirib ki, Rusiya üzərinə hərbi hava-kosmik vasitələrindən hücumun başlanmasına dair etibarlı informasiya da nüvə cavabı ilə nəticələnəcək.

Yeni doktrinaya görə ümumilikdə “ölkənin suverenliyinə kritik hədə yarandığı bütün hallarda” Rusiya nüvə zərbəsindən istifadə haqqına malik olacaq.

Putin bunu da deyib ki, Rusiya nüvə silahından onun müttəfiqi olan Belarus da belə təhlükə ilə üzləşərsə istifadə edə bilər.

İstənilən qeyri-nüvə ölkəsi...

Putin habelə təklif edib ki, Rusiyaya qarşı istənilən qeyri-nüvə ölkəsinin hərbi hərəkətləri, belə hərəkətlər nüvə ölkəsi tərəfindən dəstəklənərsə onların Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə nüvə çəkindiricisinin tətbiq oluncağı dövlət və hərbi ittifaqların siyahısı genişləndirilməlidir. Putin siyahıya hansı ölkələrin əlavə ediləcəyini deməyib.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Putinin bəyanatlarını belə şərh edib:

"Nüvə şantajından başqa, Rusiyanın dünyanı qorxutmaq üçün heç nəyi, heç bir aləti yoxdur. Bu alətlər isə işləməyəcək”.

Bu il iyulun 7-də Peterburq iqtisadi forumunda çıxış edən Putin ölkənin nüvə doktrinasına dəyişiklik olunacağını istisna etmədiyini demişdi.

Amma o əlavə etmişdi ki, hazırda nüvə silahından istifadə barədə “düşünməyə” belə ehtiyac yoxdur.

XS
SM
MD
LG