Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Putinin çıxışı ‘pulsuz psixoterapiya seansıdır’


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də xalqa iki saatlıq müraciətində konkret təklif irəli sürüb – Ukraynada “xüsusi hərbi əməliyyat”ın bütün iştirakçıları hər altı aydan bir iki həftəliyə evə buraxılmalıdırlar. Kreml Ukraynaya qarşı işğalı “xüsusi əməliyyat” adlandırır.

AzadlıqRadiosunun müxbiri Robert Koalson yazır ki, bu təklif Kremlin rusiyalıları müharibənin yeni gedişatına, Qərblə proqnozlaşdırılan gələcəkdə davamlı konfrontasiyaya hazırlamasının çoxsaylı əlamətlərindən biriydi.

“Anladığım qədərilə, çıxışın əsas ideyası normallaşdırma idi. Müharibənin normaya salınması. Repressiyaların normaya salınması. Dəfnlərin, həbsxanaların...” – siyasi təhlilçi Kiril Roqov Facebook-da yazıb.

Müharibə davam edəcək

Putin çıxışında Birləşmiş Ştatlarla Avropanı tənqid etməklə yanaşı, rusiyalıları birliyə dəvət edib, iqtisadiyyatda hər şeyin yaxşı, gələcəyin rusiyalı ailələr, bizneslər, üsyana qalxmayan bütün vətəndaşlar üçün parlaq olacağına zəmanət verib.

Putinin qərbə qarşı saxta iddialarını təkrarlayıb – guya Vaşinqton Ukraynada “neonasizmi” qızışdırmaqla “aqressiyanı şərqə yönəltmək istəyir”. Putin Ukraynadakı müharibənin “addımbaaddım, diqqətlə və davamlı şəkildə” aparılacağını deməklə onun tezliklə bitməyəcəyinə işarə edib.

Mesaj belədir ki, Kreml məqsədlərinə çatanacan, nə qədər davam edəcəyindən asılı olmayaraq, Ukraynadakı müharibəni davam etdirəcək və heç kəs də Rusiyanın Qərblə münasibətlərinin tezliklə düzələcəyinə ümid etməsin.

Sadiqliyi satın almaq

“Bütün çıxışın əsas ideyası sadiqliyi satın almaq idi”, – siyasi təhlilçi Yekaterina Şulman Facebook-da yazıb.

“Vətəndaşlar pul və imtiyazlar əldə edirlər. Rəsmilər karyera və pul alırlar. Hamı təşəkkürünü əldə edir – hamı yaxşıdır, birləşib. Çox təsirli idi. Daxili düşmənlər, şər bürokratlar mövzusu yox idi, bütün düşmənlər xaricidir”, – o, sözlərinə əlavə edib.

“Müharibə həyat tərzi, Putin idarəçiliyi altında həyat norması kimi”, – bunu isə jurnalist Mariya Slonim yazıb.

Putin deyib ki, müharibədən qayıdan əsgərlərə təhsildə, işə götürülmə və dövlət qulluğunda imtiyazlar veriləcək.

İtkilərdən danışmayıb

Rusiya prezidenti bir ili tamam olan müharibədə ölkəsinin itkilərinə toxunmayıb. Qərb rəsmiləri, ABŞ-nin Dövlət katibi Entoni Blinken (Antony Blinken) azı 200 min rusiyalı əsgərin Ukraynada öldürüldüyünü, yaxud yaralandığını deyirlər.

Putin heç Rusiyanın müharibədə uğursuzluqlarından danışmayıb. Sentyabrda qanunsuz ilhaq edilmiş dörd vilayətdən yalnız birinin paytaxtını Rusiya qüvvələri tutmuşdu. Xerson şəhəri noyabrda Ukraynanın nəzarətinə keçib.

“Putinin çıxışı sanki böyük bir pulsuz psixoterapiya seansıdır. Hər şey gözəldir, istidir, yaxşıdır, uğurludur. Gözlərinizi yumun, sadəcə özünüzə inanın”, – siyasi təhlilçi Kiril Şamiyev Twitter yazıb.

“Hər şey qələbə üçün”

İqtisadiyyatdan danışan Putin deyib ki, “bu gün zavodlarımız, dizayn bürolarımız, axtarış qruplarımız… qələbə üçün hər şeyi edirlər. Bu işçilərin təminatlarını gücləndirməliyik”.

O, Rusiyanın yeni hərbi texnologiyaları inkişaf etdirdiyini, bir çox hallarda onların “xarici analoqlarını ötüb-keçdiyini” vurğulayıb. Putin qarşıda duran əsas vəzifənin “kütləvi, seriyalı istehsala” çatmaq olduğunu, bu işin “artıq baş verdiyini və daim sürətləndiyini” bildirib.

“Bu, Rusiyanın elmi və sənaye təməllərinin üzərində baş verir. Hər şeyi öz əllərimizlə edirik”, – Putin söyləyib.

Ukraynanın işğalı başlayandan sonra Qərbin bir sıra aparıcı şirkətləri Rusiyadan gediblər.

XS
SM
MD
LG