Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

Putin Navalnı tərəfdarlarını seçkidən kənarlaşdıran qanunu imzalayır


Arxiv fotosu
Arxiv fotosu

İyunun 4-dən qüvvəyə minmiş qanuna görə, Rusiya məhkəmələrinin ekstremist və terrorçu hesab etdiyi təşkilatların liderləri və qurucuları beş il müddətinə seçkili vəzifələrə namizədliklərini verə bilməzlər

Rusiya Prezidenti Vladimir Putin hakimiyyətin “ekstremist” hesab etdiyi təşkilatların tərəfdarları və üzvlərinin hər hansı vəzifəyə seçilməsini yasaqlayan qanunu imzalayıb. Bu, həbsdə olan müxalifətçi Aleksey Navalnıya bağlı istənilən şəxsin dövlət qulluğuna seçilməsini mümkünsüz edir.

İyunun 4-dən qüvvəyə minmiş qanuna görə, Rusiya məhkəmələrinin ekstremist və terrorçu hesab etdiyi təşkilatların liderləri və qurucuları beş il müddətinə seçkili vəzifələrə namizədliklərini verə bilməzlər.

Belə təşkilatların digər üzvləri və əməkdaşları isə üçillik qadağa ilə üzləşirlər.

Bu addımın əslində Navalnının Antikorrupsiya Fondunu (FBK) neytrallaşdırmağı hədəflədiyi bildirilir. Rusiya hakimiyyəti sentyabrda keçiriləcək parlament seçkisi öncəsi bu fondu ekstremist elan etməyə çalışır.

FBK artıq başqa bir qanunla “xarici agent” elan olunub.

Putin qanunu Navalnının 45-ci ad günündə imzalayıb.

***

Navalnı tərəfdarlarının vəzifəyə yolu bağlanır

Rusiya Dövlət Duması “ekstremist” təşkilat tərəfdarları və üzvlərinin hər hansı vəzifəyə seçilməsini yasaqlayan qanunu üçüncü – yekun oxunuşda qəbul edib. Bu, həbsdə olan müxalifətçi Aleksey Navalnıya bağlı istənilən şəxsin dövlət işində çalışmasını qeyri-mümkün edir.

Mayın 26-da qəbul olunmuş layihəyə görə, Rusiya məhkəmələrinin ekstremist, yaxud terrorçu elan etdiyi qurumların liderləri və təsisçiləri beş il ərzində seçkili vəzifələrə namizədliklərini verə bilməzlər.

Belə təşkilatların digər üzvləri və işçilərinə isə üçillik qadağa qoyulur.

“Əsas hədəf Navalnının hərəkatıdır”

Bu qanun hələ parlamentin yuxarı palatasından – Federasiya Şurasından keçməli və Prezident Vladimir Putin onu imzalamalıdır.

Bu addımın hədəfinin Navalnının Antikorrupsiya Fondu (FBK) olduğu güman edilir. Rusiya hakimiyyəti sentyabra planlaşdırılan parlament seçkisi öncəsi bu qurumu ekstremist elan etməyə çalışır.

“Vladimir Putin rejimi vətəndaş cəmiyyətinin açıq tənqidçilərini tamamilə təmizləməyə çalışır”, – “Amnesty International” hüquq-müdafiə təşkilatının Moskva bölümünün direktoru Nataliya Zviagina deyib.

“Bu son, özəlliklə azğın hərəkətin əsas hədəfi Aleksey Navalnının hərəkatıdır… Əsas düşməni ədalətsizliklə həbsə atandan sonra Kreml indi də onu dəstəkləməyə cəsarət edənləri hədəfə alır”, – Zviagina deyib.

FBK artıq başqa bir qanunvericiliklə “xarici agent” elan olunub.

Vahid Rusiya və smart səsvermə

Hazırda hakim Vahid Rusiya partiyasına dəstəyin ən aşağı səviyyəyə düşdüyü bildirilir.

Navalnının regional qərargahları isə Smart Səsvermə strategiyasının həyata keçirilməsində böyük rol oynayıb. Bu strategiya seçkilərdə Vahid Rusiyanı məğlub edə biləcək namizədlərin təbliğatına hədəflənir.

Hazırda Navalnı mənimsəmə ittihamı üzrə həbs cəzası çəkir və ittihamların onun siyasi fəaliyyətinə görə quraşdırıldığını deyir. O, yanvarda müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. Navalnı ötən avqustda sinir qazıyla zəhərlənməsini Federal Təhlükəsizlik Xidmətinin agentləri tərəfindən, Prezident Vladimir Putinin göstərişilə həyata keçirildiyini deyir. Kreml isə zəhərlənmədə hər hansı rolu olmadığını bildirir.

Navalnının həbsindən sonra Kreml ona və həmkarlarına qarşı kampaniyanı gücləndirib. Onların çoxu həbs olunmamaqdan ötrü ölkədən qaçmalı olub.

XS
SM
MD
LG