Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:14

Lavrov deyir ‘hücum etməmişik’, Putin deyir hücum davam edəcək


Vladimir Putin
Vladimir Putin

Putin Avropa İttifaqını öz “suverenliyini tamamilə itirməkdə” və “özgələrin çaldığını oynamaqda” ittiham edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BBC-yə müsahibəsində deyib ki, Rusiya Ukraynaya hücum etməyib.

Lakin o Ukraynada Rusiyanın “xüsusi əməliyyatını” izah edərkıən deyib ki, “Rusiyanın NATO-nun Ukraynanı özünə çəkməməsini Qərbə başa salmaq üçün başqa çıxış yolu qalmamışdı”.

BBC-nin Ukraynada dinc əhalinin başına gətirilən müsibət və iztirablar, BMT insan haqları üzrə ali komissar Mişel Baçeletin hesabatı barədə sualına cavab verərkən Lavrov deyib ki, BMT-nin baş katibinədək bütün məmurlar Qərbin təzyiqi altındadır:

"Rusiya ipək deyil. Rusiya necə varsa elədir və biz özümüzü olduğumuz kimi göstərməkdən utanmırıq”.

“Xüsusi əməliyyat”

İyunun 17-də Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda etdiyi çıxışda bəyan edib ki, Ukraynada “xüsusi əməliyyat” davam etdiriləcək və onun bütün məqsədlərinə çatılacaq.

O deyib ki, “birqütblü dünya nizamının dövrü artıq keçib”.

Putin Avropa İttifaqını öz “suverenliyini tamamilə itirməkdə” və “özgələrin çaldığını oynamaqda” ittiham edib.

Onun sözlərinə görə Qərb beynəlxalq əməkdaşlıq anlayışını bilərəkdən iflasa uğradıb.

Putin Rusiyaya qarşı sanksiyaları “axmaq və düşünülməmiş” adlandırıb və bildirib ki, Rusiya öz iqtisadi vəziyyətini addım-addım normallaşdıracaq, ABŞ və Avropa isə əksinə özlərinin qoyduğu sanksiyalardan böyük ziyan görəcək.

Onun sözlərinə görə bu ziyanın məbləği 400 milyard dollara çata bilər.

Xaricdə “milyonlarını itirən” Rusiya biznesmenlərinə

Putin iddia edib ki, ABŞ və Qərbdəki iqtisadi tənəzzül Ukrayna müharibəsi ilə deyil, Böyük yeddilərin G7 qrupunun apardığı məsuliyyətsiz makroiqtisadiyyat siyasəti ilə bağlıdır.

Ukrayna taxılının Qara dəniz portlarından çıxa bilməməsi məsələsinə toxunan Putin deyib ki, portları Ukraynanın özü minalayıb və əslində Rusiya taxılın ixracına maneçilik törətmir.

Lakin Putin bunun ardınca deyib ki, o Ukraynanın taxılı satıb puluna silah ala biləcəyindən narahatdır.

Putin Rusiya iqtisadiyyatının sabitləşdirilməsi üçün planlaşdırılan tədbirlərdən danışıb.

Rusiya prezidenti Rusiya biznesmenlərini Rusiyada işləməyə çağırıb.

O deyib ki, “investisiyalarınızı bura yatırın, burada böyük potensial var, öz eviniz daha etibarlıdır”.

Putinin sözlərinə görə “buna qulaq asmayanlar xaricdə milyonlarını itiriblər”.

Qərbi həm qorxutmaq, həm də əməkdaşlıq istəmək

Lakin Qərbi kəskin tənqid edən Rusiya prezidenti bunu da deyib ki, “Rusiya açıq iqtisadiyyat kimi inkişaf edəcək və Qərbin misli görünməmiş sanksiyalarına baxmayaraq təcrid olunmayacaq”.

O əlavə edib ki, Rusiya Qərb şirkətləri ilə əməkdaşlığı davam etdirəcək.

Putin ümid etdiyini bildirib ki, Rusiya qazı yeni marşrutlarla axmaqda davam edəcək.

Onun sözlərinə görə Rusiya öz iqtisadiyyatını onunla əməkdaşlıq etmək istəyənlərin hesabına genişləndirəcək.

Peterburq forumunun 17 iyun plenar iclasında Putinlə yanaşı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də iştirak edirdi.

İclası RT-nin baş redaktoru Marqarita Simonyan aparırdı.

XS
SM
MD
LG