Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Putin və Lukaşenka Minskdə nəyi müzakirə ediblər


Rusiya və Belarus prezidnetləri Vladimir Putin və Alyaksandr Lukaşenka (Arxiv fotosu)
Rusiya və Belarus prezidnetləri Vladimir Putin və Alyaksandr Lukaşenka (Arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putin Minskdə Belarus prezidenti Alyaksandr Lukaşenka ilə görüşüb.

Rusiyanın Meduza qəzetinin verdiyi xəbərdə deyilir ki, iki prezidentin geniş heyətdə görüşü iki saat yarımdan çox çəkib.

Rusiya nümayəndə heyətinə xarici işlər və müdafiə nazirləri Sergey LavrovSergey Şoyqu daxidirlər.

Rəsmi məlumata görə Minsk və Moskva “ikitərəfli əməkdaşlığı” müzakirə ediblər.

Putinin sözlərinə görə “müzakirələr bütünlükdə dünyada və ayrıca bizim regionda formalaşan hazırkı vəziyyət nəzərə alınmaqla” keçirilib.

“Planetin ən zəhərli iki adamı”

Görüşdən sonra keçirilən mətbuat konfransında nə Putin, nə də Lukaşenka Ukraynada gedən müharibədən bircə dəfə də olsun birbaşa danışmayıblar.

Amma Rusiya prezidenti qeyd edib ki, Rusiya və Belarus birgə hərbi təlimlər praktikasını davam etdirmək, yeni hərbi texnikanın birgə yaradılması və vahid qaz bazarının yaradılması proqramını tamamlamaq barədə razılığa gəliblər.

Putin görüşü “məhsuldar” adlandırıb.

Putinin sözlərinə görə o Belarus Respublikasının döyüş təyyarələri ekipajlarının hazırlanmasını mümkün hesab edir.

O deyib ki, bu təlimlər “artıq göy-göy tipli xüsusi döyüş başlıqlı sursatlardan istifadə üçün modifikasiya olunmuş təyyarələrdə” keçirilə bilər.

Putin “xüsusi döyüş başlıqlı” ifadəsinin mənasını izah etməyib.

Lukaşenka isə ona və Putinə dünyada olan münasibətdən söz açıb:

“Biz ikimiz həmtəcavüzkarıq. Bu planetdə ən ziyanlı, ən zəhərli adamlarıq. Aramızda bircə mübahisə var. Hansımız daha çox...Vladimir Vladimiroviç deyir ki, bu mənəm. Mənsə fikirləşməyə başlamışdım ki, bu odur. Biz də qərara gəldik ki, birlikdə, eyni cür...”

Alyaksandr Lukaşenka deyib ki, Rusiya Belarusa S-400 hava hücumundan müdafiə sistemləri, Iskander raketləri verib və bunlar artıq “döyüş növbətçiliyinə" qoyulub.

Putin və Lukaşenka müntəzəm qaydada görüşürlər. 2022-ci ilin əvvəlindən Lukaşenka Rusiyaya yeddi dəfə səfər edib. Daha bir neçə görüş beyəlxalq forumların çərçivəsində başqa ölkələrdə olub.

Putinin Minskə bundan əvvəlki səfəri 2019-cu ildə olub.

Kiyev dronlarla vurulub

Ukrayna hakimiyyəti enerji və digər infrastrukturuna Rusiyanın kamikadze dronları ilə zərbələr endirdiyini bildirir. Kiyev və ətraf rayonlara zərbələr dekabrın 19-da səhər gerçəkləşdirilib.

İlkin məlumatlara görə, ölüm halı qeydə alınmayıb, iki nəfər yaralanıb. Kiyev vilayətindəki hərbi administrasiya hücumda 20-dən çox İran istehsalı drondan istifadə olunduğunu bildirib.

Dronlardan 15-i vurulub

Havadan müdafiə sistemlərinin dronlardan 15-ni vurduğunu xəbər verilir. Sübh çağı Kiyev ətrafında hava həyəcanı eşidilib.

Rusiyanın Ukraynaya hücumu artıq onuncu aya keçib. Rusiya Ukrayna boyunca enerji infrastrukturuna kruiz raketləri və İran istehsalı dronlarla zərbələr endirir. İşğalçının məqsədinin ukraynalılara soyuq qışda çətinliklər yaratmaq, əhalini ruhdan salmaq olduğu görünür.

Rusiya ötən həftə Kiyevi və Ukraynanın digər şəhərlərini raket və dron atəşinə tutub. Ukrayna rəsmiləri infrastrukturu bərpa etməyə çalışır, Qərbdən yardım, generatorlar, elektrik enerjisi avadanlığı, həmçinin müasir havadan müdafiə sistemləri istəyir.

İşğalın tempi nisbətən səngiyib, Rusiya qüvvələri 10 ayda üç böyük geriləmə ilə üzləşiblər. Hazırda ən ağır döyüşlərin şərqi Donbas vilayətində, Baxmut şəhəri yaxınlığında getdiyi deyilir.

Spekulyasiya

Rusiya Prezidenti Vladimir Putin isə dekabrın 19-da Belarusa səfər etməlidir. Moskvanın Belarus qüvvələrinin şimaldan Ukraynaya hücuma başlamasına çalışacağı ilə bağlı spekulyasiya dolaşır.

Putin üç ildən çoxdur Belarusa getməyib. Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka onun bu müharibədə əsas müttəfiqidir.

Onların üzbəüz, inteqrasiya nazirlərinin isə daha geniş danışıqlar aparacağı gözlənir.

Bəzi təhlilçi və hərbçilərin fikrincə, Putin Lukaşenkanı Belarus əsgərlərini Rusiya qüvvələri ilə birlikdə Ukraynadakı müharibəyə cəlb etməyə inandıra bilər.

Belə bir fikir də var ki, Rusiya liderinin niyyəti Ukraynanın hərbi rəhbərliyinin diqqətini yayındırmaq, onun qüvvələrini ağır döyüşlər gedən şərq vilayətlərdən şimala, Belarusla sərhədə çəkməsinə nail olmaqdır.

Ukrayna “bütün mümkün hallara” hazırdır

Ukraynalı general leytenant Sergey Nayev dekabrın 18-də deyib ki, iki lider Belarus ordusunun “daha geniş iştirakı”nı müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 18-də videomüraciətində deyib ki, Kiyev “bütün mümkün hallara”, o cümlədən Belarus ərazisindən hücuma hazırdır.

“Həm Rusiya, həm də Belarusla sərhədimizi qorumaq daimi prioritetimizdir”, – Zelenski vurğulayıb.

Rusiya hazırda özündə yetərincə şərait olmadığından Belarusda minlərlə əsgərinə təlim keçir. Ekspertlər Moskvanın gələn ilin əvvəlində irimiqyaslı hücuma hazırlaşması ehtimalından danışırlar.

“Interfax” agentliyinin dekabrın 19-da Müdafiə Nazirliyinə istinadla yaydığı xəbərə görə, Rusiya və Belarus birgə təlimlər keçirəcəklər. Ancaq agentlik detalları yazmayıb.

XS
SM
MD
LG