Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Zurabişvili 'xarici agent' qanununu Konstitusiya Məhkəməsinə verib


Gürcüstan prezidenti Salome Zurabişvili (Arxiv fotosu)
Gürcüstan prezidenti Salome Zurabişvili (Arxiv fotosu)

Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 15-də Acarıstanın paytaxtı Batumidə yerləşən Gürcüstan Konstitusiya Məhkəməsinə “xarici təsirin şəffaflığı” adlı qanunun Konstitusiyaya uyğunluğu ilə bağlı müraciət edib.

Müraciətdə deyilir ki, hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə qəbul edilmiş və müxalifətin “Rusiya qanunu” adlandırdığı bu qanunla Gürcüstan Konstitusiyasının bir neçə maddəsi arasında uyğunsuzluq var.

Bu maddələrdən biri də Gürcüstanın Avropa İttifaqı və NATO üzvlüyünə canatımını ehtiva edən 78-ci maddədir.

Prezidentin vəsatəti barədə məlumatı onun parlamentdəki katibi Georgi Msxiladze verib.

Msxiladzeninin sözlərinə görə “xarici agent” qanunu Gürcüstan vətəndaşlarının Konstitusiyada təsbit edilmiş bir sıra başqa hüquqlarını da pozur. Bu səbəbdən də prezident Konstitusiya Məhkəməsindən sözü gedən qanunun dayandırılmasını, daha sonra isə tamamilə ləğv edilməsini rica edir.

Prezidentlə yanaşı Konstitusiya Məhkəməsinə vəsatətlə onlarca deputat, o cümlədən keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan deputatlar, habelə 150-dən çox QHT də müraciət ediblər.

Bu barədə verilmiş bütün vəsatətlərdə Konstitusiya Məhkəməsindən qanuna baxış dövründə onun fəaliyyətinin dayandırılması rica olunur.

Şikayətçilərin fikrincə bu, müxalifətə, QHT-lərə və mediaya 26 oktyabr parlament seçkisi kampaniyasını normal şəraitdə aparmaq imkanı verərdi.

Son ümid yeri

Lakin Konstitusiya Məhkəməsinin keçmiş sədri Avtandil Demetraşvili AzadlıqRadiosuna deyib ki, Konstitusiya Məhkəməsi vəsatətlərə baxılmasından ümumiyyətlə imtina edə bilər. Onun sözlərinə görə hər hansı qanunun qüvvəsi yalnız Konstitusiya Məhkəməsinin ümumi plenumunun qətnaməsi ilə dayandırıla bilər.

Bir sıra QHT-lər bildiriblər ki, onlar habelə Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) “təməl insan haqlarını pozan və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran” qanunun dayandırılmasına dair “təcili və təxirəsalınmaz” tədbirlər barədə qətnamə çıxarılması məqsədilə müraciət etməyə hazırdırlar.

AzadlıqRadiosu qeyd edir ki, bütün vəsatətçilər yekun nəticədə Avropa strukturlarının, ilk növbədə AİHM-in, Venesiya Komissiyasının fəal dəstəyinə ümid edirlər.

Bundan əvvəl

Avropa İttifaqı və ABŞ “xarici agent” qanununun qəbulu ilə bağlı Tbilisiyə sərt xəbərdarlığını bildirib.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski deyib ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub:

“Bu hələ ilk addımdır, başqa addımlar da olacaq. Gürcüstan hökumətinə yardımlar dayandırılacaq. Biz bu yardımı Gürcüstanın vətəndaş cəmiyyətinə və mediasına yönəldəcəyik”.

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

XS
SM
MD
LG