Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

Seçkinin nəticələrini tanıyanlar, tanımayanlar…


Prezident İlham Əliyev Xankəndidə səs verir. 7 fevral 2024
Prezident İlham Əliyev Xankəndidə səs verir. 7 fevral 2024

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən, hazırkı prezident İlham Əliyev 92.05 faizlə irəlidədir. Digər namizədlər isə 0.53-2.18 aralığında faiz toplaya biliblər.

MSK-nın açıqladığı son məlumatlara görə, məntəqələrin 93.3 faizinin nəticəsi artıq məlumdur.

Ekspertlər və siyasilər isə seçki prosesini birmənalı dəyərləndirmirlər.

N.Həmzəyev
N.Həmzəyev

"Azərbaycan xalqı ona növbəti dəfə etimadını göstərdi"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Naqif Həmzəyev "Turan"a bildirib ki, xalq Azərbaycana zəfər qazandıran, ölkənin tam suverenliyini bərpa edən prezident İlham Əliyevə bir daha öz etimadını göstərib: "Biz inanırıq ki, növbəti müddətdə cənab prezident Azərbaycan qarşısında duran digər məsələləri də uğurla həll edəcək və Azərbaycanın gücünə güc qatacaq".

Deputat qeyd edib ki, ölkə regionun lideri statusunu qoruyub saxlamaqla yanaşı, vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq: "Bütün bu məsələləri yalnız cənab İlham Əliyev bacara bilərdi və buna görə də Azərbaycan xalqı ona növbəti dəfə etimadını göstərdi".

""Karusel" qaydasında..."

Bir sıra müxalif qüvvələr isə seçkilərin nəticələrini tanımadıqlarını açıqlayıblar. Milli Şura bəyan edib ki, bu növbədənkənar prezident seçkisinin nəticələri öncədən bəlli idi: "Əldə olunan məlumatlar da təsdiq edir ki, təhsil müəssisələrindən tutmuş, dövlət orqanlarında çalışanlara, özəl sektorda işləyən ən müxtəlif təbəqələrdən olan şəxslərə qədər çox sayda insana səsvermə məntəqələrinə getmək üçün inzibati resurslardan istifadə edilərək təzyiq göstərilib".

Açıqlamaya görə, buna baxmayaraq yenə də seçici fəallığını təmin edə bilməyən hakimiyyət xüsusi hazırlanmış mütəşəkkil dəstələrin "karusel" qaydasında təkrar-təkrar müxtəlif məntəqələrdə səs verməsini təşkil edib.

B.Süleymanlı
B.Süleymanlı

"Ona görə də belə kütləvilik yarandı"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, növbədənkənar prezident seçkiləri əvvəlki seçkilərdən bir elə də fərqlənməyib.

Ekspertin sözlərinə görə, bu seçkilərdə digər seçkilərdən bir fərqlilik var idi: "Açılan andan seçki məntəqələrinə bütün inzibati resurslardan istifadə etməklə iş yerlərindən, dövlət müəssisələrindən insanları səfərbər etmişdilər. Ona görə də belə kütləvilik yarandı".

Xatırlatma

Ölkə qanunvericiliyə əsasən, əslində prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Amma dövlət başçısı İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirakdan imtina ediblər. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG