Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:23

Azərbaycanda ictimai xəbərçilər necə qorunur


Polis
Polis

Azərbaycanda hansısa qurumda korrupsiya, ya başqa qanunsuzluqla bağlı xəbər verənlər hüquqi baxımdan necə qorunur?

Beynəlxalq Şəffaflıq Təşkilatı informatorluğa belə anlayış verib: Dövlət və ya özəl təşkilatda ictimai marağa zidd hallar - korrupsiya, dələduzluq və başqa qanunsuzluqlar haqda hüquq-mühafizə orqanlarına (təsir imkanı olan qurum və ya şəxslərə) məlumat verənlərə "informatorlar" (xəbərçi, çuğulçu) deyilir.

Müxtəlif ölkələrin hüquqi bazasında informatorların müdafiəsi, onlara güzəştlərlə bağlı konkret normalar var.

Ən böyük cəza informatora kəsilib

Gəncə sakini Məlahət Ələkbərova şikayətlənir ki, oğlu Elçin Ələkbərov işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsindəki korrupsiya və saxtakarlıq hallarının üstünün açılmasında fəal iştirak etdiyi halda, hamıdan ağır cəzanı ona kəsdilər. Bu qurumda sektorun müdiri işləmiş Ələkbərov saxta staj və əlillik sənədləri ilə təqaüdlərin necə verildiyini Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına ətraflı danışıb. Son nəticədə cinayət məsuliyyətinə cəlb edilmiş yeddi nəfərdən dördünə şərti cəza verilib. Qalan üç nəfərdən ikisinə - Fondun Kəpəz rayon şöbəsinin sabiq müdiri və onun müavininə 2 il – 2 il 6 ay, Ələkbərovun özünə isə 6 il həbs cəzası kəsilib.

Ələkbərovun vəkili Zabil Qəhrəmanov bu hökmdən apellyasiya şikayəti verib. Hazırda iş Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. Qəhrəmanov AzadlıqRadiosuna bildirib ki, bu cür münasibət, əksinə, insanları cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməkdən, istintaq orqanıyla əməkdaşlıqdan çəkindirə bilər. Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyində istintaqla əməkdaşlıq edən, cinayətin üstünün açılmasında fəal iştirakı olan şəxslər üçün güzəştlər nəzərdə tutulub.

A.Layıc
A.Layıc

"Etkin pişmanlık"

Başqa bir vəkil Aqil Layıc deyir ki, məsələn, Türkiyədə "etkin pişmanlık" adlanan hüquqi termin var. Əgər şəxs öz iradəsi ilə törətdiyi cinayətdən peşmandırsa, cinayətin üstünün açılmasında fəal iştirak edirsə və s. bu halda, ona münasibətdə yüngül cəza güzəşti tətbiq olunur.

Layıcın sözlərinə görə, Azərbaycan qanunvericiliyində də korrupsiya cinayətləri haqda könüllü xəbər vermə halında cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulub. Məsələn, Azərbaycan Cinayət Məcəlləsinin rüşvət verməyə (aktiv rüşvətxorluq) görə məsuliyyət müəyyənləşdirilən 312-ci maddəsinin "Qeyd" hissəsində yazılıb: "...rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir".

Vəkil deyir ki, bir sıra ölkələr korrupsiyaya qarşı mübarizənin effektiv olması məqsədilə belə güzəştlər tətbiq edirlər.

Maksimum cəzası 2 ilə qədər azadlıqdan məhrumetmə olan əməllər

Azərbaycanda yalnız böyük ictimai təhlükə törətməyən cinayətlərdə (maksimum cəzası 2 ilə qədər azadlıqdan məhrumetmə olan əməllər) şəxs könüllü gəlib təqsirini boynuna alanda, cinayətin üstünün açılmasına fəal kömək edəndə, ziyan varsa, onu ödəyəndə cinayət məsuliyyətindən azad edilə bilər. Bu, CM-in 72.1 maddəsində əksini tapıb.

Az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdə isə könüllü gəlib etiraf etmə, cinayətin üstünün açılmasına kömək və s. məsuliyyətdən azad etmir, sadəcə, yüngülləşdirici hal hesab olunur. CM-in 59.1.10 maddəsinə əsasən, hakim cəza təyin edəndə bu cür halları mütləq nəzərə almalıdır.

R.Cəfərov
R.Cəfərov

"Qanunvericilik səviyyəsində bütün hallar nəzərə alınıb"

Bakı İnsan Haqları Klubunun həmsədri Rəsul Cəfərov bildirib ki, Azərbaycanda "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qəbulu, baxılması haqda Təlimat" var. Hüquq müdafiəçisinin sözlərinə görə, informatorların – cinayətlər barədə məlumat verən şəxslərin anonimliyini, təhlükəsizliyini təmin etməklə bağlı bir sıra hüquqi normalar var: "Bəlkə də, bu məsələ ilə bağlı praktikada problemlər var, amma qanunvericilik səviyyəsində, hüquqi normalar baxımından bütün hallar nəzərə alınıb".

Cəfərov vurğulayıb ki, Azərbaycanda böyük ictimai təhlükə törətməyən cinayətlər istisna olmaqla, başqa hallarda şəxsin peşmançılığı, könüllü məlumat verməsi və s. onu məsuliyyətdən azad etmir.

Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-ci ildə imzaladığı qanunda korrupsiya barədə məlumat verənlərə rüşvətin 10 faizi, yaxud dövlətin korrupsiya mexanizmi nəticəsində itirdiyi məbləği təklif olunurdu. Ancaq xəbərçi 10 faizi o zaman əldə edir ki, rüşvətin məbləği minimum əməkhaqqının beş min misli, yaxud daha artıq olsun – yəni ovaxtkı məzənnə ilə minimum 410 min dollar. Belə ki, xəbərçi verdiyi informasiyaya görə azı 41 min dollar əldə edə bilərdi.

XS
SM
MD
LG