Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:27

Polis dələduzluqda ittiham olunur: Tutulan adamın videosunu yaymamaqdan ötrü ailəsindən pul alıb...


Azerbaijan -- Manat (national currency)
Azerbaijan -- Manat (national currency)

Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şirin Əzimov dələduzluqda ittiham olunur. Onun narkotik ittihamıyla saxlnılan Aqil Baxşəliyevin polis idarəsindəki görüntülərinin mediada yayılmaması, ardından azadlığa buraxılması adıyla həmin şəxsin ailə üzvlərindən 15 min manatdan çox pul aldığı iddia olunur.

Ş.Əzimov başqa bir işdə - dələduzluqla bağlı şikayətdə də 3 min manata yaxın pulu ələ keçirməkdə ittiham edilir. Şikayətçinin iddiasına görə, ondan sənəd düzəltmək adıyla 6 min manat alınsa da, nə sənəd düzəldilib, nə də pulu geri qaytarılıb.

Cinayət işinin materiallarında deyilir ki, polis zabiti qarşı tərəfə - Məzahir Rüstəmova zəng edərək, ondan şikayət olunduğunu xəbər verib və şikayətçinin pulunun qaytarılmasını tələb edib.

Bu şikayətlə bağlı M.Rüstəmov yanına gələn tanışıyla pulun hissə-hissə Ş.Əzimova veriləcəyini və onun şikayətçiyə problemin yoluna qoyulduğunu çatdıracağını razılaşdırıb.

İttihama görə, əməliyyat müvəkkili, son nəticədə, ona verilən 4 min 650 manatın cəmi min 700 manatını şikayətçiyə çatdırıb, qalanını özünə götürüb.

Hər iki məsələdə özünü təqsirli bilən Ş. Əzimov o ərəfələrdə pula ehtiyac duyduğundan belə addım atdığını söyləyib.

Saxlanılan Aqil Baxşəliyevin xanımı Xurma Baxşəliyeva polis zabitindən ayrı-ayrı dövlət qurumlarına şikayət edib. Onun şikayətləri araşdırılıb və Ş.Əzimov işdən çıxarılıb. Ardından Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlansa da, Ş.Əzimov həbs olunmayıb və istintaq, məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Polis zabitinin işinə Nərimanov rayon Məhkəməsində baxılıb və ona 3 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Məhkəmədə üzə çıxıb ki…

Məhkəmədə məlum olub ki, digər zərərçəkmişin pulunu qaytarıb, onunla barışsa da, X.Baxşəliyeva polis zabitini bağışlamır. Onun sözlərinə görə, öncə həyat yoldaşını narkotiklə şərləyib həbsə göndəriblər, özünü və oğlu Bəxtiyarı aldadıb, külli miqdarda pulunu ələ keçiriblər.

X.Baxşəliyeva AzadlıqRadiosuna bildirib ki, aldadılıb pulunun ələ keçirilməsində Ş.Əzimovla yanaşı, Nərimanov rayon Polis İdarəsi rəisinin müavini Hikmət Vəliyev və idarənin Narkotiklərlə Mübarizə bölməsinin rəisi Qasım Hüseynovun da rolu olub:

“Pulumu ələ keçirməkləri azmış kimi, hələ özümü də təhqir ediblər. Pulun 10 min manatını rəis müavini Hikmət Vəliyevə vermək adıyla məndən aldılar. Hikmət Vəliyevin qəbulunda da olmuşam. Qasım Hüseynov da bu işlərin içində olub. Bütün bu dediklərimin sübutu – səs yazıları da var. Amma Qasım Hüseynovla Hikmət Vəliyevi kənarda saxladılar. Bircə Şirin Əzimovu guya cəzalandırdılar. Heç həbs eləmədilər də...”

X.Baxşəliyeva deyir ki, ondan alınmış 15 min 200 manatdan 5 mini qaytarılıb. Onun sözlərinə görə, pulun 2 min manatını yoldaşının görüntülərini yaymamaq adıyla almışdılar.

“Şirin mənə dedi ki, idarədə yoldaşımın üstündən guya narkotik çıxmasının videoçəkilişi aparılıb. Yoldaşım deyib ki, o video sosial şəbəkələrdə, televiziyada, saytlarda yayılsa, özünü öldürəcək. Əgər videonun yayılmasını istəmiriksə, onda 2 min manat verək”, - X.Baxşəliyevanın sözləridir.

O, əlavə edib ki, pulun qalan hissəsi həyat yoldaşının həbsdən buraxılmasından ötrü verilib. Zərərçəkmiş deyir ki, pulu bölüm-bölüm verəndən sonra aylarla həyat yoldaşının buraxılacağını gözləyiblər. Məhkəmədə A.Baxşəliyevə 10 il həbs cəzası çıxarılanda aldadıldıqlarını anlayıblar.

“Zərərçəkmiş mənimlə barışmır”

Ş.Əzimov məhkəmədə deyib ki, X.Baxşəliyevanın pulunun qalan hissəsini də qaytarmağa, onunla barışmağa dəfələrlə cəhd göstərib. Amma zərərçəkmiş onunla barışmır. Bu üzdən, pul tam qaytarılmayıb.

X.Baxşəliyeva məhkəmədə Ş.Əzimovun həbs olunmasını, ona ağır cəza verilməsini, şikayətçi olduğu digər polis əməkdaşları H.Vəliyev və Q.Hüseynovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

O, istintaq dövründə prokurorluğa da bu polislərdən şikayətçi olduğunu və səs yazılarını təqdim etdiyini, ancaq prokurorluğun onları cinayət məsuliyyətinə cəlb etmədiyini bildirib.

“Xurma Baxşəliyevanın pulunun ələ keçirilməsi faktında Hikmət Vəliyev və digərlərinin iştirakı olmadığından, onların haqqında cinayət təqibinə xitam verilib”, - “Sübutların qiymətləndirilməsi haqqında” qərarda belə yazılıb.

X.Baxşəliyeva polis zabitinin haqqındakı hökmdən narazıdır. O, Ş.Əzimovun həbs olunmasını tələb edir və bu üzdən, Nərimanov rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG