Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Azərbaycan təhsili PISA qiymətləndirməsindən yenə üzüağ çıxmadı


Əmrullayevin uğursuz 'inqilab'ı: Təhsil 'mafiya dövləti'ni yaradır?
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Əmrullayevin uğursuz 'inqilab'ı: Təhsil 'mafiya dövləti'ni yaradır?

Dekabrın 5-də PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) araşdırmasının nəticələri açıqlanıb. Ötən il keçirilən qiymətləndirməyə 81 ölkədən 700 minə yaxın şagird qatılmışdı. PISA 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda, bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə keçirilir. PISA tədqiqatı ölkələrin təhsil sistemlərinin qiymətləndirilməsi baxımından ən önəmli bilgilərdən biridir. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən hər üç ildən bir aparılan qiymətləndirmə 2021-ci ildə pandemiya üzündən 2022-ci ilə keçirilmişdi.

Keçmiş nəticələr necə idi?

Azərbaycanın indiyədək PISA tədqiqatında əldə etdiyi nəticələr bir o qədər də ürəkaçan deyildi. Ölkənin bu tədqiqatda ilk iştirakı 2006-cı ilə təsadüf edirdi. Həmin vaxt ölkə oxu bacarıqları üzrə 57 ölkə arasında 54-cü yeri tutmuşdu. 2009-cu ildəki PISA tədqiqatı isə üzə çıxarmışdı ki, Azərbaycan məktəbliləri oxuduğunu anlamaqda qiymətləndirməyə qatılan 65 ölkə arasında 64-cüdür.

Azərbaycan məktəbliləri PISA qiymətləndirməsində, ənənəvi olaraq, ən yaxşı nəticəni riyaziyyat üzrə göstəriblər. 2006-cı ildəki qiymətləndirmədə Azərbaycan 57 ölkə arasında 33-cü, 2009-cu ildə 65 ölkə arasında 45-ci olmuşdu. Təbiət elmləri üzrə qiymətləndirmədə Azərbaycan məktəbliləri 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 63-cü olmuşdular.

Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Bu bərbad nəticələrdən sonra Azərbaycan 2012 və 2015-ci illərdə keçirilən PISA qiymətləndirməsinə qatılmamışdı. 2006 və 2009-cu illərdəki qiymətləndirmə zamanı təhsil naziri olan Misir Mərdanov ölkənin PISA qiymətləndirməsində iştirak etməməsini ikili standartlarla əlaqələndirmişdi. Belə ki, ölkənin qiymətləndirmədə ən son yerlərdən birini tutmasını təhsil naziri təhsilin keyfiyyətinin aşağı olmasına deyil, Azərbaycana qarşı ikili standartların olmasına bağlamışdı.

Son illərin nəticələri

Azərbaycan doqquz illik fasilədən sonra 2018-ci ildə yenidən PISA qiymətləndirməsində iştirak etmişdi. Ancaq bu doqquz illik fasilə də ölkənin nəticələrinin yaxşılaşdırmayıb. 2018-ci ildəki qiymətləndirmənin nəticələrinə görə, Azərbaycan 79 ölkə arasında oxuduğunu anlamaqda və təbiət elmləri üzrə 69-cu, riyaziyyat üzrə 57-ci olmuşdu.

Ötənilki imtahan nəticələri 2018-ci ildən daha pis olub. Azərbaycan məktəblilərinin oxuduğunu anlamaq üzrə topladığı bal 389-dan 365-ə, riyaziyyat üzrə 420-dən 397-yə, təbiət elmləri üzrə isə 398-dən 380-ə enib. Toplam sıralamada Azərbaycan riyaziyyat üzrə 81 ölkə arasında 56-cı, təbiət elmləri üzrə 68-ci, oxuma bacarıqları üzrə isə 69-cu nəticə göstərib. Deməli, təbiət elmləri və oxu bacarıqları üzrə Azərbaycanın nəticələri qiymətləndirməyə qatılan ölkələrin 82 faizinin, riyaziyyat üzrə isə 68 faizinin nəticələrindən zəif olub.

Məktəblərə ayrılan pullar necə xərclənir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Azərbaycan PISA qiymətləndirməsinə qatılan nadir ölkələrdəndir ki, burada sadəcə paytaxt məktəbliləri iştirak edib. Azərbaycanda təhsilin səviyyəsi üzrə də paytaxt və əyalətlər arasında fərqlərin olduğu nəzərə alınsa, bəlli olur ki, bu zəif nəticələr hələ təhsilin keyfiyyətinin nisbətən yüksək olduğu Bakının nəticəsidir. Bu qiymətləndirmənin bütün ölkə ərazisində keçirilməsi daha zəif nəticələri üzə çıxara bilər. PISA ötənilki qiymətləndirməsinə Bakının 178 məktəbində təhsil alan toplam 7 min 912 şagird qatılıb. Qiymətləndirmədə həm Azərbaycan, həm də rus bölməsində oxuyanlar iştirak edib. İştirakçıların 47 faizi qız, 53 faizi oğlan olub. İmtahana qatılanların 95 faizi doqquzuncu və onuncu sinif şagirdləri olub.

Pandemiyanın təsirləri

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hazırladığı hesabatda bildirilir ki, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin orta göstəricilərində əvvəlki dövrlə müqayisədə önəmli azalmalar gözə çarpıb. Özəlliklə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son 10 ilin ən böyük geriləməsi qeydə alınıb. Riyaziyyat üzrə toplam 57, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi koronavirus (COVID-19) pandemiyasıdır. Axı pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.

Qiymətləndirmənin aparıldığı hər üç sahə üzrə ən yaxşı nəticəni Sinqapur məktəbliləri göstərib. Çin, Cənubi Koreya, Yaponiya siyahıda növbəti yerləri tutur. Bu baxımdan, Asiya ölkələrinin təhsil sistemlərinin PISA qiymətləndirməsindən daha üzüağ çıxdığını demək olar. Hər üç sahədə ən zəif nəticə isə Kambocada qeydə alınıb.

XS
SM
MD
LG