Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:29

Paşinyan 44 günlük müharibənin ‘köklərindən’ yazır


Nikol Paşinyan
Nikol Paşinyan

Yanvarın 4-də Ermənistan baş nazirinin rəsmi saytında Qarabağ müharibəsinə həsr edilmiş geniş məqalə dərc olunub.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Nikol Paşinyanın qələmindən çıxan məqalədə müharibəyə gətirib çıxaran səbəblərdən söz açılır.

“44 günlük müharibənin kökləri” məqaləsində Paşinyan yazır ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində qaçılmaz bir vəziyyət yetişmişdi və mütləq nəsə baş verməliydi:

“Son 10 ildə Dağlıq Qarabağa dair danışıqlarda bir neçə əhəmiyyətli məqam olmuşdu. Bunlardan birincisi Kazan prosesi idi. Bu proses ərazilərin 5+2 prinsipi ilə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Artsaxa (Dağlıq Qarabağa -red) keçid statusu verilməliydi. Yekun status isə qaçqınlar qayıtdıqdan sonra referendum yolu ilə müəyyənləşməliydi”.

Paşinyan yazır ki, elə həmin vaxt tamamilə gözlənməyəni baş verdi: 2011-ci ilin 24 iyununda İlham Əliyev Kazan sənədini imzalamqdan imtina etdi.

Baş nazirin sözlərinə görə, Əliyevin bu hərəkəti ovaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın təəccübünə səbəb olmuşdu.

O 2017-ci ilin 17 noyabrında “Rossiya” telekanalına müsahibəsində demişdi ki, Ermənistan 7 rayonu qaytarmağa hazır idi, amma Azərbaycan bundan da artığını istəyirdi:

“Bundan da artığını?.. Bundan artığı nə ola bilərdi? İlham Əliyev Kazan sənədinə qol çəkməməklə bu suala cavab vermişdi: İlk növbədə Qarabağa Azərbaycanın tərkibindən kənarda hər hansı statusun verilməsi istisna edilirdi. Bu hələ 2011-də olmuşdu. Bundan sonra Azərbaycanın iştahı daha da artmışdı. Bunu 2013-cü ildən sonra təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca misilsiz eskalasiyanın baş verməsi də göstərirdi”.

Sonra dördgünlük müharibə oldu...

Paşinyan yazır ki, əslində əlverişli geosiyasi şəraitdə belə sərhəddə gərginlik 2014 və 2015-ci ildə də artmışdı.

Məqalədə deyilir ki, 2014-cü ildən sonra Rusiya üçün Qafqaz artıq yeganə qaynar nöqtə deyildi. Krım, Donbas və Suriya hadisələri vardı.

Paşinyanın sözlərinə görə Azərbaycan məhz həmin dövrdən münaqişəni hərbi yolla həll edəcəyinə dair bəyanatları ucadan verməyə başlayır.

Ermənistan baş naziri yazır ki, 2013 və 2015-ci illərdə Rusiyanın indi yaxşı məlum olan təklifləri vardı. Bu 7 rayonun 5+2 düsturu ilə Azərbaycana qaytarılması, qaçqınların qaytarılması və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair təkliflər idi. Paket təkliflərə Qarabağın statusu məsələsi daxil edilməmişdi:

“Bu təkliflər erməni tərəfinə 2016-cı ilin yanvarında təqdim olunmuşdu. Ermənistan bu təklifləri rədd etdi və 2016-cı ilin aprelində 4 günlük müharibə oldu. Bu hadisədən bir neçə ay sonra Serj Sarkisyan 1980-ci ilin silahları barədə bəyanatlar verməyə başlamışdı”.

Uğursuzluqların uzun tarixi

Paşinyan xatırladır ki, 2016-cı ildən sonra danışıqlar prosesi Madrid prinsipləri əsasında aparılırdı.

Məqalədə deyilir ki, bu prinsiplərin və 2018-ci ildə Rusiya tərəfindən verilmiş təkliflərin də əsasında 7 rayonun Azərbaycana qaytarılması dayanırdı:

“Dağlıq Qarabağın statusu məsələsinə gəlincə isə, ATƏT-in Minsk qrupu həmsədrləri belə bir məntiqə gəlmişdilər: Bu məsələ Azərbaycan üçün məqbul axarda müzakirə mövzusu ola bilər. Bütün həmsədrlər bu fikirlə barışmışdılar və artıq Rusiyanın təklifləri həmsədrlərin təklifləri kimi qəbul olunurdu. Lakin bu məqamda, futbol diplomatiyasının iflasından sonra Türkiyə oda yağ tökməyə başlayır...”

Məqalədə deyilir ki, bundan sonra Azərbaycan mövqeyini daha da sərtləşdirir və bildirir ki, hazırkı mərhələdə Dağlıq Qarabağın statusu məsələsi ümumiyyətlə müzakirə olunmamalıdır:

“Bunu yazmaq çox kədərlidir ki, erməni tərəfi bütün danışıqlar prosesində heç bir uğur əldə etməyib. Bu, uğursuzluqların uzun bir tarixidir. Amma bu tarixdə bəzi əhəmiyyətli məqamlar var. Birincisi, bu, 1996-cı ilin Lissabon sammitidir. Burada təsbit olundu ki, biz dünyada təkik. Bundan sonra Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesindən çıxarılması baş verdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi məntiqinə çevrildi”.

Qarabağdakı Rusiya Sülhməramlılarına inam nə qədərdir
Gözlə

No media source currently available

0:00 0:09:44 0:00

“İşğal olunmuş ərazidə” hansı öz müqəddəratını təyinetmə ola bilər?”

Paşinyan məqaləsinin böyük bir hissəsini 2018-ci ildən bəri özünün Dağlıq Qarabağın danışıqlar prosesinə daxil edilməsi cəhdlərinə həsr edib.

O yazır ki, Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi daxil olması Ermənistanı Azərbaycanın ona asdığı “işğalçı” yarlığından azad edərdi.

O xatırladır ki, erməni diplomatiyasının ən ağır səhvi elə 1990-cı illərdə baş vermişdi:

“Dağlıq Qarabağ nümayəndələrinin danışıqlardan çıxarılması ilə biz Artsaxın (Dağlıq Qarabağ – red) öz müqəddaratını təyinetmə şanslarını necə azaltdığımızı dərk etməmişdik. “İşğal olunmuş ərazidə” hansı öz müqəddəratını təyinetmə ola bilərdi?”

Qatar 2016-cı ilin aprelində hərəkətə başlamışdı

Ermənistan baş naziri onu rusiyayönlü siyasət yürütməməkdə ittiham edənlərin iddialarını da rədd edir.

Paşinyan hesab edir ki, 2016-cı ilin aprelində hərəkətə başlamış qatarı artıq dayandırmaq mümkün deyildi.

Bununla belə, Paşinyan düşünür ki, ərazilərin, əvəzində heç nə almadan qaytarılması elə də xoşa gələn variant deyildi:

“İndi əlbəttə, retrospektiv baxımdan demək olar ki, bu indi düşdüyümüz vəziyyətdən daha yaxşı olardı. Ən azı minlərlə insan həyatını xilas edərdik. Amma bu retrospektiv baxışdır. Retrospektiv baxımdan bunu 1997, 2004, 2011 və nəhayət 2016-cı ildə də etmək olardı. Bunu 2020-də də etmək olardı. Amma biz özümüzü hansı arqumentlərlə inandıra bilərdik ki, müharibədə uduzacağıq...”

Paşinyan qeyd edir ki, 2020-ci ilin iyul döyüşləri də situasiyanın qiymətləndirilməsinə mənfi təsir göstərib.

Onun fikrincə bu döyüşlərdə Azərbaycanın elit qoşunları uğur qazana bilməmişdi.

Baş nazirin fikrincə, Azərbaycan bundan sonra müharibəni təkbaşına uda bilməyəcəyini başa düşmüş və münaqişəyə Türkiyəni cəlb etməyə başlamışdı.

Paşinyan yazır ki, bundan sonra Azərbaycan mahiyyəti etibarilə danışıqlara girmir, ərazilərin qaytarılmasını tələb edirdi.

Müharibə Horadiz yox, Şurnuxu ətrafında başlasaydı

Məqalədə deyilir ki, müharibə başlanandan sonra onun dayandırılması Ermənistan və Artsax (Dağlıq Qarabağ - red) üçün fəlakətli nəticələrə səbəb olardı.

Bu da qeyd olunur ki, ərazilər Azərbaycana dinc yolla da qaytarılsaydı, Şurnuxu kəndində baş verənlər, Şurnuxuda və Vorotandakı 20 ev üstündə sərhəd mübahisəsi yenə də olacaqdı.

Paşinyan əlavə edir ki, amma bütün bu məsələlərdə Ermənistan “hər bir qarış” üçün mübarizə aparıb:

“Əgər biz torpaqların dinc şəkildə qaytarılması ssenarisi ilə mübarizə aparsaydıq, onda deməli müharibə Horadiz ətrafında yox, Şurnuxu ətrafında başlamalı idi. Bu ssenari ilə müharibə elə Şurnuxu ətrafında da qurtarmalıydı. Hərçənd bəziləri əllərindən gələni əsirgəmirlər ki, Şurnuxu ətrafında yenidən müharibə başlansın”.

“Mən Azərbaycanı məyus etmişəm...”

Paşinyan torpaqların dinc yolla qaytarılması ilə daha çox şeyə nail oluna biləcəyini deyənlərə də cavab verir.

O deyir ki, bu mümkün idisə, bunu ondan əvvəlkilər, Azərbyacan hələ hərbi baxımdan zəif olanda niyə etməyiblər:

“Biz qalib mövqeyində idik. Amma bütün danışıqlar prosesi zamanı bu qalib mövqeyindən nə isə konkret bir nəticənin əldə olunması üçün istifadə etməmişik”.

Ermənistan baş naziri yazır ki, bəziləri əvvəlcə 5 rayonun niyə qaytarılmadığını və qalan iki rayonun isə Dağlqı Qarabağın statsuna bağlanmamasını soruşurlar:

“Bu məntiqili arqumentdir. Amma Azərbaycan 2011-ci ildə qəti şəkildə razılaşmadığı ilə niyə 2018 və ya 2020-də razılaşmalı idi. O vaxt o, Kazanda xarici işlər nazirləri səviyyəsində razılaşdırılmış sənədi imzalamaqdan imtina etmişdi. Xatırladıram ki, o vaxt Azərbaycan müharibəyə indikindən daha az hazır idi”.

Paşinyan xatırladır ki, bəziləri onu verdiyi bəyanatlarla Azərbaycanın bütün ümidlərini itirməsinə səbəb olmaqda ittiham edirlər:

“Mən də elə onu deyirəm. Deyirəm ki, 20 il ərzində danışıqların məqsədi Azərbaycana ümid vermək olub. Mən faktiki olaraq artıq formalaşmış ümidlər fonunda Azərbaycanı məyus etmişəm. Bəs Azərbaycana ümid vermək strategiyası nə ilə və nə vaxt qurtarmalıydı?”

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, həmin il noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG