Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Paşinyan polisin katolikosa qarşı hərəkətlərini müdafiə edir


Baş nazir Nikol Paşinyan mayın 28-də Sərdarabad kompleksində keçirilən mərasimdə
Baş nazir Nikol Paşinyan mayın 28-də Sərdarabad kompleksində keçirilən mərasimdə

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 29-da bundan bir gün əvvəl polis zabitlərinin Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginin və onu müşayiət edən ruhani xadimlərin Sərdarabad xatirə kompleksinə girişinə mane olmalarına haqq qazandırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qaregin və əshabələri Ermənistanın Respublika Gününün qeyd olunduğu xatirə kompleksinə gül-çiçək əklilləri qoymağa və dualar etməyə gəlmişdilər.

Onlar gələndə baş nazir və digər vəzifəlilər rəsmi mərasimi yarım saat idi ki, bitirmiş və çıxıb getmişdilər.

Mərasimdə Paşinyanın özü nitq söyləmişdi.

Azatutyunun yazdığına görə Paşinyan Sərdarabad kompleksinə daha tez gəlməli idi, amma burada antihökumət mitinqlərinə başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları toplaşmışdılar.

Yerevanın 40 kilometrliyindəki xatirə ansamblına yüzədək tərəfdarı ilə bir gün əvvəl gəlmiş Qalstanyan iddia etmişdi ki, onunla görüşdən çəkinən baş nazir mərasimə gəlməyəcək.

Azatutyun yazır ki, bütün ermənilərin katolikosuna qarşı polisin belə hərəkətləri Eçmiadzin və əksər diaspora kilsələrində pislənib. Müxalifət liderləri də II Qareginə qarşı belə hərəkətlərə görə Nikol Paşinyanı ittiham ediblər.

Polis uzun mübahisədən sonra katolikosun xatirə kompleksinə girişinə icazə verib
Polis uzun mübahisədən sonra katolikosun xatirə kompleksinə girişinə icazə verib

“İbadətə, yoxsa təxribata?”

Paşinyan mayın 29-da deyib ki, polis katolikosun dəstəsini dayandıraraq onların gəlişinin məqsədini öyrənməyə çalışıb.

Onun sözlərinə görə polis onların “abidəyə baş çəkmək”, yoxsa Kilsə tərəfindən dəstəklənən “təxribatçı hərəkətləri” davam etdirmək üçün gəldiklərini aydınlaşdırmağa çalışıb.

Baş nazir vurğulayıb ki, polis bütün lazımi suallara cavab aldıqdan və onların yalnız “mərasim məqsədilə” gəldiklərinə əmin olduqdan sonra katolikosu və əshabələrini xatirə kompleksinə buraxıb.

Azatutyun yazır ki, polislə ruhanilər arasında qarşıdurmanı əks etdirən videolar sosial şəbəkələrdə geniş dövriyyə olunur.

Eçmiadzinin mətbuat katibi keşiş Yesayi Artenyan isə bildirib ki, polis öz hərəkətlərinin səbəbini bildirməyib və sadəcə olaraq II Qareginin kompleksə girişini bloklayıb.

Artenyan Azatutyuna deyib ki, Qareginin ofisi Paşinyan hökumətinin protokol xidmətini katolikosun xatirə kompleksinə baş çəkəcəyi barədə əvvəlcədən xəbərdar etmişdi.

Nazir keşiş Baqratyanın tələbini rədd edib

Bir aya yaxındır ki, keçirdiyi etiraz aksiyaları ilə Paşinanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan daxili işlər nazirindən nazirliyin binasından çıxaraq onunla etirazçıların qarşısında söhbət etməsini tələb etmişdi.

Nazir Vahe Qazaryan isə köməkçiləri vasitəsilə keşişə çatdırmışdı ki, onunla yalnız öz kabinetində görüşə bilər. Keşiş Qalstanyan bundan imtina etmişdi.

Bunun ardınca Qalstanyan və tərəfdarları burada beş saata yaxın gözlədikdən sonra Daxili İşlər Nazirliyinin ətraflarını tərk etmişdilər.

Azatutyun yazır ki, Qazaryan ehtimalən bu səbəbdən parlamentin bugünkü iclasında çıxış etməyib və müdafiə və təhlükəsilik komitəsində hesabat üçün müavinlərindən biri - Arpine Sarkisyanı göndərib.

Sarkisyan nazirin parlament iclasına gəlməməsinin səbəbini şərh etməkdən imtina edib.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Geğam Manukyan deyib ki, nazir parlamentin iclasına “qorxusundan” gəlməyib.

Müdafiə və təhlükəsizlik komitəsinin sədri deputat Andranik Koçaryan isə Manukyana deyib:

“Burda səndən qorxan yoxdur”.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Onlar demarkasiya işlərinə mane olmaq üçün Yerevan-Tbilisi magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə razılaşmaya görə Azərbaycanın nəzarətinə düşür.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Kilsə müxalifət rolunda

Erməni Kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün Yerevana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan etmişdi.

Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər.

II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının deputatları Nikol Paşinyana qarşı impiçment proseduruna hazırlaşdıqlarını deyiblər.

Lakin bunu etmək üçün müxalifət parlamentdə kifayət qədər mandata malik deyil.

Qalstanyan Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginlə “iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini” etiraf edib.

Paşinyan və Ermənistan hökumətinin başqa rəsmiləri Erməni Kilsəsini siyasətə müdaxilə etməkdə günahlandırırlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG