Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Paşinyan erkən seçkiyə gedə bilərmi?


Aram Sarkisyan
Aram Sarkisyan

Ermənistanın baş naziri Nikol Paşinyan böyük bir ehtimalla Ermənistan konstitusiyasının dəyişdirilməsi üçün referendumla eyni vaxtda növbədənkənar parlament seçkisi keçirəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Paşinyana müttəfiq olan siyasi partiyanın lideri bəyan edib.

Respublika partiyasının başçısı Aram Sarkisyan deyib ki, baş nazir yalnız bu üsulla konstitusiyanın dəyişdirilməsi üçün referendumda kifayət qədər səs qazana bilər:

“Əgər referendumdan “hə” cavabı almaq istəyirsənsə, onda səsvermədə 850 mindən 1 milyonadək seçici iştirak etməlidir. Əgər konstitusiyanın dəyişdirilməsinə azı 630 min nəfər “hə” desə, “yox” deyənlər də olacaq. Referendumu qazanmaq üçün 1 milyon seçicinin cəlb olunması lazımdır. Bu isə parlament və icra hakimiyyətinin seçkisi vaxtı baş verə bilər”.

Ermənistan qanunlarına görə konstitusiyanın dəyişdirilməsi üçün referendumda iştirak edənlərin əksəriyyətinin bu dəyişiklikləri dəstəkləməsi tələb olunur. Bu isə 2.5 milyonluq elektoratın azı dörddə biri deməkdir.

Sarkisyan bu barədə ehtimalını bildirib:

“Mənim hakimiyyətin ovqatından başa düşdüyümə görə onlar referendumu ən geci bu payız keçirəcəklər. Mənim şübhəm yoxdur ki, referendum yeni parlament seçkisi ilə eyni gündə keçiriləcək. Mən düşünürəm ki, onlar seçkini elə bu yaz keçirərdilər, amma referenduma hazırlıq çox vaxt aparır”.

Şayiələr və təkzib

Azatutyun yazır ki, son aylarda Ermənistan mediası da Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün yeni mandata sahibllənmək istədiyini yazır. Amma baş nazir bu kimi xəbərləri dekabrda təkzib etmişdi.

Hakim Vətəndaş müqaviləsi partiyasının iki vəzifəli üzvü də Sarkisyanın iddialarını şərh edərkən seçki keçirilməsi planlarının olduğunu təkzib edib.

Paşinyanın partiya üzrə müavini Vahaqn Aleksanyan deyib ki, partiya erkən seçkiyə heç bir ehtiyac görmür.

Hakim partiyanın daha bir vəzifəlisi Vaqarşak Akopyan da deyib ki, qəfil seçkilərə "ictimai tələb" yoxdur.

O əlavə edib ki, hələlik konstitusiya referendumunun keçirilməsi barədə də qəti qərar qəbul edilməyib.

Paşinyan demişdi ki...

Paşinyan bu həftənin əvvəlində Bakı və Yerevan arasında sülh müqaviləsində artıq razılaşdırılmış maddədən danışmışdı:

"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG