Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Nikol Paşinyan Əliyevin bəyanatlarını tənqid edib


Azərbaycan Ermənistana qarşı hərbi təzyiq siyasəti yürütməkdə davam edir.

AzadlıqRadiosunun Erməni xitməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan fevralın 15-də keçirdiyi hökumət müşavirəsində deyib.

O bidlriib ki, fevralın 13-də Nerkin Andda baş verənlər Azərbaycanın destruktiv siyasətinin nümayişidir.

Paşinyan habelə bu insidentdə həlak olmuş dörd erməni hərbçinin doğmalarına başsağlığı verib.

Baş nazir bildirib ki, bu insident barədə Bakıdan gələn informasiya araşdırılır. O deyib ki, hadisə zamanı bir Azərbaycan sərhədçisi yaralanıb, lakin Azərbaycan tərəfi ertəsi gün Nerkin Anddakı Ermənistan mövqelərini aşırı şiddətli atəşə tutub:

"Hadisələrin təsviri göstərir ki, Azərbaycanın niyyətləri dəyişməyib. Bu, Ermənistan Respublikasına qarşı hərbi təzyiq siyasətinin davam etdirilməsidir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhəddə stabillik və təhlükəsizliyin təmin olunmasına heç bir maraq göstərmir”.

Paşinyanın sözlərinə görə, Azərbaycan “istədiyimi mənə danışıqlar yolu ilə ver, yoxsa onu hərb yolu ilə alacağam” siyasəti yürüdür.

Almatı Bəyannaməsi

Paşinyan Azərbaycanın daim “4 kəndin əraziləri” barədə söz açmasına toxunaraq deyib ki, Bakı eyni zamanda Ermənistan Respublikasının anklav olmayan 31 kəndinin həyati ərazilərini işğal etdiyini danır.

Ermənistan baş naziri qeyd edib ki, Ermənistanın mövqeyi konstruktivdir:

"Biz deyirik ki, qoşunların indiki mövqelərindən geri çəkilməsi üçün Ermənistan-Azərbaycan sərhədinin xəritəsinə baxmaq və qoşunları sərhəd xəttinə çəkmək lazımdır. Başqa sözlərlə əgər sərhədin qurulmasından sonra məlum olsa ki, həmin xəttin içərisində bu və ya digər tərəfin qoşunları var, onlar sərhəd xəttinin arxasına çəkilməlidir”.

Paşinyan çıxışında bir daha 1991-ci il Almatı Bəyannaməsindən söz açıb və deyib ki, bu sənəd sərhədin demarkasiyası üçün siyasi baza olmalıdır:

"Bu o deməkdir ki, bizim Ermənistan SSR və Azərbaycan SSR arasında 1991-ci ildə de jure mövcud olmuş sərhədlərimizi hüquqi əsas kimi qəbul etməklə xəritə üzərində görəcəyimiz iş qalıb. Eksklavlar məsələsinə də eyni prinsiplər şamil edilməlidir. Deyək ki, Artsvaşenin (Azərbaycanda Başkənd -red) ərazisini müəyyən etmək üçün xəritə üzərində hüquqi sənədlərə əsasən sərhəd xətti çəkilməlidir”.

Paşinyan vurğulayıb ki, Azərbaycan daim belə həll üsullarından boyun qaçırır.

Paşinyan sərhədin rayon-rayon demarkasiyasını təklif edib

Baş nazir bəyan edib ki, o sərhədin rayon-rayon müəyyənləşdirilməsi, qoşunların mövqelərinə düzəliş verilməsinə, eksklav məsələlərini son mərhələyə saxlamaq variantına razıdır.

Paşinyan deyib ki, burada iki variant ola bilər: Ya bütün sərhəd demarkasiya olunmalıdır, ya da sərhəd sektorlara bölünərək demarkasiya edilməlidir.

O əlavə edib ki, hər iki variant Ermənistan üçün məqbuldur. Paşinyan iddia edib ki, Azərbaycan bu variantdan da boyun qaçırır.

Paşinyan bunun səbəbini belə izah edib:

"Bütün bunların bir səbəbi ola bilər. Ermənistana qarşı tammiqyaslı müharibə perspektivi ilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara başlamaq niyyəti. Rəsmi Bakıdan səslənən bütün bəyanatlardan və hərəkətlərdən belə bir niyyət görünür”.

“Ermənistan Konstitusiyası sülh müqaviləsinə mane olmur”

Azatutyun yazır ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də özünün inaqurasiya nitqində yenidən Ermənistanı hədələyib:

“Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.

Nikol Paşinyan Əliyevin bu bəyanatını ölkəsinin daxili işlərinə müdaxilə kimi dəyərləndirib. O iddia edib ki, Ermənistan Konstitusiyası sülh müqaviləsinin imzalanmasına maneə deyil:

"Mənim sülh müqaviləsi danışıqları zamanı dediyim kimi, Ermənistan və Azərbaycan sənədin bir sıra maddələri barəsində razılığa gəliblər. Və bunlardan biri də odur ki, tərəflər sülh müqaviləsinin öhdəliklərindən öz qanunvericilik aktlarına görə imtina edə bilməzlər”.

Paşinyan Ermənistanın sülh gündəliyinə sadiq qaldığını və razılaşdırılmış prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Ermənistan baş naziri Paşinyan bir müddət öncə indiki konstitusiyanı tənqid etmişdi. O, bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Amma Ermənistan müxalifəti dəyişikliyin əleyhinədir.

Bakıdan Paşinyana cavab

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında səsləndirdiyi fikirləri bölgədə “qəsdən gərginlik yaratmaq” kimi dəyərləndirib:

“... Hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır”.

Açıqlamada habelə vurğulanıb ki, Ermənistan baş nazirinin növbəti dəfə “Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın” tərkib hissəsidir:

“Həmçinin, 1991-ci ilin sərhədləri, Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə, razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.”

XİN hesab edir ki, Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından" əl çəkməlidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG