Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:30

Təşviqat başlayıb: 'Tendensiya seçki şikayətlərinin ildən-ilə azaldığını göstərir'


Məzahir Pənahov söz verir ki, pozuntular ciddi araşdırılacaq
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Məzahir Pənahov söz verir ki, pozuntular ciddi araşdırılacaq (2020)

Azərbaycanda bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində təşviqat üç gündür başlasa da, onunla bağlı bəzi şikayətlər eşidilir.

"Namizədliyinin ləğv olunmasını xahiş edirəm"

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə artıq rəsmi qaydada Mərkəzi Seçki Komissiyasına (MSK) da üz tutduğunu bildirir. O deyir ki, seçki təbliğat və təşviqat dövrü avqustun 9-dan başlamalı olsa da, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədi Anar Məmmədov bununla bağlı qanunvericiliyi pozub: "Anar Məmmədov avqustun 8-dən təbliğat posterini Tərtər rayonunun Borsunlu kəndində məntəqənin qarşısına vurub və seçki təbliğatına başlayıb. Bərabər rəqabətlilik imkanının təmin edilməsini - YAP-ın namizədi Anar Məmmədov təbliğata vaxtından tez başladığı üçün qanunların təmin olunması adına onun namizədliyinin ləğv olunmasını xahiş edirəm. YAP namizədinin bu addımı seçkini hörmətsizləşdirir, seçkinin etibarını vətəndaşlar arasında itirməsinə gətirib çıxarır, beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna zərər gətirir".

"Tamamilə yalandır, absurddur"

Amma qarşı tərəf şikayəti əsassız sayır. Namizəd A.Məmmədovun köməkçisi Elçin Cahangirov deyilənləri həqiqət saymır: "Tamamilə yalandır, absurddur, Anar müəllimin şəkili orada avqustun 9-dan asılıb. Xahiş edirəm belə məsələlərlə bağlı biz yormayın".

Amma şikayətlər təkcə təşviqat mərhələsi ilə bağlı deyil. Qeydiyyatla da bağlı şikayətlər hələ də eşidilməkdədir. Yeri gəlmişkən, avqustun 10-da MSK sədri Məzahir Pənahov bildirmişdi ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1 min 508 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onlardan 1 min 52 nəfərin namizədliyi qeydə alınıb.

"Gördülər mümkün deyil..."

Başqa bir şikayətçi - İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərov da AzadlıqRadiosuna deyib ki, namizədliyini irəli sürdüyü 32 saylı Suraxanı üçüncü seçki dairəsi onun imza vərəqlərində nöqsan tapmayıb, çünki tələb olunandan 200-dən çox - 700 imza toplayıb: "Əsas nöqsan o idi ki, son bir ildə gəlirimi 2 min 70 manat gizlətmişəm. Lakin mən bununla bağlı mərkəzimizin hesabı olan "KapitalBank"dan çıxarış təqdim etdim. Dairə seçki komissiyası (DSK) isə, guya, vergilərdən sənəd aldıqlarını deyib belə nəticəyə gəldiyini göstərirdi. Halbuki bu, elə bir məsələdir ki, gizlətmək mümkün deyil, onlar da yalnız bank vasitəsilə sənəd təqdim edə bilərdilər, amma bunu etmədilər. Gördülər mümkün deyil, aşkar şəkildə namizədliyimi qeydə almadılar".

F.Cəfərov apellyasiya şikayətinin təmin olunmadığını və Ali Məhkəməyə şikayət etdiyini, ancaq bu instansiyadan da müsbət qərar verilməyəcəyini düşünür.

Gülağa Aslanlı
Gülağa Aslanlı

"Kimsə küçəyə çıxıb beş nəfərlə söhbət edəndə..."

Müsavat Partiyasının Seçki Qərargahının sədri Gülağa Aslanlı deyir ki, üç gündür təşviqat başlasa da, bir elə hiss olunmur: "Yaşadığım Nəsimi-Binəqədi seçki dairəsində cəmi iki yer müəyyənləşdiriblər, birini açıq, ikincisi qapalı. Avqustun 10-da MSK sədri Məzahir Pənahov dedi ki, yalnız onların müəyyənləşdirdiyi yerlərdə görüş keçirilə bilər. MSK sədrinin söylədiklərindən belə anlaşılır ki, Bakı şəhərində seçki kampaniyası aparmaq mümkün deyil. Yəqin, gözləyirlər ki, kimsə küçəyə çıxıb beş nəfərlə söhbət edəndə başlarının üstünü kəsdirib imkan verməsinlər".

G.Aslanlı vurğulayır ki, bununla bağlı dairə seçki komissiyasına şikayət etmək niyyətindədir: "İkinci şikayət odur ki, qeydə alınmış namizədlərin siyahısını veriblər və orada "Müsavat Partiyası" sözü əvəzinə "Müsavat" yazıblar. Halbuki namizədlərimiz partiyamızın nizamnaməsini təqdim edib və orda yazılır ki, "Müsavat Partiyası" sözünün qısa abreviaturası yoxdur. Yəni, "Müsavat Partiyası" yazılmalıdır. Deməli, DSK rəhbərləri nizamnaməyə baxmırlar".

MSK-dan cavab...

MSK Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə deyir ki, onlara daxil olan şikayətləri, müraciətləri Seçki Məcəlləsinin tələblərinə və qurumun təsdiqlədiyi müvafiq təlimata əsasən araşdırırlar: "Bundan sonra komissiyanın iclasında müvafiq qərarlar qəbul edilir".

Onun deməsinə görə, MSK-nın daxilində doqquz, DSK-ların nəzdində isə üç nəfərdən ibarət Ekspert qrupu fəaliyyət göstərir: "Həmin bu qrupların rəyi əsasında şikayətlər və müraciətlər komissiyanın iclasına çıxarılır. Nəticə olaraq komissiyanın iclasında geniş müzakirə edilib müvafiq qərar verilir".

Ş.Əsədli Ş.Məcidzadənin şikayəti ilə tanış olmadığını, yalnız araşdırandan sonra münasibət bildirəcəyini söyləyib.

Mirəli Hüseynov
Mirəli Hüseynov

"Bu seçkilərdə onun yarısı belə yoxdur"

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov hesab edir ki, indiki mərhələdə müəyyən şikayətlər olsa da, çox deyil: "MSK-nın saytından görmək mümkündür ki, bu seçkilərdə MSK tərəfindən 14 şikayətə baxılıb və qərar verilib. Məhkəmələrə nə qədər şikayət verilməsi ilə bağlı məlumatlı olmadığımdan bu barədə nəsə demək bir az çətindir. Lakin media məlumatlarına əsaslanaraq bu instansiyaya da şikayətlərin diqqətçəkici olmadığını deyə bilərik".

M.Hüseynovun sözlərinə görə, yalnız bu seçkilərdə deyil, əvvəlki seçkilərdə də şikayətlər əhəmiyyətli sayda az olub: "Tendensiya seçki şikayətlərinin ildən-ilə azaldığını aşkar şəkildə göstərir. Məsələn, 2020-ci il parlament seçkilərində namizədliyin qeydə alınması ilə bağlı MSK-ya 30-dan çox şikayət daxil olduğu halda, bu seçkilərdə onun yarısı belə yoxdur".

O, mövcud vəziyyətin səbəblərini seçki təcrübəsində axtarmağı vacib sayır: "Seçki praktikasındakı çatışmazlıqlar və bunların aradan qaldırılmasına təşəbbüslərin olmaması, o cümlədən yerli və beynəlxalq seçki müşahidə missiyalarının tövsiyələrinin qulaqardına vurulması indiki durumu şərtləndirir".

M.Hüseynovun fikrincə, şikayəti araşdıran qurumların davamlı şəkildə qəbul etdikləri qeyri-obyektiv qərarlar seçki iştirakçılarının bu qurumlara etimadını azaldıb: "Məncə, bu seçkilərdə şikayətlərin az olmasına təsir göstərən amillər sırasında həmçinin real iddiaçıların sayının az olması da yer alıb".

Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?
Gözlə

No media source currently available

0:00 0:06:29 0:00

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkiləri bu ilin noyabrında olmalı idi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb oldu.

XS
SM
MD
LG