Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Parisdə üç nəfər öldürülüb, kürdlər polislə toqquşub


Fransa polisi Parisin mərkəzində üç nəfərin qətlə yetirilməsinin ardınca hadisə yerinə toplaşmış kürd etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib.

Xəbər verilir ki, kürd diasporasının nümayəndələri və polis arasında toqquşma daxili işlər naziri Jerald Darmanin (Gerald Darmanin) hadisə yerinə baş çəkərkən başlanıb.

Kürd Mədəniyyət Mərkəzinin, kürdlərə aid bərbərxana və restoranın yanında bir nəfərin atəş açması nəticəsində 3 nəfər həlak olub.

Darmanin jurnalistlərə deyib ki, 69 yaşlı milliyyətcə fransız şübhəli heç bir ifrat sağçı qruplaşmaya bağlı deyil.

Bununla belə nazirin sözlərinə görə onun əcnəbiləri hədəfləməsi aşkardır:

“Hazırda əldə olunmuş məlumatlar spesifik olaraq kürdlərin hədəfləndiyini göstərmir”.

Fransa prezidenti Emmanuel Makron hadisə barədə Twitter-də yazıb:

“Fransa kürdləri Parisin mərkəzində iyrənc hücuma məruz qalıb. Mənim ürəyim hazırda həyatları üçün çarpışan yaralılar, onların ailələri və sevdikləri ilədir. Mən hüquq-mühafizə orqanlarımıza igidliyinə və soyuqqanlılığına görə təşəkkür edirəm”.

Bu da bildirilir ki, ölkə boyunca kürd obyektlərinin və Türkiyənin diplomatik missiyalarının mühafizəsinin gücləndirilməsinə göstəriş verilib.

Darmanin Fransa prezidentindən və baş nazirindən kürdlərin dinc nümayişlər keçirmələrinə icazə verilməsini xahiş edib.

Parisdə kürd mərkəzi və restoranının yaxınlığında üç nəfər öldürülüb

Dekabrın 23-də Parisin mərkəzindəki kürd icma mərkəzinin yanında və başqa yerlərdə atəş açan 69 yaşlı şəxs saxlanıb.

The New York Times bu hücum nəticəsində azı üç nəfərin öldüyünü xəbər verir.

Paris prokurorunun verdiyi məlumata görə atışma nəticəsində yaralanmış daha üç nəfərdən birinin vəziyyəti ağırdır.

Fransa rəsmiləri bildirirlər ki, restoranda, bərbərxanada və daha sonra kürd icma mərkəzi yaxınlığında atəş açan şəxs yüngül yaralandıqdan sonra saxlanıb və xəstəxanaya aparılıb.

France 24 restoranın da kürdlərə məxsus olduğunu xəbər verir.

Rəsmilər hücumun motivlərinin hələlik bilinmədiyini deyirlər.

Paris prokuroru Lora Bekua (Laure Beccuau) bildirib ki, polis mümkün irqçi motivli hücumu araşdırır.

Bu yaxınlarda azadlığa buraxılıb

Prokuror əlavə edib ki, şübhəlinin kimliyi də araşdırılır. Onun bundan əvvəl Parisin Bresi məhəlləsində çadırlarda yaşayanlara hücum etməkdə şübhəli bilindiyi deyilir.

O 2021-ci ildə həbs olunsa da bu yaxınlarda azadlığa buraxılıb.

Fransa 2015 və 2016-cı illərdə genişmiqyaslı islamçı terror hücumları ilə üzləşməli olub.

Xanım Bekua həmin şəxsin bundan az əvvəl məhkum edildiyini də bildirib.

Paris meri Ann Hidalqo (Anne Hidalgo) Twitter-də polisə qətiyyətli hərəkətinə görə təşəkkür edib, həlak olanların yaxınlarına başsağlığı verib.

Parisdə on il bundan əvvəl üç kürd fəal qadın güllələnərək qətlə yetirilmişdi.

Onların arasında Kürdüstan İşçi Partiyası – PKK-nın əsasını qoymuş Sekine Cansız da vardı.

XS
SM
MD
LG