Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Özəl məktəblər yaxşıdır, yoxsa dövlət məktəbləri?


Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?

Özəl və dövlət məktəbləri arasındakı rəqabət son buraxılış imtahanlarının nəticələri fonunda ayrıca diqqət çəkir. Məsələ burasındadır ki, həmin bilik sınağında maksimum bal toplayan şagirdlərin çoxu dövlət məktəblərində oxuyanlardır. Təhsil eksperti Elçin Əfəndiyev də AzadlıqRadiosuna verdiyi açıqlamasında bunu təsdiqləyib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2024-cü ilin buraxılış imtahanında ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeliyindəki liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər. Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonu məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).

Bu nəticələr təhsilin keyfiyyəti və nailiyyət arasındakı əlaqə ilə bağlı mühüm suallar doğurur. Özəl məktəblər, yoxsa dövlət məktəbləri daha keyfiyyətli təhsil təklif edir? Özəl məktəblərdə təhsil haqqı tədris keyfiyyətinə mütənasibdirmi?

E.Əfəndiyev bəzi parametrlərdə özəl məktəblərin dövlət məktəblərini üstələdiyini, ancaq dövlət məktəblərinin də uğur göstəriciləri baxımından üstün olduğu məqamlar olduğunu deyib: "Dövlət təhsil ocaqları ilə müqayisədə bəzi hallarda özəl müəssisələrin də uğur qazandığını görürük. Məsələn, ingilisdilli bölmələr. Özəl təhsil ocaqlarının şagirdləri nizam-intizam baxımından daha çox seçilirlər. Bu kimi parametrlərdə özəl məktəblər dövlət təhsil müəssisələrini üstələyir. Amma bir çox hallarda dövlət müəssisələri də özəlləri üstələyir".

Fikirlər birmənalı deyil

Azərbaycanda özəl məktəblərlə dövlət məktəbləri arasında tədrisin keyfiyyətinə birmənalı baxış yoxdur. Mütəxəssislər özəl məktəblərin say azlığını, özəlliklə bölgələrdə belə məktəblərin çatışmadığını vurğulayırlar. Həmin məktəblərdə təhsil alan şagird sayı da azdır – cəmi min 489 nəfər.

İntizamsız şagird videoları kütləvi yayılır- məktəblərə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Təhsil eksperti Kamran Əsədov AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Burada təhsil alanların sayı da dövlət orta məktəbləri ilə müqayisədə dəfələrlə azdır: "Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Türkiyədə, təkcə İstanbulda 7 min orta məktəbdən 3 min 500-ü özəldir. Bu, həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət ortamı formalaşdırır".

Ekspert E.Əfəndiyev rəqabətliliyin xidmət keyfiyyətinə də təsir göstərdiyini vurğulayır və bildirir ki, hansı təhsil ocağı daha keyfiyyətli xidmət təklif edirsə, ona müraciət sayı və müştəri potensialı da o qədər çox olur: "Maliyyə tərəfi inkişaf etdikcə, rəqabət baxımından digər müəssisələri üstələmək üçün xidmətlərini gəlişdirməyə çalışırlar. Hətta daha çox rəqabət məsələsi məhz özəl müəssisələrin say çoxluğundan asılıdır. Burada maliyyə durumu və təhsilin keyfiyyəti bir-biriylə bağlıdır".

Özəl məktəblərdə təhsil haqqı

Valideyn Vüsalə Məmmədovanın övladı əvvəl dövlət məktəbində oxusa da, sonradan təhsilini Bakı Atatürk Liseyində davam etdirib. O, digər övladının da özəl məktəbdə təhsil aldığını deyir və ödədiyi təhsil haqqının qarşılığını gördüyünü düşünür.

Ekspert K.Əsədov təhsil haqqı miqdarının özəl məktəblərə əlçatımlılığın önünü kəsdiyini söyləyir. Onun sözlərinə görə, ölkədə özəl orta məktəblərin təhsil haqqı məbləği valideynlərin cibinə heç uyğun gəlmir: "Bu gün ölkədə keyfiyyətli təhsil ocaqlarına ciddi ehtiyac var. Di gəl, aztəminatlı əhalini də nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir".

Hazırda ölkədə fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqqı 3 min 500-55 min manat aralığındadır. Ancaq özəl məktəblərin maliyyə qaynaqları yalnız təhsil haqqı ilə yekunlaşmır. Gəncə Dünya Məktəbinin direktoru Vahid Həsənov özəl təhsil ocaqlarının maliyyə qaynaqları arasında idman komplekslərinin, təhsil mərkəzlərinin, dərnəklərin adını çəkir və belə sahələrin də məktəbə bəlli miqdarda gəlir gətirdiyini deyir.

Valideyn Günay Vahabovanın övladı Elm və Təhsil Nazirliyi tabeliyindəki Elitar Gimnaziyada təhsil alır. O, özəl məktəblərdə təhsil haqqının daha çox tədrisə deyil, geyim, qida kimi gərəklərə xərcləndiyini, bu üzdən uşaqları ödənişi yüksək olan özəl məktəblərə qoymağa ehtiyac görmədiyini söyləyir. O deyir ki, özəl məktəblər çox vaxt pul tələsi rolunu oynayır. Onun fikrincə, tədris proqramı eynidir və şagirdlər dövlət məktəbində də özəllərdəki kimi təhsil ala bilərlər.

6 məzundan 4-nün gəldiyi son zəng: İşsizlik bu kənddə şagird azlığı yaradıb
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Özəl məktəblərdə təhsilin keyfiyyətinə necə nəzarət olunur?

K.Əsədov özəl məktəblərdə problemin sadəcə yüksək təhsil haqqı olmadığını söyləyib: "Müxtəlif özəl məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərir. Səfirliklər öz əməkdaşları üçün məktəb aça, kadrları da, məktəb də həmin dövlətin dilində fəaliyyət göstərə bilər. Həmin məktəblərdə ölkəmizin tarixi, coğrafiyası, dili də öyrədilməlidir. Digər tərəfdən, Azərbaycanın təşkil etdiyi məktəblər, əsasən, milli kadrlardan ibarət olmalı, öyrədilən biliklər öz dövlətimizin standartına, milli-mənəvi dəyərlərimizə əsaslanmalıdır. Təəssüf ki, bir sıra orta məktəblər var, xaricdən mütəxəssislər dəvət olunur, dərs proqramı xaricdən gətirilir, tərbiyə aspekti milli dəyərlərimizdən kənar olur".

Təhsilin keyfiyyətinə nəzarətdən söz açan başqa bir ekspert - E.Əfəndiyev təhsilin keyfiyyətinə məktəb rəhbərliyinin nəzarət etdiyini, ancaq yekun hesabatların Elm və Təhsil Nazirliyinə təqdim olunduğunu deyir.

Təhsil mütəxəssisi Vahid Həsənov da özəl məktəbdə təhsilin keyfiyyətinə yalnız məktəb rəhbərliyinin nəzarət etdiyini söyləyir.

"Özəl məktəbləri məmurlar açmamalıdır"

Ekspert K.Əsədov deyir ki, özəl məktəblərin açılması dövlətin yükünü azaldır və bu, yaxşı haldır, amma özəl məktəbləri məmurlar açmamalıdırlar: "Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu, yenə yaxşı haldır. Beləsi, ən azından, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq. Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin. Təəssüf ki, özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi düşünürlər".

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Özəl və dövlət məktəbləri arasında fərqlər

Özəl məktəb məzunları və övladı özəl məktəbdə təhsil alan valideynlərlə söhbətlər təhsilin keyfiyyəti baxımından özəl və dövlət məktəbləri arasındakı fərqin olmadığını söyləməyə əsas verir.

Bakı Oksford Məktəbinin məzunu Südabə Hüseynova özəl məktəb təhsili ilə dövlət məktəbi arasındakı fərqlərdən danışarkən, özəl məktəblərdə təhsil anlayışının üç əsas aspektini vurğulayıb - müəllimlərin şagirdlərə yanaşmasını, təhsil proqramını, bayram və xüsusi günlərin qeyd edilməsini. S.Hüseynova deyir ki, özəl məktəblərdə müəllimlər şagirdlərə fərqli yanaşırlar, hər bir şagirdə hörmət edir və onlara yaşca böyük insanlarla doğru ünsiyyət qurmağı öyrədirlər.

Övladı Bakı Atatürk Liseyində oxuyan Vüsalə Məmmədova özəl məktəb seçimində aktiv və güvənli ortamın önəmli olduğunu deyib. O, övladının liseydə müəllimlərlə polemika apardığını və özünə gələcək qurmaq istəyən uşaqlardan ibarət mühit olduğunu bildirib və özəl məktəbdə psixoloq dəstəyinin olmasını da üstünlük sayıb.

Abituriyent N.F. (kimliyinin açıqlanmasını istəməyib) özəl məktəblərin daha etibarlı mühit təmin etdiyini deyir. O, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alsa da, özəl məktəblərin daha əlverişli imkanlar təklif etdiyini söyləyir. Onun fikrincə, özəl məktəblərdə perspektiv də böyükdür, çünki xarici dil biliyini artırmaq imkanı çox olur və bu da universiteti xaricdə oxumağı asanlaşdırır. N.F. düşünür ki, özəl məktəblərdə müəllimlər daha peşəkar və təcrübəli olduqlarına görə burada təhsilin keyfiyyəti də yüksək olur.

Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

Bəs müəllimlər nə deyirlər?

Özəl məktəblərdə müəllimlər işə qəbul üçün məktəb rəhbərliyinin təsdiqini almalıdırlarsa, dövlət məktəblərində bu, MİQ imtahanı ilə tənzimlənir. Ancaq özəl və dövlət məktəblərində müəllimlərin əməkhaqqı və dərs yükü arasında da fərqlər var. "Dünya Məktəbi"ndə müəllim çalışmış Səbinə Məmmədova şagirdə necə yanaşmanın əsas olduğunu deyir: "Dərsi keçdin, getdin-gəldin, - olmur. Bu baxımdan, özəl məktəbin çətinliyi, yükü çoxdur. Özəl məktəbdə işləmək istəyirsənsə, öz üzərində çalışmalısan".

Göygöl rayon Köşkü tam orta məktəbinin coğrafiya müəllimi Leyla Rzayeva kənd məktəblərində dərs saatının az olduğunu və əməkhaqqının dərs saatına uyğun hesablandığını deyir. Ancaq o düşünür ki, müəllim peşəsində əsas gəlir deyil, gələcəyin ən dəyərli kapitalına - şagirdə verilən təhsildir. L.Rzayeva dövlət məktəblərində də şagirdlərin passiv dinləyici yox, aktiv tədqiqatçı rolunda olması gərəkdiyini vurğulayıb: "Müasir tədris proqramının nəticəsidir ki, texnologiyaların dərslərə tətbiqi şagirdlərin dərsə olan marağını daha da artırır".

Məzunların, pedaqoq və təhsil ekspertlərinin açıqlamaları onu göstərir ki, özəl və dövlət məktəbləri arasında təhsil keyfiyyəti baxımından önəmli bir fərq yoxdur. Şagirdləri yönləndirmək və yetişdirmək baxımından özəl məktəblər daha diqqətlidir. Bilgi və təcrübə alış-verişi etmək həm özəl, həm də dövlət məktəblərinin daha effektiv işləməsinə gətirib çıxara bilər.

Azərbaycanda özəl məktəb yaratmaq üçün nə tələb olunduğunu, kimlərin özəl məktəb yarada biləcəyini və pedaqoqların seçimində ETN-in rolu haqqında nazirliyə ünvanlanan suallar bu yazı hazırlanarkən, hələ cavablandırılmamışdı.

XS
SM
MD
LG