Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Özbəkistanda daha 39 qaraqalpaq fəalın məhkəməsi başlanıb


Məhkəmə dinləməsi
Məhkəmə dinləməsi

Özbəkistanın Buxara şəhərində ötən il Qaraqalpaqıstan Muxtar Respublikasında keçirilən icazəsiz antihökumət aksiyasında iştirak etmiş 39 fəalın işi üzrə yeni məhkəmə başlanıb.

Özbəkistanın Ali Məhkəməsi fevralın 7-də bildirib ki, müttəhimlərdən 20-si kütləvi iğtişaşların təşkilində, 7 nəfəri sosial narazılıq yaradan materialların yayılmasında, daha 7 müttəhim ciddi bədən xəsarəti yetirməkdə, 4 nəfəri isə odlu silahdan qanunsuz istifadədə ittiham olunur. 1 nəfərin işgəncə və şantajda günahlandırıldığı qeyd olunur.

Eyni məhkəmə ötən həftə qaraqalpaq fəalların 22 nəfərdən ibarət başqa bir qrupunun işinə baxırdı.

Həmin məhkəmə hüquq müdafiəçisi və jurnalist Dauletmurat Tajimuratovu hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu pozmaq cəhdlərində, habelə kütləvi iğtişaşların təşkilində, mənimsəmədə və çirkli pulların yuyulmasında təqsirli bilərək 16 il müddətinə azadlıqdan məhrum edib.

Başqa bir jurnalist – Lolaqul Qallıxanova da daxil 4 müttəhimə icbari işlər verilib.

Qalan 17 nəfər isə üç ildən 8 il yarımadək müddətində azadlıqdan məhrum edilib.

Həbsxanada ölüm hadisəsi

Özbəkistanın Baş Prokurorluğu fevralın 6-da bildirib ki, ötən həftə barəsində 6 il həbs cəzası hökmü çıxarılmış Polat Şamşetov həbsdə ikən “ağ ciyər arteriyasının trombundan və kəskin ürək tutmasından” vəfat edib.

Həbsdəykən vəfat etdiyi deyilən Polat Şamşetov
Həbsdəykən vəfat etdiyi deyilən Polat Şamşetov

Mühacirətdə yaşayan qaraqalpaq fəallar bildirirlər ki, 45 yaşlı Şamşetov ona həbsdə verilən işgəncələrdən vəfat edə bilərdi.

Onlar Şamşetovun ölümünün araşdırılmasını tələb ediblər.

Yeri gəlmişkən Avropa İttifaqı da Qaraqalpaqıstan hadisələrinin ciddi araşdırılmasına çağırıb.

Nə baş vermişdi

Özbəkistan rəsmiləri bildirirlər ki, ötən iyul ayında muxtar respublikada baş vermiş etirazlar zamanı 21 nəfər həlak olub.

Etiraz aksiyaları ötən il iyulun 1-də başlamışdı. Aksiyaçılar Özbəkistan Konstitusiyasına düzəliş təkliflərinə qarşı çıxış edirdilər.

Bu təkliflərdən birinə görə Qaraqalpaqıstanın referendum əsasında Özbəkistandan ayrılmaq hüququna dair maddə Konstitusiyadan çıxarılmalı idi.

Lakin etirazların ardınca baş vermiş iğtişaşlarda azı 18 nəfər öldükdən 4 gün sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev sözü gedən təklifi geri götürməli olmuşdu.

Qaraqalpaqıstan Muxtar Respublikası

Qaraqalpaqlar Mərkəzi Asiyanın türkdilli xalqlarından biridir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra ordan çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir.

Daşkənd məhz bu hüququn ləğv edilməsinə çalışırdı.

Qaraqapaqıstanda Özbəkistanın 35 milyonlıuq əhalisinin 2 milyonu yaşasa da, o ərazisinə görə ölkənin üçdə birini təşkil edir.

XS
SM
MD
LG