Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:41

Oruc Şirinov – 20 Yanvarda Azərbaycanı dünyaya bağlayan adam


O.Şirinov
O.Şirinov

Mirzə Xəzər: «Rəhmətlik Oruc Şirinov vardı...»

«20 Yanvar hadisələrindən sonra Orucu çox axtardıq, tapa bilmədik. Anam ağlayırdı ki, Oruc ölüb, Oruc yoxdur. Səhər açılanda yoldaşım, qayınanam, baldızlarım bizə gəldi, yas evinə gəlmişdilər elə bil, başsağlığına. Heç kim onun sağ qaldığını düşünmürdü», - Gündüz Şirinova deyir, rabitəçi O.Şirinovun bacısı. 1990-cı ilin 20 yanvarında beynəlxalq rabitə xəttini açmaqla Bakıdakı faciənin dünyaya çatdırılmasına nail olan O.Şirinovu indi xatırlayan bəlkə də az olar.

O.Şirinov
O.Şirinov

«Nə yaralıların içində idi, nə də meyitlərin. Nəhayət, bir neçə gün sonra özü evə zəng vurub salamat olduğunu dedi. Tapşırdı ki, onu axtarmayaq. Onu həm yerli DTK, həm də sovet DTK-sı axtarırdı. 20 yanvarda gecə Mirzə Xəzərə zəng vurmuşdu... İşi bitəndən sonra evə gedəndə gülləbarana düşmüşdü. Xoşbəxtlikdən heç nə olmamışdı. Bu, düşdüyü ilk gülləbaran idi», - həm müəllimi, həm qardaşı arvadı olan Səkinə Türkər danışır.

«Qardaşım Azərbaycanın səsini çatdırdı o gecə. Onun etdikləri haqda Xəlil Rza, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə danışa bilərdi, sağ qalanları tanımıram. İndi çox adam deyir ki, 20 Yanvarı mən çatdırmışam. Ancaq qardaşım olmasaydı, Rabitə Nazirliyində işləməsəydi, o gecə orda olmasaydı, xətti açmasaydı, kim olanları verə bilərdi? Onun sayəsində o səslər efirə gedib. Həyatını riskə atıb. O cür oğul haqqında indi danışmamaq haqsızlıqdır», - bacısı əlavə edir.

AzadlıqRadiosu Azərbaycan xidmətinin ozamankı rəhbəri Mirzə Xəzər bir neçə il əvvəl radioya müsahibəsində deyirdi ki, 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Rabitə Nazirliyinin məsul işçisi olan Oruc Şirinov onlara Azərbaycanın hər yerində istədikləri şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaradıb: «Rəhmətlik Oruc Şirinov vardı - Rabitə Nazirliyində şöbə müdiri. Xalq Cəbhəsinin üzvü idi. O, əvvəllər özü bizi calaşdırırdı, harayla, kiminlə danışmaq istəyirdiksə, ya kim ordan zəng etmək istəyirdisə. Amma yanvarda o, bütöv xətti açıb, qızlardan ikisini də ora qoydu. Biri rus idi, o biri azərbaycanlı. Bakıdan kim istəsə, bizə dərhal məlumat verə bilirdi. Heç bir şeyə baxmayaraq. Heç bir şeydən də qorxmurdu».

O.Şirinov
O.Şirinov

Jurnalist Xaqani Səfəroğlu sosial mediada yazır: «Oruc Şirinov 1990-cı ildə Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi olub. 20 Yanvar qanlı qırğınının dünyaya çatdırılımasında əvəzsiz rol oynayıb. Oruc Şirinov SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini AzadlıqRadiosuna birbaşa zəng vurmaq üçün açıb. 20 Yanvarla bağlı Mirzə Xəzərin məşhur proqramının iştirakçıları məhz Oruc Şirinovun qəhrəmanlığı sayəsində Amerika radiosundan sovet rejiminin qanlı qırğınını dünyaya çatdıra... informasiya blokadasını yara biliblər».

İkinci gülləbarandan qurtuldu – dostuyla siğə qardaşı oldu

O.Şirinov bu hadisələrdən sonra cəmi iki il yaşayıb. Doğmaları danışır ki, həmin vaxt bir ayağı döyüş bölgəsindəymiş, ora silah-sursat daşıyırmış. Belə səfərlər zamanı təhlükəylə az üzləşməyib. Səkinə Türkər bunlardan birini danışır:

Sovet qoşunları Bakıya belə girdi
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00


«Əfqanıstanda döyüşmüş bir dostu vardı - Xəlil. 1992-ci ilin fevralında silah-sursat daşıyanda yolu azmışdılar. 50 metr qalmış Oruc duyuq düşmüşdü ki, əlləri ilə «Gəlin» deyə işarə edənlər bizimkilər deyil. Onda deyib: «Xəlil, geri fırlan». Maşını döndərib qayıdıblar. Qismətə bax, maşın aşıb, yolu kəsmişdi. Onda atışmada güllə saçını yalayıb keçmişdi. Güllə başına da dəyər bilərdi. Orda deyib: «Xəlil, qadan alım, mənim əlim gəlməz səni vurmağa. Gördün ki, əsir düşürük, əvvəl məni vur, sonra özünü, qoyma sağ düşək onların əllərinə». Arif Şamo da bu haqda yazıb. İcra hakimiyyətinə, ovaxtkı raykoma gedibmiş. Atası vəzifə sahibi idi, hamı Orucu tanıyırdı. Şamo Arif də ordaymış, onun düz üstünə gedib, əl uzadıb. Şamo Arif yazırdı ki, girdi otağa gülə-gülə - qəribə də qəhqəhə çəkməsi vardı – dedi ki, yaralanmışam, az qala ölmüşdüm. Amma Şamo Arif buna inanmır. Bunu anlayanda Oruc əlini atır saçına, qanı göstərir. Şamo Arif yazırdı ki, inanmadığım üçün elə peşman oldum... O hadisədən sonra Xəlilə demişdi ki, ölə bilərdik, gedək məscidə siğə qardaşı olaq».

O.Şirinovun atası və anası
O.Şirinovun atası və anası

«Ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin»

O gündən sonra doğmaları ehtiyatlı olmağını istəyiblər, dil töküblər, amma...

«Xocalı qırğınından sonra, martın 5-də bizə gəlmişdi. Dedim, nə olar, xahiş edirəm zirehli jilet geyin. Kök, ucaboy idi. Dedi ki, o jileti geyinə bilmərəm, yaraşığımı pozar. Çox çılğın, əsəbi idi, hirsindən partlayırdı. Deyirdi ki, ata-anamı, qohum-əqrəbamı əsir götürəcəklər, evimiz, torpağımız ermənilərə qalacaq. Həmin ilin qışında bizə Xəlil Rzayla qonaq gəlmişdi. Şair anam haqqında bir şeir dedi, çox təsirli idi. Təəssüf ki, yadımda qalmayıb. Dedi: «Sənin anan çiynində tüfəng səhərə kimi yatmır ki, ermənilər kəndə girməsin». Tək mənim anam deyildi, kənddə çox elə qadın vardı. Oruc böyük oğlunu anamgilə vermişdi, onlarla qalırdı. Anam ona dedi: «Oruc, mən qorxuram, ermənilər gələr, uşağı çıxara bilmərəm, gəl oğlunu apar». Anama dedi ki, «ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin, sənə yox». O, elə bir oğul idi...», – illər sonra Gündüz Şirinova o günləri xatırlayır. Qardaşının onun yalvar-yaxarına məhəl qoymadığını görüb bu dəfə evinə qonaq gələn şairdən kömək istəyir:

«Xəlil Rza gedəndə yalvardım ki, Orucu çox qoymayın ön cəbhəyə getsin. Cavab verdi ki, siz nə danışırsınız, Oruc Azərbaycanın hayqıran səsidir, onu susdurmaq olmaz...».

AzadlıqRadiosunun müxbiri Mehdi Məmmədov 20 Yanvar hadisələrini xatırlayır
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Üçüncü güllədən qurtula bilmədi

İki dəfə güllə yağışından sağ çıxsa da, 1992-ci il martın 19-da Oruc Şirinov axşam saatlarında öldürülür.

Qardaşının həyat yoldaşı Səkinə Türkər son günü danışır: «Yoldaşına deyib ki, atam-anam da zəng etsə, məni oyatma, yorğunam, yatacağam. Amma zəng gəlir, yoldaşı «yox» deyə bilməyib, onu oyadıb. Deyiblər ki, bir əməliyyat var, bunu ancaq sən bacararsan. Sovet qoşunları burdan nəsə daşıyırmış. Mane olmaq istəyib. Hərbçilərlə danışıq aparanda arxadan vurmuşdular...».

Söhbət əsnasında dəfələrlə kövrələn, ağlayan Səkinə xanım gözüyaşlı sözünə davam edir: «Xəstəxanaya götürsələr də, yolda keçinmişdi. Gecə dayısı oğlu bizə gəldi. O dedi ki, Orucu öldürüblər. Yaxında yaşayırdı. Qaçıb getdik ki, o nər oğul - Oruc yoxdur... Oruc doğulanda - martın 15-də Ramazan ayı imiş, nənəsi adını Oruc qoyub. Elə Ramazan ayında da, martın 19-da həlak oldu, bayram süfrəmizə meyiti gəldi. 33 yaşı vardı».

«O şəhid olanda atama danışmaq üçün söz verdilər. Atam ağladı, danışa bilmədi. Mənim anam atama dedi: «Niyə ağlayırsan? Sən birinci dəfə deyil şəhid verirsən. Vətənim sağ olsun, oğlum ölüb ölüb də». 1941-45-ci illərdə mənim cavan əmilərim müharibədə öldürülüb. Mən bacı kimi fikirləşdim ki, yəqin anam dəli olub, başına hava gəlib, 33 yaşında o cür oğlu ölüb, bu nə sözdür danışır...», - bacısı söyləyir.

Oruc Şirinovun məzarı Şəhidlər Xiyabanındadır. O, həlak olanda üç övladı vardı, hələ çox balacaydılar. İndi nəvələri böyüyür.

XS
SM
MD
LG