Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Omikron heç də ‘yüngül’ ştamm deyil


Nyu Yorkda Yeni il şənliyi
Nyu Yorkda Yeni il şənliyi

“Omikron da öncəki ştammlar kimi adamları xəstəxanaya salır, onları öldürür”

COVID-19-un yüksək yoluxucu omikron ştammı deltadan daha yüngül xəstəliyə səbəb ola bilər, amma onu “yüngül” hesab etmək olmaz. Belə bir açıqlama ilə Dünya Səhiyyə Təşkilatı (DST) çıxış edib.

Xəstəxanaya da salır, öldürür də

DST-nin klinik menecment üzrə başçısı Canet Diaz yanvarın 6-da deyib ki, ilkin araşdırmalar deltayla müqayisədə omikrondan hospitalizasiya riskinin az olduğunu göstərib.

Bu ştamma yoluxmuş həm gənc, həm də daha yaşlılarda xəstəliyin ağırlaşması riskinin azaldığı görünür, o, DST-nin Cenevrədə keçirilən media brifinqində söyləyib.

“Omikron deltayla müqayisədə özəlliklə peyvənd olunanların xəstəliyi daha yüngül keçirməsinə səbəb olsa da, bu onu yüngül kateqoriyasına salmaq anlamına gəlmir”, – DST-nin baş katibi Tedros Adhanom Gebreyesus elə həmin brifinqdə söyləyib.

“Omikron da öncəki ştammlar kimi adamları xəstəxanaya salır, onları öldürür”, – o vurğulayıb.

DST başçısı dünyada yoluxma “sunamisi” ilə bağlı xəbərdarlıq edib.

Enerjisi çoxdur

Dünya üzrə qeydə alınan 9.5 milyon yeni yoluxma bir həftə öncəylə müqayisədə 71 faiz çoxdur.

Amma yoluxmaların real sayının daha yüksək olduğu düşünülür, çünki bir çox regionlarda testlər yetərli miqyasda aparılmır.

DST-nin fövqəladə hallar üzrə rəsmisi Maykl Ryan isə deyib ki, omikronun pandemiyanın son ştammı ola biləcəyi haqda spekulyasiya “özünü aldatmadır”. “Bu virusun hələ çox enerjisi var”, – o xəbərdarlıq edib.

Qurum rəsmiləri ictimaiyyəti pandemiya ilə mübarizə tədbirlərini gücləndirməyə – peyvənd vurdurmağa, otaqlarını havasını dəyişməyə, fiziki məsafə saxlamağa və maskaları düzgün taxmağa çağırıb.

XS
SM
MD
LG