Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:39

OCCRP Rusiyada fəaliyyətini dayandırır


OCCRP
OCCRP

OCCRP qeyri-kommersiya təşkilatı olaraq dünyada 50-dən çox müstəqil media orqanını birləşdirir və ilə 100-dən çox araşdırma dərc edir

Araşdırmaçı jurnalistika qrupu olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (ingiliscə qısa adı – OCCRP) Rusiyada fəaliyyətini dayandırdığını bildirir. Layihə bunu jurnalistlərini hökumətin müstəqil mediaya təzyiqindən qorumaq məqsədilə etdiyini açıqlayıb.

OCCRP sentyabrın 15-də bildirib ki, Rusiyadakı tərəfdaşlarının çoxuna “xarici agent”, yaxud “arzuolunmaz təşkilat” damğası vurulub, bu da onlara indiki şəraitdə zərbə riski yaradır.

Həqiqi qəhrəmanlar

Qurum Rusiyadakı əməkdaşlarına başqa ölkələrə köçməyi təklif edib, qalanlara isə kompensasiya veriləcək, yeni iş tapmaqda köməklik göstəriləcək.

“Biz kleptokratiyadan yazmağı dayandırmayacağıq, amma getdikcə orada qalmağın faydası azalır, işçilərin azadlığına böyük risklər var. Biz kənardakı jurnalistlərlə işləyəcəyik”, – qrupun həmtəsisçisi və redaktoru Dru Salivan tvitində yazıb.

“Biz həqiqəti demək və Rusiya hökumətinin öldürücü dezinformasiya maşınına dirəniş göstərən fədakar jurnalistlərə təşəkkür edirik. Onlar həqiqi qəhrəmanlardır. Bu böyük ölkənin xalqı daha artığına layiqdir”, – Salivan başqa bir tvitində yazıb.

OCCRP qeyri-kommersiya təşkilatı olaraq dünyada 50-dən çox müstəqil media orqanını birləşdirir və ilə 100-dən çox araşdırma dərc edir.

Statusu aydın şəkildə bildirmək

Tənqidçilərin mövqeyincə, Rusiyanın 2012-ci ildə qəbul etdiyi, sonradan dəfələrlə dəyişdirdiyi xarici agent qanunundan müstəqil səslərə qarşı istifadə olunur. Bu, son aylar, 17-19 sentyabr seçkilərindən öncə, Kremlin dəstəklədiyi Vahid Rusiya partiyasının reytinqinin azaldığı vaxtda daha qabarıq görünüb.

Qanunda xaricdən yardım aldığı və siyasi fəaliyyətlə məşğul olduğu hesab edilən qeyri-hökumət təşkilatlarından tələb olunur ki, qeydiyyatdan keçərək özlərini xarici agent kimi təqdim etsinlər və auditə açıq olsunlar.

Xarici agent təsnifatına salınan təşkilatlar yorucu administrativ prosedurlardan keçməli, statuslarını ictimaiyyətə aydın şəkildə bildirməlidirlər.

Venesiya Komissiyasının rəyi

İyulda Avropa Şurasının konstitusiya hüququ üzrə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət Venesiya Komissiyası Rusiyanı “xarici agent” qanunlarının aspektlərini ləğv etməyə çağırıb. Qurum bunların “effektiv demokratiya üçün vacib sayılan mülki və siyasi hüquqlardan istifadəyə ciddi mənfi təsir” göstərdiyini vurğulayıb.

Rusiya isə qanuna əlavələrin şəffaflığı və milli təhlükəsizliyi gücləndirmək üçün hazırlandığını bildirir.

AzadAvropa/AzadlıqRadiosu və onun rusdilli xəbər saytlarının bir neçəsi xarici agent siyahısına salınıb. Radio kontentinə xarici agent bildirişi vurmadığından Ədliyyə Nazirliyi onmilyonlarla dollarlıq cərimə kəsib. Radio Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib, işçilərinin bir hissəsini Moskvadan Kiyevə və digər yerlərə köçürməyə başlayıb.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay deyir ki, Rusiya radionun Moskva bürosunun varlığına cərimələrlə son qoymağa çalışır.

XS
SM
MD
LG