Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Nyu-York görüşündən gözləntilər...


C.Bayramov, A.Blinken və A.Mirzoyan
C.Bayramov, A.Blinken və A.Mirzoyan

Bu gün, sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh danışıqları ilə bağlı görüşü gözlənilir. Görüş ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutmalıdır. Dövlət katibi BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-York mehmanxanasında nazirləri bir araya gətirməlidir. Bu, E.Blinkenin onlarla üç ayda ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq. Üç diplomat sonuncu dəfə bu il iyulun 10-da Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəliblər.

Son zamanlar tərəflər illərlə çəkən danışıqlarda (danışıqlar həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa aparılıb) sülh müqaviləsi layihəsinin bəndlərinin böyük hissəsinin razılaşdırıldığını bildirsələr də, bir neçə məsələdə hələ də ortaq məxrəcə gəlmədiklərini açıqlayıblar. Azərbaycan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxarılmasını tələb edir. Ermənistan isə Konstitusiya dəyişikliyi ilə bağlı referendumu yalnız 2027-ci ildə keçirə biləcəyini bildirir və sülh müqaviləsini razılaşdırılmış bəndlər üzrə imzalamağı təklif edir.

Rasim Musabəyov
Rasim Musabəyov

"50/50 ilə orada nəsə son nəticədə imzalana bilər"

Milli Məclisin deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, ABŞ Administrasiyası, xüsusilə Dövlət Departamenti üçün hansısa uğur qazanmaq olduqca vacibdir: "ABŞ-də (5 noyabr) prezident seçkilərinə bir şey qalmayıb və onlar üç istiqamətdə səylər göstərirlər. Birinci istiqamət Ukrayna-Rusiya, ikinci Yaxın Şərq, üçüncü isə Azərbaycan-Ermənistan məsələsidir. Şükürlər olsun ki, Azərbaycan və Ermənistan arasında indi müharibə getmir, iki ölkə arasında sülhün əldə edilməsi ABŞ administrasiyası üçün ən əlçatan görsənir".

Deputatın sözlərinə görə, ələlxüsus Ermənistan tərəfi ortaya qısaldılmış sənəd qoyaraq bunu sülh müqaviləsi kimi imzalamağı təklif edir: "Ona görə də istisna etmirəm ki, Blinken hansısa bir şəkildə bu sənədin orada imzalanmasına çalışacaq".

Onun fikrincə, təbii ki, bu, danışıqların sonu olmayacaq: "Azərbaycan prezidenti bildirdi ki, razılaşdırılmış hissə ayrıca sülh müqaviləsi kimi yox, sadəcə bəndlər kimi paraflansın. Paraflanma o deməkdir ki, həmin bəndlərdə daha dəyişikliklər aparılmayacaq, ancaq razılaşdırılmamış bəndlər ətrafında danışıqlar davam edəcək. İndi baxaq, hansı kompromis variant Dövlət Departamenti və Ermənistan üçün vacibdir ki, bunu paraflanmış bir sənəd kimi yox, əldə olunmuş razılaşma kimi təqdim etsinlər. Mənə elə gəlir ki, 50/50 ilə orada nəsə son nəticədə imzalana bilər".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Tərəflərin mövqelərində fərqlər göz qabağındadır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna bildirib ki, bu, gözlənilən görüş idi: "Hazırda Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası keçirilir. Görünür, Blinken imkandan yararlanaraq ora qatılmış Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyib. Bu, yenilik deyil və keçən sessiyada da Blinken belə bir görüş təşkil etmişdi".

Amma ekspert görüşdən ciddi bir nəticənin çıxacağını gözləmir: "Çünki görüşdən əvvəl tərəflərin mövqelərində fərqlər göz qabağındadır. Elə prezident İlham Əliyevin parlamentdə son çıxışı da ondan xəbər verir ki, hələ Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək istəmir".

Politoloqun fikrincə, ABŞ həmin görüşü təşkil etməklə göstərmək istəyir ki, Cənubi Qafqazda fəaldır və Qafqaz Rusiyanın arxa bağçası deyil: "Müzakirələr aparılacaq, amma bir görüş fərqləri aradan qaldıra bilməyəcək. Konstitusiya dəyişikliyi ilə bağlı heç bir irəliləyiş yoxdur. Ola bilsin ki, Blinken bu görüş vasitəsilə nəbz yoxlayacaq ki, tərəflər orta məxrəcə gəlinməsinə nə qədər yaxındılar".

Onun sözlərinə görə, dövlət katibi Blinken ABŞ-də prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, Ermənistanı Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır: "Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib. Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG