Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Ekspertlər: Neftin bahalaşması “hələlik söz-söhbətdir…”


Səudiyyə və Rusiyanın neft danışıqlarına baxmayaraq dünyanın aparıcı ekspertləri neft qiymətlərinin qalxacağına inanmırlar

Neft bazarı ekspertləri deyirlər ki, hasilatçıların son günlərdə keçirdikləri görüşlər, ucuz neftin onlar üçün nə qədər ağrılı olduğunu göstərsə də, bu ağrının aradan qalxacağını göstərmir.

ABŞ-ın CNBC şəbəkəsinin xəbərlər üzrə icraçı direktoru Patti Domm yazır ki, neft hasilatçılarının görüşündən nə kimi nəticə əldə olunacağı hələlik qeyri-müəyyəndir.

Onun fikrincə, İran Səudiyyə və Rusiyanın hasilatı yanvar ayının səviyyəsində saxlamaq qərarını alqışlasa da, özünün nə edəcəyi barədə konkret bir plan təklif etməyib.

“Again Capital” konsaltinq firmasından John Kilduff sual edir: “Onlar görüşməyə razılaşıblarsa, görək hasilatı da azaltmağa razılaşacaqlarmı? Gərək razılaşalar”.

Məqalədə deyilir ki, bütün hallarda Səudiyyə ilə Rusiyanın istehsalı dondurmaq barədə qərarı bir çoxları üçün sürpriz olub. Bu, 2014-cü ildə OPEC qiymətləri bazarın öhdəsinə buraxandan bəri ilk belə “qiymət” danışığıdır. Bu danışıqlara İranın da müsbət yanaşması barədə xəbər Texas markasından olan neftin 5 faiz bahalaşması ilə nəticələnib.

Hasilatın dondurulması barədə ilkin razılaşmada heç də bütün OPEC üzvləri iştirak etməyiblər. Bu razılaşmada yalnız Qətər və Venesuela iştirak edib. Ekspertlərin fikrincə, hər hansı böyük qərarların OPEC-in iyun ayı üçün nəzərdə tutulmuş sammitinədək qəbul ediləcəyi gözlənilmir.

RBC Capital Markets firmasından Helima Croft deyib ki, anbarlarda nə qədər neftin qaldığı məhz iyun ayında nəzərdən keçiriləcək. Ekspertin fikrincə, o vaxtadək ABŞ şist nefti ilə bağlı vəziyyətə də aydınlıq gələcək.

Qeyri-mümkün olanın baş verməsi

Lakin Citigroup şirkətinin xammal araşdırmaları şöbəsinin rəhbəri Ed Morse OPEC tərəfindən hər hansı razılaşmanın əldə olunacağına və bunun bazara hər hansı şəkildə təsir edəcəyinə inanmır.

"Bu qeyri-mümkün olanın baş verəcəyi variant üçün razılaşmadır. İndi qiymət tam sərbəstdir. Onun cilovlanması anı olub və əldən verilib. İndi bunun baş verməsi ehtimalı çox azdır və səudlar da bunu yaxşı bilirlər. Onlar ona görə də venesuelalılarla görüşə razılıq veriblər. Elə ruslarla da buna görə görüşüblər” – deyib ekspert.

İndi qiymət tam sərbəstdir. Onun cilovlanması anı olub və əldən verilib. İndi bunun baş verməsi ehtimalı çox azdır və səudlar da bunu yaxşı bilirlər

Morse deyir ki, neft ixracatçısı olan bir çox ölkələr indi əlimyandıdadırlar, amma bu, Səudiyyəyə aid deyil.

Ekspertin fikrincə, indi neft qiymətlərinə yalnız geosiyasi məsələlər təsir edə bilər.

Morse bildirir ki, Səudiyyənin mövqeyinə yalnız ona Suriyada müəyyən dəyişikliklər vəd etməklə təsir göstərmək olar.

O misal kimi, Suriyada rejim dəyişikliyi və ya Rusiya və İranın mövqeyində dəyişkliyi göstərir. Bunların hazırda dəyişməsi ehtimalı isə çox aşağıdır.

Guya yanvarda hasilat az olub ki?...

Hazırkı razılaşmaya görə Səudiyyə və Rusiya hasilatı yanvar ayı səviyyəsində saxlamağı vəd ediblər. Amma digər tərəfdən bunun özü də az deyil. Rusiya yanvar ayında Sovet dövründən bu yana rekord hasilat nümayiş etdirərək 10, 8 milyon barrel neft çıxarıb. Səudiyyə Ərəbistanı da yanvar ayında 10, 2 milyon barrel neft hasil edib. Başqa sözlərlə burada hasilatın azaldılmasından söhbət gedə bilməz.

İranın neft naziri Bijan Namdar Zanganeh
İranın neft naziri Bijan Namdar Zanganeh

İrana gəldikdə isə, o sanksiyaların qaldırılmasından sonra bazara dərhal 500 min barrel neft çıxaracağını vəd etmiş, bunun ardınca istehsalı daha 500 min barrel artıracağını bildirmişdi.

Amma reallıqda İran hələ ki, bazara yalnız 300 min barrel çıxarıb.

İranın neft naziri Bijan Zanganeh çərşənbə günü Venesuela, Qətər və İraqdan olan həmkarları ilə görüşüb, lakin hasilat səviyyəsinin dondurulması barədə heç nə deməyib.

İranın OPEC-dəki nümayəndəsi Mehdi Asali isə qiymət bahalaşmasını gözləyənləri əməlli-başlı dilxor edib.

O deyib ki, hazırkı vəziyyətdə İranın hasilatı dondurması “məntiqli görünmür”.

Ed Morse deyib ki, İran neft dilində yox, diplomatiya dilində danışıb və bu mənada heç nə deməyib.

İran deyir “mən sizinlə oynamıram”

İHS Energy firmasından Bhushan Bahree isə deyir ki, İran nazirindən seçki ərəfəsində bundan daha konkret bir şey gözləmək düzgün olmazdı.

“İran deyir ki, biz sizinlə oynamırıq, - deyib Londondakı Alfa Energy firmasından OPEC eksperti John Hall, - Əgər İran OPEC-dən kənarda işləyirsə, kartel heç nə edə bilməz. OPEC İransız heç nə edə bilməz”.

Əgər İran OPEC-dən kənarda işləyirsə, kartel heç nə edə bilməz. OPEC İransız heç nə edə bilməz

Bir çox ekspertlər bu qənaətdədirlər ki, bəzi neft hasilatçıları, ələlxüsus da Rusiya neft barədə media xəbərləri ilə manipulyasiya edir. Moskva başa düşür ki, neft qiyməti barədə hətta adi xəbər də qiymətə müsbət təsir edir və onu bir-iki dollar bahalaşdırır.

Bəzilər deyə bilərlər ki, bir-iki dollar Rusiyaya nə verir? Əvvəla milyonlarla barrellə götürəndə az şey vermir, lakin ən başlıcası belə bir psixoloji mühit və təsəvvür yaradır ki, xammal indiki 30-35 dollarlıq həddindən aşağı düşməyəcək.

Çünki bundan aşağı neft qiyməti Rusiya və Venesuela kimi ölkələr üçün siyasi fəlakət olardı.

XS
SM
MD
LG