Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:26

'Azərbaycan neft tələsinə düşüb və iqtisadiyyatı böyümür'


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

Gələn il Dövlət Neft Fondunun (ADNF) gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26.1 faiz az – 12 milyard 73.3 milyon manat, xərclərinin isə 8.9 faiz çox – 12 milyard 862 milyon manat olacağı gözlənilir. Proqnozlara görə, 2024-cü ildə ARDNF-nin büdcə kəsiri 788 milyon 730.5 min manat təşkil edəcək.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il üçün ARDNF-dən dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat və ya gələn il Fondun xərclərinin 99.4 faizi səviyyəsində planlaşdırılır.

S.Şərifov
S.Şərifov

Noyabrın 3-də maliyyə naziri Samir Şərifov Milli Məclisdə demişdi ki, Neft Fondundan transfertləri artırmaq məcburiyyətindədirlər: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var... Bunu təmin etmək üçün biz Fondan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik".

"Ölkədə neft hasilatı azalır"

Artıq bu il Neft Fondunun "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri azalmağa başlayıb. Azalma 6 milyard 353.8 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 30.6 faiz azdır.

R.Quliyev
R.Quliyev

Deputat Rüfət Quliyev də "Turan"a açıqlamasında ölkədə neft hasilatının azaldığına diqqət çəkir: "Çox güman ki, müvəqqətidir, çünki artıq kəşf edilmiş, amma hələ istifadə edilməyən neft yataqları var. Digər tərəfdən, keçən illə müqayisədə bu il qazın qiyməti aşağı düşüb".

Amma onun fikrincə, bu, qorxulu deyil, çünki dövlət büdcəsinin gəlir hissəsinin yarısından çoxu qeyri-neft sektoruna aiddir.

"Azərbaycanın valyuta rezervləri 68.7 milyard dollara çatıb. Bu, Ümumi Daxili Məhsulun göstəricisindən bir az aşağıdır və çox ciddi rəqəmdir. Nəzərə alsaq ki, biz öz xarici kreditlərimizi azaldıb daxili kreditləşməyə keçid edirik", - deputat sözlərinə əlavə edir.

R.Həsənov
R.Həsənov

"...indiki şərtlər daxilində mümkün görünmür"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, ADNF-nin 2024-cü ildə gəlirləri faktiki azalmayacaq: "Sadəcə proqnozlarda siz onu azalmış olduğunu görürsünüz. Dövlət Neft Fondunun büdcəsi hazırlanarkən neftin qiyməti satış qiyməti ilə yox, dövlət büdcəsində göstərilən 60 dollardan götürülür. Bu aspektdən baxanda nəzəri olaraq azalma olduğu görünür, amma faktiki azalma olmayacaq. Mən neftin qiymətinin 80 dollar üzərindən olacağını gözləyirəm".

Ekspertin sözlərinə görə, Azərbaycan neft tələsinə düşüb və iqtisadiyyatı böyümür: "0.5-0.8 faiz iqtisadi böyümə Azərbaycan kimi ölkə üçün çox kiçikdir. Qeyri-neft iqtisadiyyatının böyüməsi indiki şərtlər daxilində mümkün görünmür, çünki mövcud oyun qaydaları ilə potensial budur və tam olaraq bu potensialdan istifadə olunub. Liberal iqtisadi mühit tələb edən yeni oyun qaydalarına isə indi meyllik çox aşağıdır. Belə bir şərtlər daxilində Azərbaycan iqtisadiyyatının növbəti dövrləri staqnasiya (durğunluq) şəraitində keçəcək".

XS
SM
MD
LG