Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:54

‘Navalnı’ Cenevrəyə Bayden və Putindən əvvəl ‘gəlib’


Cenevrədə Navalnı qraffitisi
Cenevrədə Navalnı qraffitisi

İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putin arasında sammitin keçiriləcəyi Cenevrə şəhərində Rusiya siyasətçisi Aleksey Navalnının qraffitisi peyda olub.

Bu plakatda Navalnının portreti üzərində fransız dilində “Əsrimizin qəhrəmanı” sözləri yazılıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Cenevrədəki qraffiti Navalnının aprel ayında Sankt Peterburqun Puşkaryov bağında çəkilmiş şəklinin təkrarıdır.

Peterburqun şəhər hakimiyyəti həmin qraffitini 5 saat ərzində boya ilə örtmüşdü.

Rusiya prokurorluğu bu hadisə ilə bağlı vandalizm ittihamı ilə cinayət işi qaldırsa da, sonradan bu işə xitam verilmişdi.

İyunun 15-də Cenevrə şəhərində habelə Aleksey Navalnıya dəstək aksiyası keçirilib.

Son günlərdə Bayden-Putin görüşü ilə bağlı ən çox səslənən suallardan biri də bu görüşdə Navalnı ilə bağlı məsələnin müzakirə olunacağı ilə əlaqədardır.

Co Bayden Böyük yeddilərin Britaniyada keçirilən sammitindən sonra jurnalistlərə demişdi ki, əgər Navalnı həbsxanada vəfat etsə, bu, bütün dünyada Rusiyaya münasibəti pisləşdirəcək.

İyunun 15-də Rusiya mediası yazırdı ki, Bayden Putinlə görüşündə Navalnının həbsi və Belarus məsələlərini qaldıracaq.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib ki, Navalnının səhhəti ilə bağlı Amerika tərəfindən “çoxsaylı siqnallar” gəlir.

Bundan bir neçə gün əvvəl Kremlin sözçsü Dmitri Peskov bildirmişdi ki, Navalnı məsələsi Baydenlə görüşdə müzakirə olunmayacaq.

Onun sözlərinə görə, beləki, “Navalnı həbsxanadadır və bu, müzakirə predmeti deyil”.

“Vecimə deyil” Kremlin saytında yoxdur

İyunun 14-də ABŞ-ın NBC News telekanalına müsahibəsində Vladimir Putin Aleksey Navalnının zəhərlənməsində onun əlinin olub-olmadığı barədə suala “bizdə kimisə öldürmək adəti yoxdur” cavabını vermişdi.

Putin Navalnının həbsxanadan sağ çıxıb-çıxmayacağına dair suala da müxalifətçinin adını çəkmədən mənfi cavab vermişdi.

AzadlıqRadiosu yazır ki, eyni zamanda Kremlin rəsmi səhifəsində dərc olunmuş müsahibə mətnində Putinin “mənim vecimə deyil” ifadəsi verilməyib. Halbuki Putin müsahibədə “Navalnı ölsə” sualına cavabında məhz bu ifadəni işlətmişdi.

Aleksey Navalnı hazırda Pokrov şəhərindəki koloniyada həbsxana cəzasını çəkməkdədir.

O 2014-cü ildə onun barəsində çıxarılmış məhkəmə hökmü əsasında 2021-ci ildə məhkum edilib.

Məhkəmə onun barəsində şərti işi real həbsxana müddəti ilə əvəz edib.

Avropa İnsan Haqları Məhkəməsi bu hökmü qanunsuz adlandırıb.

XS
SM
MD
LG