Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Azərbaycanla NATO hansı təhdidləri müzakirə edir?


Türkiyəli professor: "NATO təlimi görmüş Azərbaycan əsgərləri..."
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Türkiyəli professor: "NATO təlimi görmüş Azərbaycan əsgərləri..."

Azərbaycanda "NATO günləri" keçirilir. Həmin tədbirlər çərçivəsində Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

30 illik əməkdaşlıq

Azərbaycan ilə Şimali Atlantika Bloku (NATO) arasında əməkdaşlığın bu il 30 ili tamam olur. Bakı 1994-cü ildə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramının Çərçivə sənədini imzalayıb. 2005-ci ildən isə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına qoşulub. Azərbaycan habelə 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan SNT sənədinin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Amma bütün bunlarla belə, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

E.Nəsirov
E.Nəsirov

"Yeni dünya reallıqları formalaşır"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da "Turan"a deyib ki, hazırda Azərbaycan NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir: "Bu proqram çərçivəsində Azərbaycanda "NATO günləri" keçirilməkdədir. Əsas müzakirələr predmeti yeni təhlükələr, yeni təhdidlər və onların aradan qaldırılmasıdır".

Komitə üzvünün sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra dünyanın arxitekturası sözün həqiqi mənasında dəyişib: "Bu gün vaxtilə sülhə, təhlükəsizliyə təminat verən heç bir beynəlxalq hüquqi sənəd və normalar işləmir. Biz artıq köhnə dünyanı görməyəcəyik, bu gün yeni dünya reallıqları, yeni konfiqurasiyalar formalaşır".

Onun fikrincə, keçid dövrü qeyri-sabit və çox təhlükəlidir: "Qeyri-sabitlik də təhdidlərin əsas mənbələrindən biridir. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafiyanın özü də çox böyük məna və əhəmiyyət kəsb edir. Bu coğrafiyada təhlükələr, təhdidlər var".

"Bərabər məsafədə qalıb müstəqil siyasət…"

Deputat hesab edir ki, bu yeni reallıqlar fonunda yeni və köhnə təhdidlər fərqli ampluada üzə çıxır: "Belə olan vəziyyətdə belə tədbirlərin keçirilməsi Azərbaycanın təhlükəsizlik modeli məntiqindən qaynaqlanır. Biz, NATO da daxil, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə qalıb müstəqil siyasət həyata keçiririk".

E.Nəsirov qeyd edib ki, Azərbaycan NATO-ya üzv olmaq niyyətində deyil, amma onunla əməkdaşlıq istəyir: "NATO da bunda maraqlıdır. Beləliklə, Azərbaycan-NATO əməkdaşlığı regional təhlükəsizliyə xidmət edir və heç bir halda üçüncü tərəflə bağlı deyil".

E.Şahinoğlu
E.Şahinoğlu

"Təhdid dedikdə İran nəzərdə tutulur"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun isə AzadlıqRadiosuna xatırlatmasına görə, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli olmalıdır: "Türkiyə isə NATO-nun əsas ölkələrindən biridir. Yəni, Azərbaycan ordusu NATO standartlarına uyğun olmalıdır. Bunu İkinci Qarabağ müharibəsinin nəticələri da göstərdi".

Politoloq qeyd edib ki, Azərbaycanın Gürcüstan və Ukrayna kimi NATO-ya üzv olmaq hədəfi yoxdur: "Amma əməkdaşlığın genişlənməsi gündəmdədir".

Onun fikrincə, təhdid dedikdə İran nəzərdə tutulur: "Ermənistandan söhbət getmir, çünki Ermənistandan gələn təhdidləri Azərbaycan özü də ortadan qaldırmağa qadirdir. Amma İran öz təhdidləri davam etdirir, Rusiyanın da Qarabağla bağlı müəyyən siyasəti bizdə suallar doğurur, bunu da təhdid hesab etmək olar. İlham Əliyev Şuşa toplantısında deyib ki, 2025-ci ilə qədər Rusiyanın hərbçiləri Qarabağdan çıxmalıdır. Onlar çıxmasalar, bu bizə qarşı təhdid olacaq".

Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra bir çox dünya ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Son aylar isə Azərbaycanla İran arasında müəyyən gərginlik müşahidə edilir. Oktyabrın 17-də İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması Bakıda tənqidlərlə qarşılanmışdı. Hətta ölkə parlamentində bəzi deputatlar bunu Azərbaycana təhdid saymışdılar. Hərçənd İranın Azərbaycandakı səfirliyi təlimdən öncə Bakını məlumatlandırdıqlarını bildirmişdi. Daha sonra da Azərbaycan ölkənin cənubunda (İrana yaxın) təlimlər keçirdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG