Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Narkotik ittihamından bəraət aldı: 'Fazil Mustafa haqqında şərhimə görə gecə evdən aparıb şərlədilər'


Fazil Mustafa
Fazil Mustafa

Lənkəran sakini Kamran Rzazadə deyir ki, bir il öncə deputat Fazil Mustafaya qarşı sui-qəsd olayına reaksiyasına görə polislər onu narkotiklə şərləyiblər.

Onun sözlərinə görə, ötən il martın 28-də sosial şəbəkədə deputatın güllələnməsi xəbərinə “kim eləyibsə, yaxşı eləyib” məzmununda şərh yazıb. Bir neçə saat sonra – martın 29-na keçən gecə saat 2 radələrində polislər evlərinə gəlib, onu tutub aparıblar.

Rzazadənin 31 yaşı var. Ona öncə daha ağır maddə ilə - Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) ittiham verilib. İddia edilib ki, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları onu Sütəmurdov kəndində piyada getdiyi yerdə saxlayıblar və şöbəyə gətirib yoxlayarkən, üstündə 11 qramdan çox narkotik tapıblar.

K. Rzazadə təxminən 3 ay həbsdə saxlanılandan sonra satış məsələsini çıxararaq ittihamı yüngülləşdiriblər. İşi məhkəməyə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) göndəriblər.

“Soruşdular ki, Fazil Mustafa bağlı nəsə yazmamamısan?”

K.Rzazadə məhkəmədə narkotik barədə heç bir təsəvvürünün olmadığını, onun nə olduğunu bilmədiyini deyib. Bildirib ki, həbsinin gerçək səbəbi deputatla bağlı paylaşıma yazdığı şərhdir və buna görə çox peşmandır. O, martın 29-na keçən gecə evlərinə xeyli polisin gəldiyini, həyət qapısını sındırıb içəri girdiyini söyləyib:

“Evin qapısını möhkəm döyürdülər. Mən açdım, adımı soruşdular. Kamran olduğumu bilincə, qoluma girib aparmaq istədilər. Dedim, imkan verin, paltarlarımı geyinim. Səsə ata-anam gəldi. Telefonumu da alıb, məni maşına mindirib gecə şöbəyə apardılar. Yolda məndən soruşdular ki, dövlətçiliyə qarşı bir şey eləməmisən? Dedim, yox, heç nə eləməmişəm. Sonra soruşdular ki, Fazil Mustafa ilə bağlı nəsə yazmamısan? Nə yazdığımı dedim...”.

K.Rzazadə danışıb ki, onu şöbəyə gətirəndən sonra telefonunu açıb, içində olanlara baxıblar. Gecə polis şöbəsində qalıb, onunla bağlı araşdırma aparıblar. Günorta saat 1 radələrində evə buraxıblar.

“Gəlib evdə yatmışdım. Anam oyadıb dedi ki, polislər atama zəng eləyib, yenə şöbəyə getməlisən. Əmimlə getdik. Ondan sonra daha buraxmadılar. Ceyhun adlı əməliyyatçı dedi ki, “yuxarıdan tapşırıq gəlib, içəri getməlisən, sənə bir büküm veriləcək, onu cibinə qoy, yoxsa evindən bir kilo çıxararıq”.

Məni tualetə aparıb, orada narkotiki mənə verdi ki, cibimə qoyum. Sonra kamera qarşısında deməliydim ki, yolda gedəndə tapmışam”, - K.Rzazadənin sözləridir.

O, hədə-qorxudan çəkinərək, narkotik ittihamını üzərinə götürdüyünü deyib.

K.Rzazadənin atasıyla deputat F.Mustafa tələbə yoldaşı olublar

Lənkəran rayon Polis Şöbəsinin iki əməkdaşı məhkəmədə dindiriləndə iddia ediblər ki, Kamranın narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması haqda əməliyyat məlumatı gəlmişdi.

Həmin məlumat əsasında da onu martın 29-da axşamüstü Sütəmurdov kəndində saxlayıblar. Polis şöbəsində onun üstünə baxış keçirilib və metamfetamin tapılıb.

Amma məhkəmədə dindirilən başqa şahidlər – valideynləri, əmisi, qonşular K.Rzazadənin dediklərini təsdiqləyiblər.

"Düşünürdüm ki, müxalifətçidir..."

Ali təhsilli K.Rzazadə bir il narkotik ittihamıyla həbsdə saxlandıqdan sonra bugünlərdə bəraət alaraq, azadlığa buraxılıb.

O da bilinib ki, K.Rzazadənin atası Rafiq Rzayevlə deputat F.Mustafa tələbə yoldaşı olublar və vaxtilə hüquq fakültəsində birgə təhsil alıblar.

R.Rzayev polis şöbəsində oğlunun yazdığı şərhdən xəbər tutanda, bu əməlinə görə onu vurub.

K.Rzazadə deyir ki, deputatın atasıyla tələbə yoldaşı olmasından xəbərsizmiş. O, sui-qəsd xəbərinə yazdığı şərhi isə belə əsaslandırıb:

“Düşünürdüm ki, müxalifətçidir, ona görə elə yazmışdım. Əməlimdən peşmanam...”

XS
SM
MD
LG