Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

'Məni çox tezliklə öldürəcəklər...'


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Fransanın Nant şəhərində yaşayan azərbaycanlı vloger, bundan əvvəl odlu silahla, bıçaqla hücumlara məruz qalmış Məhəmməd Mirzəli fotojurnalist Amos Çapla deyib ki, onu hələ də hədələyirlər və həyatı təhlükədədir.

O bildirir ki, təhdidlər onun mayın 31-də CivilNet erməni xəbər portalına müsahibəsindən sonra daha da intensivləşib.

O həmin müsahibədə Azərbaycan və Ermənistan arasında sülhə çağırış etmişdi.

27 yaşlı Mirzəli demişdi:

“Sən ermənisən, mən də azərbaycanlıyam. Bəlkə bizim ölkələrimizdə bizi xain adlandıranlar da olacaq. Qoy olsun...Bizim dialoqumuz sülhün ilk cücərtisdir. Biz nə vaxtadək bir-birimizi öldürəcəyik? Bunu dayandırmaq lazımdır”.

Həmin müsahibədə Mirzəli prezident İlham Əliyevin avtoritar idarəçiliyi altında olan ölkəsini Ermənistanla müqayisə edirdi:

“Məncə siz ermənilər xoşbəxtsiniz. Heç olmasa azadsınız. Amma biz çabalayırıq. Bizə yalan deyirlər. Deyirlər ki, qalib gəlmisiniz. Hanı qələbə? Bu necə qələbədir ki, biz Rusiya ordusunu Dağlıq Qarabağa buraxmışıq...”

Çapl yazır ki, bu müsahibəyə internetdə münasibət ümumən müsbət olub, amma Mirzəli düşünür ki, Əliyev bu müsahibədən “qəzəblənib”.

İlham Əliyev və Mehriban Əliyeva Ağdam məscidində
İlham Əliyev və Mehriban Əliyeva Ağdam məscidində

Mirzəli ölkəsində üzləşdiyi təzyiqlərə görə Azərbaycanı 2016-cı ildə tərk edərək Fransaya gəlib.

Məqalədə deyilir ki, CivilNet portalına müsahibədən sonra Mirzəli onu öldürəcəklərindən qorxduğunu bildirir.

Müsahibə dərc edilən gün Mirzəlinin maşınının arxa şüşəsini sındırıb içəri təhdidedici mesaj atıblar.

Onun dediyinə görə mesaj türkcə yazılıb. Məqalədə deyilir ki, Ankara və Bakı arasında sıx mədəni və siyasi bağlar var. Ötənilki müharibədə Azərbaycanın əsas hərbi müttəfiqi Türkiyə olub.

Videolarına milyonlarla baxış var

İyunun 2-də Mirzəli AzadlqıRadiosuna deyib ki, evinin yaxınlığında telefonla azərbaycanca danışan bir nəfəri görüb. Həmin adam onu qapılarınadək izləyib və hətta içəri soxulmağa çalışıb.

Mirzəli bildirir ki, fransız polisi gələnədək həmin şəxs qaçıb gedib.

Vloger bu barədə iki tvit yazıb. Tvitlərdən birində bildirilir:

“Mən bunu hiss edirəm. Çox tezliklə Əliyev rejimi məni öldürəcək. Əgər mənə burda sui-qəsd olsa, bunun iki günahkarı olacaq: Birincisi, əlbəttə Əliyev, ikincisi isə Fransa hökumətinin laqeydliyi”.

Vloger Fransa polisinə etbar etmədiyini deyib.

İyunun 3-də AzadlıqRadiosuna danışan Mirzəli deyib ki, elə indicə naməlum nömrədən azərbaycanca SMS alıb. SMS-də deyilir: “Özünü yaxşı apar. Mən yaxındayam.”

Çapl yazır ki, bundan bir neçə ay əvvəl Mirzəliyə zorakı hücumlar olub və o möcüzə nəticəsində sağ qalıb.

2020-ci il, oktyabrın 6-da Mirzəli Nant şəhərində öz maşınına minib sürmək istəyəndə qaranlıqdan bir nəfər peyda olub və onun maşınının qapısını açmaq istəyib. Həmin adam daha sonra tapança çıxarıb və atəş açıb. Mirzəli çiynindən yaralansa da, maşını sürüb uzaqlaşa bilib.

Məhəmməd Mirzəlinin maşını hücumdan sonra
Məhəmməd Mirzəlinin maşını hücumdan sonra

Mart ayında isə ona Nant şəhərində günün-günorta çağı bıçaqla hücum ediblər. O yaralanıb və üç litrədək qan itirib. Həkimlər 6 saatlıq əməliyyatla onun həyatını xilas ediblər.

Hazırda vlogerin “Made in Azerbaijan” YouTube kanalının 268 min abunəçisi var. Onun bəzi videolarına milyonlarla baxış olub. Bu videolarda Əliyevlər ailəsi, xüsusilə də prezident və onun xanımı çox sərt şəkildə tənqid olunur.

“Səxsən Əliyevi məsuliyyətli biləcəyik”

Sərhədsiz Reportyorlar təşkilatından Janna Kavelier AzadlıqRadiosuna deyib ki, onun təşkilatı Məhəmməd Mirzəli ilə sıx əlaqədədir:

“O qorxub, gecəni (iyunun 2-də) yata bilməyib. Biz bu məsələdə ona dəstək veririk. Onun həyatı çap etdiklərinə görə təhlükədədir. Biz Bakı rejiminin metodlarını bilirik. Bu rejim hətta öz sərhədlərindən uzaqda da qısnamaqdan, adam oğurluğundan, tənqidi səsləri susdurmaqdan çəkinmir”.

Fransada mənzillənmiş RSF iyunun 3-də verdiyi bəyanatda bildirir:

“Vloger Məhəmməd Mirzəliyə nəsə olsa, biz buna görə şəxsən Əliyevi məsuliyyətli biləcəyik”.

Mirzəli bildirir ki, başqa yerə köçməsinə kömək üçün Human Rights Watch təşkilatına müraciət edib, amma hələ cavab alamyıb.

Təşkilatın sözçüsü AzadlıqRadiosuna deyib:

“Biz bu işdən agahıq, lakin onunla birbaşa əlaqədə olmamışıq. Biz Fransa hakimiyyət orqanlarını onun təhlükəsizliyini təmin etməyə və ona hücumları tez bir zamanda araşdırmağa çağırırıq”.

Mirzəli bundan sonra da Azərbaycan hakimiyyətini tənqid edəcəyini deyir:

“Mənim ölkəm və ailəm Azərbaycan hökuməti tərəfindən təqib olunur. Mən necə sakit dayana bilərəm? İndiyədək danışmışam, bu, lap mənim ölümümlə nəticələnsə də, danışacağam”.

Məqalədə deyilir ki, mayın 2-də Azərbaycanın müxalif fəallarından Bayram Məmmədovun İstanbulda meyiti tapılıb. Onun suda boğulduğu ehtimal olunur.

BBC Türkcə bildirib ki, bu iş üzrə təhqiqat başlanıb. Bəzi Azərbaycan fəalları onun dənizə yıxılıb düşməsi versiyasına və ya intihar etməsinə inanmırlar.

XS
SM
MD
LG