Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Mərkəzi Bankın sədri üç ay öncə heç bir bankın problemi olmadığını demişdi, amma…


Muğan Bank
Muğan Bank

Oktyabrın 19-da Azərbaycan Mərkəzi Bankı "Muğan Bank"ın lisenziyasının ləğvi və banka müvəqqəti inzibatçının təyin edilməsi ilə bağlı məlumat yayıb. Bununla da Azərbaycandakı bankların sayı 23-ə enib. "Muğan Bank" bu il Azərbaycanda bağlanan ikinci bankdır. Daha öncə - may ayında Mərkəzi Bank "Günay Bank"ın bağlanmasına qərar vermişdi. Bütövlükdə 2014-cü ildən bəri Azərbaycanda bank sayı iki dəfə azalıb. Həmin ilin sonunda ölkədə 45 bank fəaliyyət göstərirdi. 2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkədə yaşanan problemlər bir çox bankları sıradan çıxarmış, sonrakı illərdə bu proses səngisə də, bankların sıradan çıxması davam etmişdi.

"Muğan Bank"ın bağlanması ilə bağlı qərardan sonra Mərkəzi Bankın sədri Taleh Kazımovun bir neçə ay öncəki açıqlaması yenidən gündəmə gəlib. Axı Mərkəzi Bankın sədri cəmi üç ay öncə, iyulun 26-da ölkədə heç bir bankda problem yaşanmadığını bildirmişdi. O öz açıqlamasında bildirmişdi ki, "Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır. Mən fərziyyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur". Bu açıqlamadan üç ay keçmədən ölkədə digər bir bankın maliyyə problemləri üzündən sıradan çıxması Mərkəzi Bank sədrini tənqid hədəfinə gətirib. Müstəqil ekspertlərin fikrincə, Mərkəzi Bank daha məsuliyyətli açıqlamalar verməlidir, axı belə açıqlamalar vətəndaşların bank sisteminə güvənini sarsıda bilər.

"Muğan Bank" niyə bağlandı?

Mərkəzi Bankın açıqladığı bilgilərdən aydın olur ki, "Muğan Bank"ın bağlanmasının əsas səbəbi bankın maliyyə göstəricilərinin tənzimləyici orqanın tələblərinə cavab verməməsidir. Həmin açıqlamada deyilir ki, məcmu kapital miqdarının banklar üçün müəyyənləşdirilən minimum miqdardan, məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğuna, cari fəaliyyətini güvənli və prudensial (bankın güvənli işinin təmin edilməsinə hesablanmış normativ, qayda, tələb və göstərişlərə əsaslanmış davranış, yönəldilmə və nəzarət üsulu – red.) qaydada aparmadığına, eləcə də bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Muğan Bank"ın bağlanmasına qərar verilib.

İlin ilk üç rübünün nəticələrinə görə, "Muğan Bank" aktivlərinin həcmi 648 milyon manat, ayırdığı kreditlərin toplam həcmi 447 milyon manat olub. Bu göstərici ilə bank bazarda ən böyük kredit portfelinə malik 12-ci bank sayılıb. "Muğan Bank"a yerləşdirilən depozitlərin toplam həcmi üçüncü rübün sonunda 322 milyon manat idi. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, "Muğan Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1.4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1.3 faizdir.

Müqayisə üçün: daha öncə bağlanan "Günay Bank"ın uyğun göstəriciləri 0.5-1 faiz arasında idi. Deməli, "Muğan Bank" "Günay Bank"la müqayisədə bir neçə dəfə daha böyük bazar payına sahib olub. Bu ilin əvvəlinə olan göstəricilərə görə, "Muğan Bank"ın ölkə üzrə 23 filialı və 605 əməkdaşı vardı. Başqa deyimlə, "Muğan Bank"ın bağlanması 600-dən çox insanın da işini itirməsi ilə nəticələnib.

Əmanətlərin taleyi

Mərkəzi Bankın açıqlamasında o da bildirilir ki, 2023-cü ilin üçüncü rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya edilən), yəni əmanətçilərə qaytarılacaq vəsaitin həcmi 216.7 milyon manat olub. Bu ilin üçüncü rübünün sonuna – oktyabrın 1-nə "Muğan Bank"dakı toplam əmanətlərin həcmi 322.5 milyon manat idi. Depozitlərin 29.4 milyon manatlıq bölümü (9 faizi) hüquqi şəxslərə aid olub. Azərbaycanda uyğun qanunvericiliyə görə, hüquqi şəxslərin bank əmanətləri qorunmur. Bankın maliyyə hesabatında əksini tapan göstəricilərdən bəlli olur ki, "Muğan Bank"da fiziki şəxslərə məxsus vəsaitin 76.6 milyon manatı sığortalanmayıb. Uyğun qanunvericiliyə görə, fiziki şəxslərin 100 min manatadək və illik 12 faizədək olan depozitləri sığortalanıb. Deməli, fiziki şəxslərin 76.6 milyon manatlıq əmanətləri həmin tələblərə cavab verməyib. Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, sığortalanmayan əmanətlər (76.6 milyon manat) bir neçə nəfərə məxsusdur.

Banklar niyə sıradan çıxır?

Azərbaycanda bankların zəifləməsinin həm iqtisadi, həm də siyasi səbəbləri var. İndi ölkənin bank sistemi üçün riskləri artıran başlıca amil haqsız rəqabətdir, axı sosial ödənişlər və dövlət sektorundakı əməkhaqqı kartları təkcə iki banka məxsusdur. Bunlar dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və prezidentin ailə üzvlərinin səhmdarı olduğu "Kapital Bank"dır. Bu iki bank dövlət qurumlarına xidmət göstərdiyindən hər il onlardan milyonlarla manat alır. Ölkə əhalisinin də böyük bölümü maaş və sosial ödənişləri bu banklardan aldığından həmin banklar eyni vətəndaşlara kredit satmaqda da üstünlük qazanmış olur. Bu üzdən indi ölkənin bank sistemində istər aktivlərin, istər kredit portfelinin, istərsə mənfəətin təxminən 80 faizə yaxını dövlətə və "Paşa Holdinq"ə məxsusdur. Əsas gəlirlər bu banklar arasında bölüşdürüldüyündən yerdə qalan banklar bazarda daha az paya sahib ola bilir.

Azərbaycan bank sisteminə xarakterik daha bir risk məmurlarla bağlıdır. Əvvəlki illərin təcrübəsi göstərir ki, məmurların himayədarlıq və ya qeyri-rəsmi yollarla rəhbərlik etdiyi banklar, nə qədər yaxşı maliyyə göstəriciləri olsa da, həmin məmurlar vəzifəsini itirərkən ciddi risklərlə üzləşir. Əslində son bağlanan "Muğan Bank"la da bağlı bənzər iddiaları səsləndirənlər var. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri bu ilin martınadək adıçəkilən bankın səhmdarları arasında olublar. Bu səbəbdən "Muğan Bank"ın bağlanmasına dair qərarı onun Ramiz Mehdiyevə yaxınlığı ilə əlaqələndirənlər də var.

XS
SM
MD
LG