Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:26

MTN polkovnikinin cəzası 12-dən 5 ilə endirildi, amma yenə razı deyil


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun 12 illik həbs cəzası 5 ilə endirilib. Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin sabiq MTN polkovniki barədə hökmü yalnız cəza hissəsində dəyişib. V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi, onun əmlakının müsadirə olunub zərərçəkmişlərdən Akif Qurbanova dəymiş ziyanın ödənilməsinə yönəldilməsi hissəsində isə olduğu kimi saxlanılıb.

Buna da bax: Gözəl Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'

V.Ələkbərovun hədə-qorxu gəlib, yaxud qanunsuz həbs edib böyük məbləğdə pul aldığı iddia olunan zərərçəkmişlərdən yalnız A.Qurbanovun mülki iddiası təmin edilmişdi. Digər zərərçəkmişlərlə bağlı məsələdə isə Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəldi ki, həmin pullar V.Ələkbərova rüşvət kimi verilib, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.

5 milyon yarımlıq iddia

Zərərçəkmişlərdən Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Müsənnif Salahov isə 600 min manatlıq mülki iddia qaldırmışdı. Onlar da apellyasiya şikayəti vermişdilər.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində qərar elan olunmamışdan öncə V.Ələkbərov özü çıxış edib. Deyib ki, haqqındakı hökm əsassızdır:

«Mənə mütəşəkkil dəstənin tərkibində cinayət törətmək haqda ittiham verilib. Amma mütəşəkkil dəstənin kimlərdən ibarət olduğu müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib Akif Qurbanova verilməsi məsələsi də hökmdə öz əksini tapıb. Niyə? Əgər cinayəti mütəşəkkil dəstə törədibsə, mən niyə ödəməliyəm? Mütəşəkkil dəstə anlayışı ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarı var. Xahiş edirəm, bu məsələyə diqqət yetirilsin. Bu qədər ədalətsizlik olmaz axı...».

Buna da bax: Keçmiş MTN generalına 10 il 6 ay həbs

Cinayət işinin materiallarına görə, V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsində 0.18 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzilin üzərinə həbs qoyulub. Hökmdə həmin əmlakların müsadirəsinə qərar verilib.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1 milyon 277 min manat dəyərində hesablanıb.

Bakı Hərbi Məhkəməsinin V.Ələkbərov haqqında hökmündə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndərilməsi məsələsi də öz əksini tapmışdı. Hökmün çıxarılmasından 6 aydan çox vaxt keçsə də, həmin məsələdən xəbər yoxdur.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş V.Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. V.Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

XS
SM
MD
LG