Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

MTN generalına cəza: 12 il həbs, rütbəsi və 7 milyondan çox əmlakı alındı


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Şıxəliyevin general-mayor rütbəsi də alınıb.

Vaxtilə MTN-də Şıxəliyevin tabeliyində işləmiş daha üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Onlar istintaq və məhkəmə dövründə azadlıqda idi. Bu üzdən hökm elan olunanda məhkəmə zalından həbs olunublar.

Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. General Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində ("Sahil" metrostansiyasının üstündəki binada beş ev, Fəvvarələr meydanında, Nizami küçəsində) evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.

Digər təqsirləndirilən şəxslərin də müəyyən əmlakları müsadirə edilib.

Zərərçəkmişlər vaxtilə MTN-də onlardan alınmış pulların geri qaytarılması tələbi ilə məhkəmə prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bu iddialar qismən təmin olunub. Onlar hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Zərərçəkmişlərdən bir neçəsinin məhkəmədə nümayəndəsi olan vəkil Osman Kazımov AzadlıqRadiosuna bildirib ki, kəsilən cəzalardan da narazı qalıblar. Onlar Şıxəliyev və digərlərinə verilən cəzaları yüngül hesab edirlər: "Apellyasiya şikayətində cəzaların ağırlaşdırılması məsələsini də qoyacağıq. Çünki bir manat da olsun, ziyandan ödənilməyib, barışığa cəhd edilməyib. Hansı əsasla onlara güzəşt edilməlidir?".

Xatırlatma

Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli işlərdə hallanıb. Məsələn, Sahib Ələkbərov şərti olaraq "Səid Dadaşbəylinin dəstəsi" adlandırılan işin istintaqını aparanlardan olub. Həmin iş üzrə təqsirləndirilənlər qanunsuz həbs olunmaqla yanaşı, həm də Ələkbərovun işgəncələrinə məruz qaldıqlarını bildirirdilər.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG