Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

'Miss Belarus'un Lukaşenko ilə əlaqəsi


Aleksandr Lukaşenko "Miss Belarus-2018" müsabiqəsinin qalibi Mariya Vasileviç ilə rəqs edir.
Aleksandr Lukaşenko "Miss Belarus-2018" müsabiqəsinin qalibi Mariya Vasileviç ilə rəqs edir.

Bir neçə aydır ki, Belarusda milli gözəllik müsabiqəsinin kastinqləri keçirilir. CurrentTimeTV yazır ki, əvvəlki illərdə iştirakçıların seçimi çox sakit keçirmiş. "Miss Belarus" müsabiqəsi haqqında olsa-olsa dövlət KİV-ləri yazırmış. 2020-ci ilin prezident seçkisindən sonra isə hətta bu müsabiqə belə siyasətdən kənar qalmayıb.

Tələblər

Qaliblik iddiasında olanlara qarşı tələblər çox sərtdir. Qızların yaşı 24-dən aşağı, özləri subay və uşaqsız, boyları ən azı 174 santimetr olmalıdır. Pirsinq və tatuya icazə verilmir.

Bütün bunlara bu il daha bir tələb əlavə olunub: hakimiyyətə loyallıq.

Dövlət telekanalı ONT-nin direksiya rəhbəri Yelena Lobaç bir müsahibəsində hazırda qızların "xüsusi diqqətlə" yoxlandığını deyib. Təşkilatçılar sürprizlərlə üzləşməmək üçün hətta onların Instaqram storilərini (postlar) də yoxlayırlar.

Sentyabrın 10-da Minskdə keçiriləcək müsabiqənin leytmotivi ölkənin keçmişi, indisi və gələcəyi olacaq. "Belarusun obrazı vasitəsilə biz əsl Belarus qadınının obrazını da açacağıq. Qısamüddətli emosiyalarla yaşayanların və əllərində nalayiq sözlərlə dolu plakatlarla etiraz sıralarına qoşulanların yox", – Lobaç dövlət KİV-lərinə müsahibəsində deyib.

Lukaşenko öz tarlasından qarpız yığır
Lukaşenko öz tarlasından qarpız yığır

Rekord az namizəd

Müstəqil KİV-lər "Miss Belarus – 2021" haqqında yazda, regional seçimlər mərhələsində yazmağa başlayıb. Səbəbsə rekord az sayda namizədin iştirak üçün müraciət etməsi olub. Məsələn, Brestdə şəhər kastinqinə cəmi bir namizəd gəlib. Bu şəhər üçün ötənilki rəqəm 20 olub.

Qrodnoda isə müsabiqə bağlı qapılar arxasında keçirilib. Üstəlik, girişi milis qoruyub. Burada şəhər seçimlərinə 23 namizəd qatılıb. Təşkilatçılar dövlət KİV-lərindən olmayan jurnalistləri içəri buraxmayıb və onlara iştirakçılarla ünsiyyəti qadağan edib. Qrodnoda bundan əvvəlki sonuncu kastinq 2018-ci ildə olmuşdu. O zaman müsabiqəyə 80 iştirakçı qatılmış, onlardan 30-u növbəti tura keçmişdi.

Belarus məmurları bu məsələni də inzibati resursları işə salmaqla həll ediblər. Aprelin sonlarında "Belıye xalatı" adlı Telegram kanalı Minsk rayonlar idarəsindən əldə olunmuş bir sənədin fotosunu dərc edib. Sənəddə deyilirdi ki, Milli gözəllik məktəbinə "Miss Belarus" müsabiqəsində iştirak üçün hər rayondan beş qız tələb olunur.

Prezident generallara əkinçilik öyrədir
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Sürətli başlanğıc

PR mütəxəssisi Anna Miroçnik hesab edir ki, bütün bunlarla təşkilatçılar bir zamanlar populyar olan bu müsabiqəyə hörməti qaytara bilməyəcək. Onun sözlərinə görə, "Miss Belarus" iddialı qızlar üçün etibarlı və sürətli start imkanı idi. Ancaq avqust hadisələrindən sonra heç kim reputasiyası bahasına hakimiyyətyönlü layihədə iştirak etmək istəməz. Çoxları risk etməməyə üstünlük verir. O bildirib ki, artıq "Dajınki" və "Slavyanski bazar" kimi, "Miss Belarus" da milli miqyasda maraqlı tədbirdən özünü başqa yerlərdə tapa bilməyənlər üçün müsabiqəyə çevrilib.

Ancaq bu müsabiqənin əvvəllər siyasiləşdirilmədiyini demək də düzgün olmazdı. Belarus Koordinasiya Şurasının feminist qrupunun rəhbəri Yuliya Mitskeviç deyir ki, ölkə prezidenti Aleksandr Lukaşenko, demək olar, bütün finallarda iştirak edirdi: "Sonradan qaliblər onun ətrafını təşkil edir və özlərinə karyera düzəldirdilər".

Feminist qrupu "Miss Belarus"u boykot etməyə çağırıb. Qrupun bəyanatında deyilir ki, gözəllik müsabiqələri mahiyyət etibarilə alçaldıcıdır, Belarusun vəziyyətində isə bu, həm də genişmiqyaslı dövlət zorakılığının ifadəsinə çevrilir.

Belarus parlamentinin deputatı Mariya Vasileviç. 2019
Belarus parlamentinin deputatı Mariya Vasileviç. 2019

Qızlar Lukaşenkonun ətrafında

Mitskeviç deyir ki, qızların Lukaşenko ilə harasa getmək təklifindən imtina etməsi çətindir. Rusiyanın "Proyekt" nəşri ilə "Belsat" telekanalının birgə araşdırma hesabatında deyilir ki, gözəllik müsabiqələrinin keçmiş iştirakçıları çox zaman prezidentin protokol xidmətinin əməkdaşlarına çevrilir. Onlar prezidenti ictimai tədbirlərdə müşayiət edirlər.

2018-ci ildə milli gözəllik müsabiqəsinin qalibi olmuş Mariya Vasileviç tez-tez prezidentin ətrafında görünüb. O, sonradan "Miss dünya" müsabiqəsində "Miss Avropa" titulunu qazanıb. 2019-cu ildə isə Vasileviç heç bir siyasi təcrübəsi olmadan Belarus parlamentinin ən gənc deputatına çevrilib.

Britaniyanın "The Times" nəşri 22-yaşlı Mariya Vasileviçin Lukaşenko ilə romantik əlaqələrinin olması ehtimalı haqda yazıb. Vasileviç "The Times"ın yazdıqlarını yalan adlandırıb.

Hazırda Vasileviç belarusluların terror fəaliyyəti, ekstremizm və dövlət maraqlarına ağır ziyana görə vətəndaşlıqdan məhrum edilməsi haqda qanunun üzərində çalışır. Bu ittihamı Belarusda etiraz aksiyalarında iştirak edənlərə qarşı irəli sürürlər.

XS
SM
MD
LG