Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Misir Mərdanov: 'Ali məktəbdə dərs demək elə sadə məsələ deyil'


Ə.Abbasov
Ə.Abbasov

Son illər keçmiş nazirlər, yüksəkvəzifəli məmurlardan bəziləri ya Azərbaycan Milli Elmlər Akademiyasında yüksək vəzifələr tutur, ya da müxtəlif universitetlərdə, ali məktəblərdə dərs deyir, elmi araşdırma apardıqlarını bildirirlər. Məsələn, 3 il öncə tutduğu vəzifədən azad edilən, ayda 300 min manat «paket maaş» aldığı iddia olunan, nazirliklə bağlı hay-küylü məhkəmə prosesindən kənarda qalan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi. O, ötən ildən AMEA prezidentinin müşaviridir.

Qurumun saytında yazılır ki, akademiklə bağlı qərar AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında qəbul olunub. O, «informatika üzrə tanınmış mütəxəssis» kimi təqdim edilir, Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının və Ümumdünya Elmlər Akademiyasının həqiqi üzvü, 5 xarici universitetin fəxri doktoru olduğu bildirilir.

«Əli Abbasov 200-dən artıq elmi məqalənin, 10-dan çox monoqrafiya, dərslik, müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Alimin rəhbərliyi ilə 31 fəlsəfə doktoru, 10 elmlər doktoru hazırlanıb», – məlumatda qeyd olunur.

Q.Məmmədov
Q.Məmmədov

Komitə sədri - aqrar müşavir

2015-ci ildə ləğv edilən Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov da artıq AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Üstəlik də, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində torpaqşünaslıq kafedrasının müdiridir.

AMEA-nın saytında yerləşdirilən xəbərdə deyilir ki, «Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar» adlı elmi-praktik seminarda Q.Məmmədov məruzəylə çıxış edib. Məruzə belə adlanıb: «Heydər Əliyevin aqrar siyasəti».

15 il təhsil naziri olmuş Misir Mərdanov isə bir neçə ildir ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

S.Müslümov
S.Müslümov

Dərs deyir

Son 5 ildə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümov vəzifədən çıxarılandan sonra media nazirlikdəki pozuntular, mənimsəmələr və onun həbsi haqda yazsa da, az sonra səsi başqa yerdən gəldi. Keçmiş nazirin ali məktəblərdən birində dərs dediyi, elmlə məşğul olduğu bəlli oldu.

O, iqtisad elmləri doktordur. Yeri gəlmişkən, S.Müslümov hələ nazir vəzifəsindəykən elmi işinin plagiat olması haqda yerli mediada ittihamlar səslənirdi.

Keçmiş maliyyə nazirləri

Prezidentin ötən il «Əməkdar müəllim» fəxri adı verdiyi Əvəz Ələkbərov 1999-2006-cı illərdə maliyyə naziri olub. O, yerli KİV-ə müsahibəsində elmi fəaliyyətlə məşğul olduğunu söyləyib. Nazir vəzifəsindən getdikdən sonra iqtisad elmləri doktoru adı alıb, iqtisadiyyatla bağlı iki kitabı çapdan çıxıb.

F.Yusifov
F.Yusifov

Ə.Ələkbərovun sələfi olmuş Fikrət Yusifov 1994-1999-cu illərdə maliyyə naziri kimi çalışıb. O, üç il öncə mətbuat konfransında Rusiyada elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirib.

Azərbaycan iqtisadi böhrana girdiyi dönəmdə isə Yusifov «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri kimi KİV-də vaxtaşırı analizlərlə çıxış edib, hakimiyyətin yürütdüyü iqtisadi siyasəti dəstəkləyib.

Həm diplomat olan, həm də tədqiqat aparanlar

1990-cı illərin əvvəlində xarici işlər naziri olmuş Həsən Həsənov vəzifədən getdikdən sonra səfir kimi fəaliyyət göstərsə də, ara-sıra özünü ədəbiyyatda və elmdə də sınayıb.

Diplomat 2004-cü ildə Bakıda «SSRİ-də milli təmayülçü hərəkat» mövzusunda namizədlik, 2006-cı ildə Tbilisidə «Tarixin fəlsəfəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, «Tarixin fəlsəfəsi», «Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti», «Türklüyümüz», «Misir omuleti və heroqlifləri Azərbaycanda» adlı monoqrafiyaların, «Azərbaycanın Avropaya inteqrasiyası» əsərinin müəllifidir.

V.Quliyev
V.Quliyev

H.Həsənovun xələflərindən biri, 1999-2004-cü illərdə nazir işləmiş Vilayət Quliyev də diplomatik fəaliyyətlə yanaşı, elmi araşdırmalar və tərcüməçiliklə məşğul olur. Məsələn, o, Corc Oruelin «1984», «Heyvanıstan» əsərlərini Azərbaycan dilinə tərcümə edib. Eləcə də 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunub. Araşdırmaları XIX-XX əsrlərdəki ədəbi mühitin, Azərbaycanın Rusiya, Türkiyə və İranla tarixi, mədəni əlaqələrinin təhlili ilə bağlıdır.

Keçmiş deputat, Milli İstiqlal Partiyasının sədr müavini olmuş Nazim İmanov isə AMEA-nın İqtisadiyyat İnstitutunun direktorudur. «İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə», «Рейтинг Азербайджана в международных сравнительных исследованиях», «Azərbaycanın post-konflikt ərazilərinin bərpası» adlı kitabların müəllifidir.

Əlbəttə, siyahını genişləndirmək olar, nazir və komitə sədrlərinin keçmiş müavinlərinin, şöbə müdirlərinin adlarını da bura əlavə etmək olar, amma bu siyahı da mənzərəni görməyə imkan yaradır.

M.Mərdanov
M.Mərdanov

Misir Mərdanov: «Vəzifədən çıxanda məsləhət oldu ki...»

AzadlıqRadiosu keçmiş məmurlardan birindən, Misir Mərdanovdan bu yöndə suallara cavab almağa çalışıb:

- Misir müəllim, Azərbaycanda son zamanlar bir tendensiya nəzərə çarpır - keçmiş məmurların bir çoxu elm sahəsində, Milli Elmlər Akademiyasında işləməyə meyllənir. Sizcə, səbəb nədir?

- Keçmiş məmurların heç də hamısı elmi seçməyib. Son illərin məmurları arasında təkcə mənəm elmi seçən. Başqa məmur tanımıram.

- Məsələn, keçmiş nazir Əli Abbasov AMEA prezidentinin müşaviridir.

- Müşavir olmaq hələ elmi seçmək deyil. Nazir olarkən də, ondan qabaq da elmi tədqiqatlar aparmışam. Nazir vəzifəsinə gələndə, əlbəttə, vaxt az olur, elə intensiv məşğul ola bilmirsən. Vəzifədən çıxanda da məsləhət oldu ki, mən Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə gəlim. Bura gələndən sonra da tədqiqatlarımı intensiv davam etdirirəm. Özüm haqda bunu deyə bilərəm.

- Bunu sizə kim məsləhət etdi?

- Ölkə rəhbərliyindən dedilər ki, sənə məsləhət görürük filan yerə gedəsən. Mən də gəldim burda işləyirəm.

- Sizcə, keçmiş məmurların sonradan institut direktoru və ya kafedra müdiri işləməsi, universitetlərdə mühazirə oxuması elmə nə verir, nə dərəcədə faydalıdır? Yoxsa bu sadəcə, onlar üçün bir nüfuz məsələsidir?

- Adamın qabiliyyətindən asılıdır. Ali məktəbdə dərs demək elə sadə məsələ deyil. Qabiliyyət, bacarıq varsa, arzu varsa, niyə də olmasın?

- Hazırda dövlət vəzifəsində olanların çoxu elmlər namizədi, elmlər doktoru, professordur, hansısa universitetdə şöbə müdiridirlər və s. Sizcə, yüksəkvəzifəli məmurun buna vaxtı çata bilərmi?

- Mən özüm əvvəlcə elmlər doktoru olmuşam, bundan uzun illər sonra nazir təyin edilmişəm. O başqa məsələ ki, nazirin elmi işlə məşğul olması, ciddi elmlə məşğul olması, əlbəttə, hər adama müyəssər olmaz və çətindir. Hər halda, nazir ola-ola ciddi elmi tədqiqat işi aparmaq, uğur qazanmaq hər adama qismət ola bilməz. Ola bilər, xüsusi istedad olsun, həm elmlə məşğul olsun, həm də o biri işi aparsın.

- Məmurun elmi dərəcə almağa vaxt ayırması həm də kənar işə vaxt ayırması kimi başa düşülə bilərmi?

- «Kənar iş» demək olmaz. Ancaq birbaşa vəzifəsi ilə bağlı olmayan işlərə vaxt ayırmamalıdır.

AzadlıqRadiosu bir sıra keçmiş nazirlərin və komitə sədrlərinin də mövqelərini almağa çalışıb. Ancaq köməkçiləri onların məşğul olduqlarını, sonra əlaqə saxlayacaqlarını bildiriblər.

XS
SM
MD
LG