Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Ararat Mirzoyan KTMT nazirlərinin iclasına getməyəcək


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan

"Biz ümid edirik ki, Yerevan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) səmərəliliyini anlayacaq”.

Bunu iyunun 20-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RIA Novosti agentliyinə deyib.

O Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iyunun 21-də Qazaxıstanda keçiriləcək iclasda iştirak etməyəcəyinə dair xəbəri şərh edərkən bildirib ki, Moskva Yerevanın KTMT platformasının əməkdaşlıq üçün verdiyi bütün imkanları başa düşəcək:

"Mən ümid edirəm ki, bizim erməni partnyorlarımız və biz müttəfiq olaraq qalacağıq. Mən ümid edirəm ki, onlar regional təhlükəsizliyin ən səmərəli yolunun region ölkələri arasında əməkdaşlıq olduğunu anlayacaqlar və KTMT məhz bütün bu imkanları yaradır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan iyunun 19-da xarici işlər naziri Ararat Mirzoyanın KTMT xarici işlər nazirləri şurasının Qazaxıstanda keçiriləcək iclasında iştirak etməyəcəyini bəyan etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə parlamentdəki çıxışında yenidən ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə etmişdi.

Azatutyun yazır ki, KTMT-dən narazılığından başqa Yerevan bu yaxınlarda Moskvaya qarşı çox ciddi ittihamlarla çıxış edib.

Baş nazir Nikol Paşinyan iki KTMT ölkəsini 2020-ci ilin müharibəsinə hazırlıqda iştiraka görə ittiham edib.

Bundan başqa Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq bir xeyli müddətdir ki...

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Təşkilatın 2022-ci ilin noyabrında Yerevanda keçirilən sammitində isə o KTMT kollektiv təhlükəsizlik şurasının bəyannamə layihələrini və Ermənistana birgə kömək tədbirləri haqqında sənədi imzalamamışdı.

Paşinyan bildirirdi ki, bu sənədlərdə Ermənistan-Azərbaycan sərhədində baş verənlərə siyasi qiymət verilməyib və bu isə KTMT-nin öz müttəfiqlik öhdəliklərindən imtinası və Azərbaycanın gələcək təcavüzü üçün “yaşıl işıq yandırılması” kimi qiymətləndirilə bilər.

Bundan əvvəl, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimlərinin keçirilməsinə icazə verməmişdi.

Bütün bunlara baxmayaraq Moskva Ermənistanın KTMT üzvü olaraq qaldığını dəfələrlə və israrla bəyan edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG