Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Deputatlar AZAL-ı kəskin tənqid ediblər


AZAL
AZAL

Yanvarın 19-u Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) ünvanına tənqidlər səslənib.

APA-nın xəbərinə görə, deputat Vahid Əhmədov «Aviasiya haqqında» Qanuna dəyişikliklər edilməsi barədə layihənin müzakirəsində deyib ki, AZAL-ın qiymətləri həddindən artıq yüksəkdir: «AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır. Niyə beynəlxalq aviadaşımalarla məşğul olanlar reyslər həyata keçirməməlidir? Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdırlar? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdim. Orada işlərim uzandığına görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım ki, bileti dəyişdirim. Mənə nümayəndəlikdən bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?».

Buna da bax-'Hələ bu milləti AZAL qədər 'biletinə' dolayan olmamışdı'

RƏQABƏT MƏCƏLLƏSİ QƏBUL EDİLMƏLİDİR

Deputat Əli Məsimli isə deyib ki, AZAL Azərbaycanın dövlət büdcəsinə çox böyük yükdür. O bildirib ki, bu qurumun özəlləşdirilməsi çox vacibdir. Deputat bütün sahələrdə olduğu kimi, aviasiya sahəsində də monopoliyanın aradan qaldırılmasından ötrü Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə AZAL-ın inhisarçı şirkət olması barədə fikirlərlə razılaşmayıb. Onun deməsinə görə, Azərbaycana və Azərbaycandan xaricə hava reyslərinin 52 faizini beynəlxalq şirkətlər, 48 faizini isə AZAL həyata keçir: «AZAL-ın bu gün 17 tarifi mövcuddur. Biletlərin necə dəyişdirilməsi qaydalarda əksini tapıb. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədən, bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda, yenə də yetərincə gəlir yoxdur. Monopoliyaya gəldikdə, aşağı büdcəli «Buta» şirkəti yaranır…».

XS
SM
MD
LG