Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Hər 10 məktəbdən 6-sının binası yararsızdır


Çinli məktəbli qız
Çinli məktəbli qız
Hərçənd ki, dövlət büdcəsinin 1/5 hissəsi təhsilə ayrılır

Tural Bakıdakı 49 nömrəli məktəbin 4-cü sinfində oxuyur. Deyir ki, qışda hava çox soyuq olanda, anası onu məktəbə buraxmır ki, birdən xəstələnər.

Azərbaycanda orta məktəblərin 85 faizi qışda qızdırılmır. Bu, hələ Təhsil Nazirliyinin verdiyi rəqəmdir. Rəsmi rəqəmlərə görə, məktəblərin 65 faizi üç növbədə işləməyə məcburdur, çünki məktəb binası çatışmır. Orta məktəblərin 66 faizi məktəb üçün yararsız olan, uyğunlaşdırılmış binalarda dərs keçirlər. 350 məktəb qəza vəziyyətindədir. Ucqar kəndlərdə 7 minə yaxın müəllim çatışmır. Məktəblərin 10 faizində xarici dil ümumiyyətlə, keçilmir.


Bunlar hələ orta məktəb pilləsində Azərbaycanın təhsil sistemində qarşıya çıxan problemlərdir. Məktəbəqədər və ali təhsil mərhələsindəki çətinliklər isə ayrıca söhbətin mövzusudur.



«Təhsil müəssisələrinə ayrılan vəsait təəssüf ki, müəssisəyə gedib çatmır».
Təhsildə İslahatlara Yardım Mərkəzinin sədri Zəminə Əliqızı deyir ki, Azərbaycanda keyfiyyətli mütəxəssis yetişdirmək, təhsilin keyfiyyətini yüksəltmək üçün bu problemlər həll olunmalıdır. Onun fikrincə, təhsilin əsas problemi onun maliyyələşmə mexanizminin düzgün olmamasıdır. Məsələ burasındadır ki, hər il dövlət büdcəsinin təqribən 1/5 hissəsi təhsilə ayrılır. Əvəzində təhsilin səviyyəsindən şagird Turaldan tutmuş təhsil naziri Misir Mərdanova qədər hamı narazıdır. Bəs nə baş verir? Büdcəyə qəpik-qəpik yığılan vəsait necə xərclənir ki, nəticədə 300 məktəbdə şagirdlər dərsə qorxa-qorxa gəlirlər.


Təhsildə İslahatlara Yardım Mərkəzinin sədri Zəminə Əliqızı: «Hazırkı sistemdə təhsil müəssisələrinə ayrılan vəsait təəssüf ki, müəssisəyə gedib çatmır. Çatsa belə, müəssisənin problemlərini əhatə etmir».


Zəminə Əliqızı deyir ki, təhsil müəssisələrinin maliyyələşməsi ünvanlı olmalıdır – başqa ölkələrdə olduğu kimi, məktəblərin özlərinin bank hesabı olmalı, onlar özləri özlərini idarə etməlidirlər.

Zəminə Əliqızının sözlərinə görə, təhsildə keyfiyyəti yüksəltməyin bir yolu da Azərbaycan müəllimini «Cəbiş müəllim» obrazından çıxarmaqdır. İndi Azərbaycanda müəllimin orta aylıq əməkhaqqı 77 dollardır. Müqayisə üçün deyək ki, Qazaxıstanda müəllimlər 110 dollar, Rusiyada 130 dollar alırlar. İsveçdə isə müəllimin orta aylıq əmək haqqı 5200 dollardır.


İqtisad Universitetinin müəllimi, iqtisadçı-ekspert Azər Mehtiyev də razılaşır ki, dövlət büdcəsinin 1/5 hissəsi təhsilə ayrılsa da, hökumət onun sonrakı taleyi ilə maraqlanmır.



«Bir şagirdin normal təhsil alması üçün il ərzində ona ən azı 1000 dollar ayrılmalıdır».
Azər Mehtiyevin fikrincə, hökumət təhsilə biznes kimi yanaşmalıdır. Yəni pulu elə-belə ayırmamalı, pul qoyub pul götürməlidir. Azər Mehtiyev əlavə edir ki, vaxt gələcək Azərbaycanda neft qurtaracaq. Ona görə də neftdən gələn vəsaiti təhsilə yönəltmək ən effektli yanaşma olardı. İndi Azərbaycanda hər təhsil alana ildə cəmi 135 dollar düşür, bu isə Avropa ölkələri ilə müqayisədə çox kiçik göstəricidir.


Azər Mehtiyev: «Avropa ölkələrində bu vəsaitlər Azərbaycanda olan göstəricidən 15-20 dəfə çoxdur. Bir şagirdin normal təhsil alması üçün il ərzində ona ən azı 1000 dollar ayrılmalıdır».


Dünya Bankının hesablamalarına görə, dünyada iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii resurslar, 64 faizi isə insan kapitalı – təhsilə qoyulan vəsait hesabına baş verir.

BMT-nin İnkişaf Proqramı da Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə ««qara qızılı» «insan qızılı»na çevirək» adlı layihə həyata keçirir. Layihədə nəzərdə tutulur ki, Azərbaycan neftdən əldə olunan gəlirləri insan kapitalına, təhsilin inkişafına yönəltsin. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, layihə ötən il imzalansa da, texniki problemlərə görə onun icrasına keçən həftə başlanılıb. Bir ildən sonra layihə başa çatanda, BMT-nin ekspertləri Azərbaycandakı vəziyyəti təhlil edib hökumətə məsləhət verəcəklər ki, «qara qızılı» «insan qızılı»na necə çevirmək olar.


XS
SM
MD
LG