Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Medvedev: ‘Amerikalılar əməlli-başlı qudurublar’


Dmitri Medvedev
Dmitri Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev teleqram kanalında Amerika senatoru Lindsi Qremi dolayısı ilə hədələyib.

Senator Qrem ABŞ dronu ilə Rusiya qırıcısının toqquşması ilə bağlı insidenti şərh edərkən demişdi ki, ABŞ Amerika obyektlərinə təhlükə yarandığı hallarda Rusiyanın hərbi təyyarələrini vurmalıdır.

Medvedev isə ABŞ-ın Reaper MQ-9 kəşfiyyat dronunun qəzaya uğrayaraq Qara dənizə düşməsinə özünəməxsus şərh verib.

ABŞ rəsmiləri bu hadisə ilə bağlı Rusiyanın Su-27 qırıcılarının pilotlarını “məsuliyyətsiz və qeyri-peşəkar” hərəkətlərdə ittiham etmişdilər.

Rusiyanın Müdafiə Nazirliyi insidenti təsdiq eləsə də, Rusiya qırıcısının ABŞ dronuna fiziki olaraq toxunmadığını bildirib.

Rusiyanın qoyduğu sərhəd

Rusiya bildirir ki, ABŞ dronu Ukraynada gedən hərbi əməliyyatlarla bağlı Moskvanın qoyduğu “hava məkanı sərhədini” pozub.

ABŞ isə Rusiyanın bəyanatını rədd edərək bildirib ki, Moskvanın qoyduğu sərhəd xəttini, habelə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və onun təyyarə və dronları bundan sonra da beynəlxalq hava məkanlarında beynəlxalq qanunların icazə verdiyi tərzdə uçuşlarını davam etdirəcək.

Medvedevin postundan məlum olur ki, o rusiyalı pilotların hərəkətlərini təqdir edir.

O ABŞ-ı Rusiyanın Qara dəniz üzərində qoyduğu sərhədlərə əməl etməməkdə günahlandırıb:

"Ümumən danışsaq, amerikalılar əməlli-başlı qudurublar. Onların nazı ilə oynamaq düzgün deyil.”

O bunun ardınca senator Qremin şərhinə də eyham vurub:

“Yeri gəlmişkən, belə əclafların da başına təyyarə qəzaları gələ bilir”.

Polkovnik Ştauffenberq

ABŞ dronu ilə bağlı insidentdən sonra Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan respublikaçı senator Fox News telekanalında Rusiyaya xəbərdarlıq edilməsinə çağırmışdı:

"Əgər siz bir də ABŞ-ın beynəlxalq sular üzərində uçan hər hansı obyektinə yaxınlaşsanız, təyyarəniz vurulacaq”.

O əlavə edib ki, indi hakimiyyətdə Ronald Reyqan olsaydı məhz belə bir əmr verərdi.

Ötən baharda senator Qrem demişdi ki, “Rusiya silahlı qüvvələrinin sıralarında da polkovnik Ştauffenberq kimi birisi tapılmalıdır”.

Ştauffenberq Adolf Hitlerə sui-qəsd cəhdinə görə tanınır. Rusiya hakimiyyəti və mediası Qremin bənzətməsini Rusiya prezidenti Vladimir Putinin məhvinə çağırış kimi qiymətləndirmişdi.

Bu da xəbər verilir ki, sözü gedən insidentdən sonra, martın 17-də ABŞ-ın eyni modeldən olan dronu elə həmin rayonda uçuşlarını davam etdirib.

Bu da qeyd olunur ki, bu uçuşdan məqsəd həm də qəzaya uğramış dronun qırıntılarının düşdüyü ərazinin müayinə olunmasıdır.

XS
SM
MD
LG