Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Manat MDB-də axırıncı...


►Az qala, 100 faiz dəyərsizləşən manat postsovet ölkələri arasında “lider”dir

“Manat 2015-ci ildə dollara nisbətən 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat postsovet ölkələri arasında "öndədir"”.

İqtisadçı ekspert Samir Əliyev belə deyir.

Ekspert daha sonra fikrini davam etdirir:

“Sonrakı yeri Qazaxıstan (91,46%) və Belarus (54.37%) tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma dərəcəsinə görə (49,15%) 4-cü yerdədir. Tacikistan (30,04%) və Qırğızıstanda (28,82%) ucuzlaşma səviyyəsi təxminən eyni səviyyədədir. Qonşu Gürcüstan larisi isə daha az dəyər itirib (27,40%).

“Ən dözümlü valyuta Ermənistan pulu oldu”

Samir Əliyev bildirir ki, indi ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7% itirib:

“Moldova leyi 25,44% ucuzlaşıb. Qapalı iqtisadiyyata sahib Türkmənistan və Özbəkistanda milli valyutalar, uyğun olaraq, 22,81% və 14,68% dəyərsizləşib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan pulu oldu. Dram 2015-ci ildə cəmi 0,95% ucuzlaşıb”.

“Bütün şərtlər manatın əleyhinə idi”

dram
dram

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, istər daxili, istərsə xarici şərtlər manata müsbət gələcək vəd etmirdi:

“Neft sürətlə ucuzlaşır, ABŞ-ın Mərkəzi Bankı uçot dərəcəsini artırır, ilk devalvasiya, arqumentləşdirildiyi kimi, ölkəyə heç də daha çox xarici valyuta gətirə bilmirdi”.

Ekspert valyuta ehtiyatlarının sürətlə əridiyi son aylara, özəlliklə dekabra diqqət çəkir:

“Mərkəzi Bank bu qərarı vermək məcburiyyətində qaldı. Prosesi daha ağrısız yönəltmək imkanlarından istifadə edilmədi. Fevral devalvasiyasından sonra manatın məzənnəsini yumşaq şəkildə aşağı salmaq olardı. Nəticədə, cəmiyyət və biznesdə düzgün mövqe təmin edilər və valyuta ehtiyatlarının əriməsi də əngəllənə bilərdi”.

“Nəticələr... daha ağır olacaq”

Rəşad Həsənov son devalvasiya sonuclarının əvvəlki ilə müqayisədə daha ağır olacağını düşünür:

“Biznes və bank sektorları ciddi problemlərlə üzləşəcək. Əhali və sahibkarlar borc və kreditlərini qaytara bilməyəcək. Ardınca bank sektorunda iflas riskləri artacaq. Növbəti təhlükə 30-40%-lik infilyasiyanın baş vermə ehtimalıdır. Nəticədə, İstehlak məhsulları və xidmətlər bahalaşacaq və bu, əhalinin gəlirlərini dəyərsizləşdirib, alıcılıq qabiliyyətini azaldacaq. Nisbətən dayanıqlı sektor ərzaq və gündəlik tələbat mallarıdır. Digər sahələrdə vəziyyət acınacaqlı xarakter alacaq”.

XS
SM
MD
LG