Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

Lukaşenka hakimiyyətini uzadır


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Gələcəkdə Belarus ərazisində Rusiya əsgərləri və nüvə silahlarının daimi yerləşdirilməsinə icazə verilir

Belarusda Alyasandr Lukaşenka rejimi konstitusiyaya dəyişikliklər üzrə referendumun baş tutduğunu bildirir. Məqsəd onun hakimiyyətini uzatmaq, Belarusun qeyri-nüvə ölkəsi statusunu ləğv etmək idi. Müxalifət və Qərb referendumu qanunsuz, biabırçılıq adlandırıb.

Minskdə seçki komissiyasının məlumatına görə, səsverməyə gedən seçicilərin 65 faizi dəyişikliklərin lehinə, 10 faizi əleyhinə səs verib.

800-dən çox saxlanan var

Minskdə və başqa yerlərdə səsverməyə, eləcə də Belarusun qonşu Ukraynaya Rusiyanın təcavüzündə roluna böyük etirazlar keçirilib.

Fevralın 28-də Daxili işlər nazirliyi 800-dən adamın saxlandığını bildirir. Belarusdakı insan haqları fəallarının fevralın 27-də verdiyi məlumata görə, azı 530 nəfər həbs olunub.

Konstitusiyaya dəyişikliklər 1994-cü ildən Belarusu idarə edən Lukaşenkanın vəzifə müddətini uzatmasına, siyasətdən gedəndən sonra təqibə qarşı ömürlük toxunulmazlıq əldə etməsinə yol açır.

Həmçinin gələcəkdə Belarus ərazisində Rusiya əsgərləri və nüvə silahlarının daimi yerləşdirilməsinə icazə verilir.

Belaruslular etiraz edir

Fevralın 27-də Litvada Belarusun müxalifət lideri Svetlana Tixanovskaya yüzlərlə həmvətəni ilə birlikdə Minsk rejiminə etiraz aksiyasına çıxıb, Putin ordusunun Ukraynaya hücum üçün bu ölkədən istifadəsi pislənilib.

“Yaşasın Belarus”, “Ukraynaya eşq olsun” şüarları səsləndirməklə onlar sıravi belarusluların Ukraynaya hücuma qarşı olmasını dünyaya anlatmaq istədiklərini deyiblər.

“Ukraynalı qardaşlarımız sükutumuza görə bizi bağışlamaz”, – Litvada yaşayan Tixanovskaya jurnalistlərə deyib.

2020-ci ilin avqustunda mübahisəli prezident seçkisindən sonra Lukaşenka konstitusiyaya mümkün dəyişikliklərdən danışmağa başladı. Həmin seçkilərə qarşı görünməmiş nümayişlər keçirilib, hakimiyyət etirazçılara amansızlıqla divan tutub.

Dəyişikliklər

Altıncı müddətə prezident seçildiyini bildirən Lukaşenka aparıcı müxalifətçiləri həbsə atdırıb. Onu legitim lider kimi tanımayan Qərb isə sanksiyalara əl atıb. Beləliklə də Lukaşenka Rusiya Prezidenti Vladimir Putinin dəstəyindən daha asılı vəziyyətə düşüb.

Konstitusiyaya dəyişikliklər hərəsi beş il olmaqla yalnız iki dəfə prezident seçilməyə imkan verir. Amma bu məhdudiyyət gələcəyə aiddir. Bu isə Lukaşenkanın 81 yaşınadək hakimiyyətdə qalmasına yol açır.

67 yaşlı Lukaşenka üçüncü dəfədir Belarus konstitusiyasını dəyişir.

O, 1996-cı ildə prezident kimi öz səlahiyyətlərini genişləndirdi, parlamentinkini məhdudlaşdırdı. 2014-cü ildə isə prezidentlik müddətinə məhdudiyyəti qaldırdı.

XS
SM
MD
LG