Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

“Korrupsiyaçının Britaniyada evi olmamalıdır”


Baş nazir David Cameron bəyan edib ki, Londonda və Britaniyada ev alan əcnəbilərdən pulun mənşəyi və mənbəyi soruşulacaq

Bu gün Londonda ilk dəfə olaraq Antikorrupsiya sammiti keçirilir.

Britaniya baş nazirinin şəxsən sədrlik edəcəyi bu zirvə toplantısında iştirakçı ölkələrin korrupsiyaya, çirkli pulların yuyulmasına və gizlədilməsinə qarşı mübarizəyə dair tədbirlər paketini qəbul edəcəyi gözlənilir.

Lakin beynəlxalq kampaniyaçılar sözü gedən sammitin ərəfəsində Londonu kəskin tənqid edir və bildirirlər ki, korrupsiya pullarının yuyulması və gizlədilməsi əsas etibarilə Britaniyanın özündə və ölkənin taxt-tac və ada ərazilərində baş verir.

Bu sammitdə 11 ölkə dövlət başçıları ilə təmsil olunur. Tədbirdə ABŞ-ın təmsilçisi kimi dövlət katibi John Kerry iştirak edəcək.

Panama sənədləri ilə bağlı ən çox ifşa və tənqidlərə məruz qalan ölkələrdən biri kimi Rusiya sammitə yalnız xarici işlər nazirinin müavini Oleq Sıromolotovu göndərib, hərçənd Moskva onun sammitdə şəxsən prezident Putini təmsil edəcəyini bildirib.

Bəzi ölkələrin rəhbərləri korrupsiyaçıdır

Dünyada korrupsiya ilə mübarizə aparan ən böyük təşkilat - Transparency International bəyan edib ki, sammitin uğurlu sayılması üçün burada bir sıra konkret sazişlərin imzalanması mühümdür.

İngiltərə və Uelsdə 100 min mülkün sahibi xarici şirkətlərdir. Belə mülklərdən 44 mini paytaxt Londonda yerləşir

Transparency International təşkilatının özü də bir sıra tədbirlər təklif edib. Bunlar korrupsiya pullarının gizlədildiyi maliyyə mərkəzlərinin aşkarlanması, bahalı mülkləri alanların adlarının açıqlanması, korrupsiyaçılara viza verilməsindən imtina olunması, çirkli pulların yuyulmasına və gizlədilməsinə kömək edən bankirlərin, hüquqşünas və mühasiblərin təqib edilməsi, ölkələr arasında korrupsiya ilə mübarizəyə dair məlumatların paylaşılması daxildir.

Transparency International inanır ki, bu sammit uğurlu ola bilər, çünki burada korrupsiya ilə həqiqətən də mübarizə aparmaq istəyən ölkələr iştirak edir.

Təşkilat bildirir ki, bəzi ölkələrdə rəhbərliyin özü korrupsiyaçıdır və buna görə də korrupsiya ilə mübarizə belə ölkələrin ürəyincə deyil.

Vircin adaları təslim olmur

Lakin bu sammitdə hər halda diqqət ev sahiblərinin özündə olacaq.

Panama sənədlərindən varlı və qüdrətlilərin korrupsiyalı və çirkli pulları gizlətdikləri ofşorların əksəriyyətinin Britaniyanın taxt-tac və dəniz ərazilərində qeydiyyatdan keçdiyi bəlli olub.

Panama London sammitində iştirak etməyəcək
Panama London sammitində iştirak etməyəcək

Ofşor şirkətlər İngiltərə və Uelsdə ümumi dəyəri 122 milyard funt sterlinq olan daşınmaz əmlaka sahibdir.

Bu şirkətlərin əsl sahiblərinin kim olduqları gizli saxlanır.

Bütövlükdə Birləşmiş Krallığın 14 dəniz ərazisi və üç taxt-tac ərazisi var.

Dəniz ərazilərindən 7-si və 3 taxt-tac ərazisi – Gernsi, Cersi və Men korrupsiyaya qarşı mübarizə fəallarının tərtib etdikləri siyahılara daxildir.

Ən çox adı çəkilən ərazi Britaniyanın Vircin adalarıdır. Bu muxtar ərazi London sammitinə dəvət edilməyib.

Vircin adalarına dəvətin göndərilməməsi onun ofşor şirkətlərin sahiblərinin adlarını açmaqdan qəti imtina etməsi ilə bağlıdır.

Bu sammitdə Panama da iştirak etmir.

Qanunsuz alınmış mülklər müsadirə olunacaq

Britaniya iyun ayından G20 qrupundan öz ərazisindəki şirkət sahiblərinin və mənfəətdarlarının reyestrinə ictimai giriş verən ilk ölkə olacaq.

Lakin bu qayda yalnız Britaniyanın öz ərazisində qeydiyyatdan keçmiş şirkətlərə şamil olunacaq.

Biz öz daşınmaz əmlak bazarımızı təmizləyəcək və korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur

Vircin adaları kimi ərazilər müəyyən muxtariyyətlərindən fürsətlənərək bu işə qol qoymurlar.

Bununla belə, David Cameron “The Guardian” qəzetinə yazdığı məqalədə bildirir ki, Londonda daşınmaz əmlak alan şirkətlərdən sahib və mənfəətdarlarının adlarının açıqlanması tələb olunacaq.

“The Guardian” yazır ki, İngiltərə və Uelsdə 100 min mülkün sahibi xarici şirkətlərdir. Belə mülklərdən 44 mini paytaxt Londonda yerləşir.

“Biz öz daşınmaz əmlak bazarımızı təmizləyəcək və korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur” – yazır Cameron.

Baş nazir bunu da əlavə edib ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan agentliklər mülk almaq istəyən əcnəbilərdən pulun mənşəyi və mənbəyini xəbər almalı olacaqlar.

Onun sözlərinə görə, artıq alınmış mülklərin sahibləri pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda bu mülklər müsadirə olunacaq.

David Cameron habelə yazır ki, bu sammitdə böyük beynəlxalq idman tədbirlərindən korrupsiya məqsədləri üçün istifadənin qarşısının alınması yolları da müzakirə ediləcək.

“The Guardian” yazır ki, Fransa, Nigeriya və Hollandiya şirkət sahibliyinin ictimailəşdirilməsi barədə razılığa gəliblər. Vircin və Kayman adalarını çıxmaq şərti ilə daha 33 ölkə və ərazi bu razıalaşmaya qoşulacaq.

Bununla belə, bir çox fəallar Vircin və Kayman adalarının ram edilməməsindən məyusluq bildirirlər.

Britaniya hökuməti onların narahatlığını bölüşdüyünü deyir və qeyd edir ki, bu, böyük yolun yalnız başlanğıcıdır.

XS
SM
MD
LG