Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:32

'Kreml oliqarxlarının' sanksiya siyahısı yanvarın 29-dək elan edilməlidir


Yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi “Kreml hesabatı” adlı sənədi açıqlamalıdır. Bu hesabatda prezident Vladimir Putinə yaxın sayılan yüzlərlə oliqarxın qara siyahısı verilir.

Newsweek yazır ki, hazırda oliqarxlar ABŞ-ın qara siyahısından kənarda qalmaq üçün Vaşinqtonda qızğın lobbiçilik kampaniyası aparırlar.

Ötən il prezident Donald Trump Rusiyanın 2016-cı ilin seçkisinə müdaxiləsinə cavab olaraq bir sıra maliyyə sanksiyalarını nəzərdə tutan qanunu imzalayıb.

O vaxt Trump bunu çox könülsüz etmiş və qanunun “ciddi qüsurlara” malik olduğunu bildirmişdi.

Bu sanksiyalara cavab olaraq Putin Rusiyadakı ABŞ diplomatik heyətinin 755 nəfər ixtisar edilməsinə göstəriş vermişdi.

Qanunun “Kreml hesabatı” adlanan nazirliklərarası hissəsi Dövlət Departamentini, kəşfiyyat agentliklərini və Maliyyə Nazirliyini 180 gün ərzində Putinə yaxın adamların adlarından ibarət siyahı tərtib etməyə təhkim edirdi. Sanksiyalar bu siyahıdakı adamlara tətbiq ediləcəkdi.

Bloomberg saytı hələ yanvarın ortalarında bu işlə yaxından tanışlığı olan iki mənbəyə istinadən yazırdı ki, sözü gedən siyahıya düşəcəyini gözləyənlərdən bəziləri bunun onların investisiyalarına mümkün təsirlərini öyrənməyə çalışırlar. Bir başqaları isə ABŞ-dakı müvəkkillərinin məsləhəti ilə holdinqlərinin ləğvinə girişiblər.

Məsləhət və məşvərət

Əvvəllər Dövlət Departamentində Rusiyaya qarşı sanksiyalara baxan rəsmi – Dan Fried Bloomberg-ə bildirib ki, Rusiya biznesmenləri qara siyahıdan kənarda qalmağın mümkün yollarını öyrənmək məqəsədilə Maliyyə Nazirliyinin keçmiş əməkdaşlarından məsləhət almağa çalışırlar.

Fried özü ona edilən bu sayaq xahişləri rədd etdiyini deyib. Bəzi rusiyalılar Vaşinqtona araçılarını göndərirlər.

Kreml hesabatı mahiyyət etibarı ilə Rusiya elitasının qara siyahısı da adlandırıla bilər.

Siyahının açıqlanması və sanksiyaların tətbiqinə başlanması üçün son müddət yanvarın 29-da bitir.

Bu siyahı ABŞ Maliyə Nazirliyində də başağarısına çevrilib, çünki rəsmilər sanksiyaların həddən artıq çox olduğunu bildirirlər. Etibarlı mənbənin məlumatına əsasən, buna görə də nazirlik hesabatın bəzi hissələrini məxfi saxlamaq niyyətindədir. Qanun buna icazə verir.

Adamlara sanksiya siyahısından kənarda qalmaqda kömək edən Vaşinqton firması - Ferrari & Associates qrupunun təsisçisi Erich Ferrari deyir: “Burada söhbət adamların rüsvay edilməsindən gedir. Bu sanksiyalardan dərəcə etibarilə aşağıdır. Yəni burada söhbət aktivlərin bloklanmasından getmir, amma görüntü sanksiyalarda olduğu kimidir. Sən bilirsən ki, pis-pis işlər görənlərin siyahısındasan”.

Korrupsiya indeksi

Bu hesabatda habelə “korrupsiya idekslənməsi” olmalıdır. Bu oliqarxların adları və malik olduqları xarici aktivlərin siyahısıdır. Millət vəkilləri bu siyahının Rusiyaya qarşı gələcək cəzalandırıcı tədbirlər üçün əsas olacağını düşünürlər.

Pricewaterhousecoopers LLP şirkətinin qlobal maliyyə sektorunun başçısı Daniel Tannebaum deyir ki, burada qəribə bir vəziyyət yaranır. Vəziyyətin əsəbiliyi elədir ki, oliqarxlar sanki artıq siyahıya düşmüş şəxslər kimi bizneslərini tələm-tələs yığışdırmağa çalışırlar. Daniel Tannebaum adlarını çəkməsə də onlarca Rusiya şirkətinə məsləhətlər verdiyini deyir.

Hazırda Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı şöbəsi Dövlət Departamenti və Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə bu hesabatın yekunlaşdırılması üzərində işləyir.

Maliyyə naziri Steve Mnuchin Ağ Evdə keçirilən brifinqdə hesabatın tezliklə açıqlanacağını bildirib.

Vaşinqtondakı Gibson, Dunn & Crutcher LLP şirkətinin əməkdaşı və Maliyyə Nazirliyinin keçmiş əməkdaşı Adam Smith deyir kİ, sanksiyaların təsiri onların açıqlanması tərzindən asılı olacaq.

Onun sözlərinə görə, qanun elə yazılıb ki, adminsitrasiyaya fərqli yol tutmaq imkanı da verir. Başqa sözlərlə sanksiyaların tətbiqi prezidentin istədiyi şəkildə ola bilər.

Bu müəyyən mənada siyahının tərtibi üçün seçilmiş kriteriyadan asılı olacaq. Konqres bu işi tamamilə Maliyyə Nazirliyinə həvalə edib.

Xarici Əlaqələr Komitəsinin demokrat üzvü senator Ben Cardin deyib ki, o bu prosesin mümkün qədər şəffaf olmasını istərdi.

Rusiya öz elitalarının müdafiəsinə çalışır. Putin ABŞ sanksiyalarının sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq edib və zəngin rusiyalılara öz aktivlərinin vətənə gətirilməsi müqabilində amnistiya vəd edib. O habelə zəngin oliqarxların dollar aktivlərinin ABŞ Maliyyə Nazirliyinin əlinə keçməməsi üçün xüsusi bondların çap olunmasını təsdiqləyib.

“Ürəkbulandıran münasibətlər”

Beləliklə siyahının tərtib olunması hələ əvəz-əvəz sanksiyalarının yeni dövrəsi demək olmasa da, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya özünün biznes adamlarına qarşı hər hansı cəzalandırıcı tədbirə reaksiya verəcək. O əlavə edib ki, reaksiyanın necəliyini prezident Putin müəyyənləşdirəcək.

Baş nazir Dmitri Medvedev noyabr ayında ABŞ-Rusiya münasibətlərini “ürəkbulandıran” adlandırmışdı.

Konqres Maliyyə Nazirliyindən həm də təklif olunan sanksiyaların Rusiyanın dövlət istiqarazlarına mümkün təsiri barədə məlumat istəyib.

ABŞ-ın Rusiyanın dövlət istiqrazlarına sanksiyalar qoyması ölkənin maliyyə sisteminə böyük zərbə olardı. Söhbət rublun mümkün çöküşündən, kredit faizlərinin artmasından gedir. Hazırda Rusiya Maliyyə Nazirliyi büdcədəki kəsirləri yamamaq üçün istiqrazlardan istifadə edir. 2018-ci il üçün ölkə daxilində 18 milyard dollarlıq kreditə ehtiyac olacağı gözlənilir.

XS
SM
MD
LG